“Ağdam RİH başçısının müavini 5 min manat pulumu aldı, özümü də kanala atdırdı” – ŞİKAYƏT
Ağa Zeynalov: “Fəridə Vəliyevanın başı çatmır, atası da ondan imtina edib”

Fəridə Vəliyeva: “Mənim atam həyatda deyil, o necə ərizə yazıb məndən imtina edə bilər?”
Azərbaycanın müxtəlif bölgələrindən uşaq bağçalarına nəzarət edən icra hakimiyyəti məmurlarıyla bağlı vaxtaşırı şikayətlər eşidilməkdədir. LEGİON daim vətəndaşların şikayətini araşdırıb, bu və digər problemlərin həllinə çalışıb. Bu günlərdə Ağdamın Baharlı kənd sakini Fəridə Məhərrəm qızı Vəliyevanın müraciəti diqqətimizi çəkdi və bu xanımı dinləyərək, şikayətini araşdırmağa qərar verdik.
“1988-ci ildən Baharlı Kənd Uşaq Bağçasında tərbiyəçi işləyirdim. Heç vaxt nə kollektivlə, nə uşaqlar və ya onların valideynləriylə, nə də başqa bir problemim olmayıb. Son illərdə Ağdam RİH-də bağçalara nəzarət edən Ağa Zeynalov biz tərbiyəçilərdən davamlı pul yığımına başlayıb və müxtəlif aylarda cürbəcür bəhanələrlə bizdən pul alıb. Üç-dörd aydan bir kurs adı ilə bizdən 500 manat alırdı. Bizim maaşımız isə 144 manat idi və bu pul elə Ağa Zeynalovun “yığım”larına gedirdi.
2015-ci ilin avqustunda Ağa Zeynalov mənə bildirdi ki, ixtisar olacaq, əgər işdə qalmaq istəyirsənsə 5 min manat gətirməlisən. Mən borc-xərclə bu pulu hazırladım və rayon mərkəzindən aralıda, artezian yaxınlığında ona 5 min manatı əlbəəl verdim. Ağa Zeynalov pulu almağa qara rəngli “Hundai Sonata” ilə gəlmişdi.
Bir müddət sonra eşitdim ki, ixtisara düşmüşəm. Ağa Zeynalovun yanına gedib ondan pulumu geri istədim. O isə dedi ki, sənə bir qəpik də verməyəcəm. Başçı Raqub Məmmədovun qəbuluna düşmək istəsəm də, heç cür buna imkan vermədilər. Nəhayət, dekabr ayında növbəti dəfə pulumu tələb edib, yenə də evə kor-peşman qayıdarkən, “Niva”da olan iki şəxs yaxınlaşaraq, başıma torba keçirdilər. Məni Ağcabədi rayon ərazisinə aparıb, kanala atdılar. Həmin şəxslər mənə Ağcabədidən olduqlarını və Ağa Zeynalovun sifarişini pulla yerinə yetirdiklərini dedilər. Mən kanaldan necə xilas oldum, bir Allah bilir. Kanalın kənarındakı armaturlardan yapışıb birtəhər özümü kənara çıxara bildim. Ondan sonra köməyə çatan şəxslər məni xəstəxanaya apardılar, amma kimin etdiyini biləndə orda da məni qəbul etmək istəmədilər. Qolumda, qıçlarımda sınıq var idi. Nə Ağdam Rayon Xəstəxanası, nə də Ağdam RPŞ yaxın düşmədi. Özüm sınıqçıya getdim və evdə müalicə aldım. Hara müraciət etsəm də, heç bir nəticə hasil olmur. Ağa Zeynalov mənim guya qohumlarımın adından saxta imtina ərizələri hazırlayıb, haqqımda xoşagəlməz şayiələr yayır”, - deyə Fəridə Vəliyeva bildirib.
Biz məsələyə aydınlıq gətirmək üçün, Ağdam RİH başçısının müavini Ağa Zeynalovla əlaqə saxladıq. “O xanım müxtəlif qurumlara, prokurorluğa da müraciət edib. Atası da, yaxın qohumları da ondan imtina ediblər. Fəridə Vəliyeva böhtan atır. Mən onu tanımadığım halda, necə pul ala bilərəm? Atası, 1940-cı il təvəllüdlü Məhərrəm Mahmud oğlu Vəliyev ərizə yazaraq, ondan imtina edib və Fəridə Vəliyevanın mənə böhtan atdığını təsdiq edib. Fəridə Vəliyeva iki ay işə getmədiyinə görə, bağça rəhbərliyi tərəfindən işdən azad edilib”, - deyə A.Zeynalov vurğuladı.
“Bəs o xanımın sizlə nə qərəzi ola bilər?”, - deyə soruşduq. “Onun başı çatmır. Psixi problemləri var”, - deyə A.Zeynalov cavab verdi. Ağa Zeynalov LEGİON əməkdaşına söz verdi ki, 8 dekabr 2016-cı il tarixli ərizəni imzalayan Məhərrəm Vəliyevlə bizi şəxsən əlaqələndirəcək. LEGİON əməkdaşı Fəridə Vəliyeva ilə yenidən əlaqə saxladı. “Ağa Zeynalov şayiə yayır ki, guya mən ruhi xəstəyəm və ailəm məndən imtina edib. Müxtəlif şəxslərə ərizə imzalatdırır. Qoy prokurorluq araşdırsın, onun ərizə imzalatdırdığı adam həqiqətən də mənim atamdırmı? Mən yetim qızam, mənim valideynlərim həyatda yoxdur, necə olur ki, məndən imtina etsinlər. O adam kimdirsə, mənim atam deyil. Bu yaxınlarda könüllü psixiatrik müayinədən də keçəcəm və sübut edəcəyəm ki, mənim ağlım başımdadır və Ağa Zeynalova böhtan atmıram.
Bağça müdirəsi Lətafət Aslanova və onun əri Elnur Məmmədov da Ağa Zeynalovla əlbirdirlər. İllərdir tabeli gizlədirlər, ondan-bundan pul alırlar. Özüm şəxsən əlbəəl Lətafət Aslanovaya dəfələrlə pul vermişəm, onun əri Elnur Məmmədovun adına da bir neçə dəfə poçtla pul göndərmişəm. Onlar tabeli qəsdən gizlədirlər ki, sabah şikayət gələndə özlərinin “haqlı” olduqlarını göstərsinlər ”, - deyə F.Vəliyeva qeyd edib. Yazı sayta gedənə qədər Ağa Zeynalovdan və ya Fəridə Vəliyevanın qohumlarından zəng gözləsək də, gözləntilərimiz boşa çıxdı.
Araşdırma davam edir...

Sözardı: Ağdam RİH başçısının müavini Ağa Zeynalovla bağlı google-da kiçik araşdırma apararkən, onun 2009-cu ilə qədər Müsavat Partiyasının üzvü olması ilə bağlı məlumatlara da rast gəldik (azadliq.info). Diqqətimizi çəkən bu məlumatın həqiqətə uyğun olub-olmadığını yoxlamaq üçün, yenidən Ağa Zeynalovun iş nömrəsinə zəng etdik, lakin dəstəyi götürən olmadı.
Rüfət Əhmədzadə

LEGİON