Astarada icra məmuru boşanmış qadına qarşı əxlaqsız hərəkət edib? — ŞOK İDDİA + VİDEO
Astara rayon sakini Xəyalə Manafova yaşadığı rayonun icra məmurlarını ona qarşı əxlaqsız hərəkət etməkdə suçlayıb.
Ölkə.Az-ın məlumatına görə, o, bu barədə “Çıxış yolu” verilişində danışıb. O, bildirib ki, 2004-cü ildə Sübhan Mirzəcanov adlı şəxslə ailə qurub və 2009-cu ildə boşanıblar:
“Onun kənarda sevdiyi qadın var idi, birgə yaşayırdılar. Dedim, sən bir qadına çörək verə bilmirsən, ikisinə necə çatdırarsan? Ondan sonra gəldi məni döydü, polisə düşdü. Qızımız Məleykə mənimlə qalır”.
Maddi durumunun ağırlaşdığını görən Manafova 2013-cü ildə aliment tələbiylə məhkəməyə müraciət edir. Onun sözlərinə görə, həyat yoldaşı aliment verməkdən imtina etdiyi üçün ona cinayət işi açılıb və həbs edilib. Ondan sonra Mirzəcanov alimentin 600 manatını ödəyib. Şikayətçi bildirib ki, Astara Rayon Məhkəməsinin Sənan adlı icra nümayəndəsi ona çatacaq 600 manat alimentin 300 manatını mənimsəyib:
“Dedi ki, get, sonra gələrsən, üç yüz manatını da verərik. Amma vermədi”.
X.Manafova iddia edib ki, bununla bağlı Sənanla mübahisə edərkən, Əli adlı digər nümayəndə onu otağa dəvət edib:
“Getdim Sənanın yanına, başladı qışqırmağa. Əli gəlib məni otağına saldı ki, guya sakitləşdirsin. Əli dedi, bazar günləri evdə oluruq, işləmirik. Gördü mən qışqıracağam, qapını açdım, çıxdım çölə”.
Adı çəkilən şəxslər iddiaları rədd ediblər.