Əhməd Oruc Məzahir Pənahovu saxtakarlıq simvolu adlandırdı
“Məzahir Pənahovun sədrlik etdiyi MSK-nın qeydə aldığı namizədlər də hamısı bir-birinə oxşayır” Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası Azadlıq Partiyasının sədri Əhməd Orucun prezidentliyə namizədliyini qeydə almayıb. Əhməd Oruc tərəfindən təqdim olunan 43 413 imzanın 7578-ni MSK etibarsız hesab edib. Əhməd Oruc isə MSK-nın qərarı ilə razılaşmır. Hesab edir ki, MSK-nın onu qeydə almaması siyasi mövqedir, qərəzlidir.
Bu barədə “Yeni Müsavat”a açıqlamasında Əhməd Oruc bildirdi ki, partiyanın Mərkəzi İcraiyyə Komitəsi sentyabrın 13-də toplantı keçirib və seçki qərargahının Apelyasiya Məhkəməsinə müraciət etməsi barədə qərar qəbul edilib: “Məhkəməyə müraciət edib sonuna kimi çalışacağıq ki, pozulmuş hüquqlarımızı bərpa etdirək. Bizim təqdim etdiyimiz imzaların guya 7 mininin bir-birinə oxşadığı barədə MSK-nın ortaya qoyduğu mövqe tam absurddur. Bizim təqdim etdiyimiz imzalar etibarlı və dəqiq imzalar idi. Görün bu ölkədə nə vəziyyətdir ki, saxtakarlığın simvoluna çevrilmiş MSK, Məzahir Pənahov bizi imza saxtakarlığında suçlayır. Məzahir Pənahov dünyadakı bütün saxtakarlara oxşayır. Bir-birinə oxşayan imzalar ləğv edilirsə, Məzahir Pənahov çoxdan saxtakarlığa görə ləğv olunmalıydı. Məzahir Pənahovun sədrlik etdiyi MSK-nın qeydə aldığı namizədlər də hamısı bir-birinə oxşayır. Hamısı bu hakimiyyəti təbrik eləməyə, saxta seçkiləri demokratik seçki adlandırmağa hazır adamlardır. Mən məhz onlara bənzəmədiyim üçün məni qeydə almadılar. Hakim rejim seçkidə Əhməd Orucla polemikadan çəkindi. Bunlar yalnız onlara təhlükə yaratmayacağından əmin olduqları, özlərininki hesab etdikləri adamları qeydə alırlar”. 
Apelyasiya şikayətinin də müsbət nəticə verməyəcəyi halda başqa hansısa namizədi müdafiə edib-etməyəcəyinə gəlincə, Əhməd Oruc dedi ki, Apelyasiya Məhkəməsi MSK-nın qərarını qüvvədə saxlayacaqsa, Ali Məhkəməyə müraciət edəcək. Ali Məhkəmə də ədalətli qərar çıxarmasa, başqa hansısa namizədi müdafiə etməsi gözlənilmir: “Çünki mənim namizəd kimi oynayacağım funksiyanı qeydə alınmış namizədlərin heç birinin oynaya biləcəyi mümkünsüzdür. Onların heç biri müstəqil deyil. Onlar İlham Əliyevin adını tənqidi şəkildə çəkməkdən belə çəkinirlər. Orada həqiqi müxalifətçi yoxdur”. 
Əhməd Orucun partiyasının Mərkəzi İcraiyyə Komitəsi eyni zamanda MSK-nın qərarı ilə bağlı bəyanat qəbul edib. Bəyanatda MSK-nın qərarının qanunsuz olduğu deyilir, eyni zamanda Azadlıq Partiyasının ölkədə normal, demokratik seçkilərin keçirilməsi və mövcud hakimiyyətdən qurtarmaq üçün mübarizəni davam etdirəcəyini bəyan edir.
E.SEYİDAĞA