Gömrük Komitəsi Baş Prokurorluqdan və DİN-dən xəbərsiz tədbir keçirə bilərmi?
“Sədərək” və “Binə” ticarət mərkəzlərində keçirilən “üstüörtülü” tədbir hansı məqsədlərə xidmət edib?

Dekabrın 26-da Dövlət Gömrük Komitəsi (DGK) Bakı Baş Gömrük İdarəsi tərəfindən «Binə» və «Sədərək» ticarət mərkəzlərində reyd keçirməsi barədə məlumat yaydı. Məlumatda bildirilir ki, bəzi iş adamları gömrük qaydalarını pozmaqla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə pirotexniki və tezalışan mallar gətirməyə cəhd göstəriblər. Bununla bağlı Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının «Binə» və «Sədərək» ticarət mərkəzlərində həyata keçirdiyi əməliyyatlarda külli miqdarda müxtəlif formalı pirotexniki məmulat aşkar edilib. Ticarət mərkəzlərində müxtəlif formalı pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslərdən 53 min 200 ədəd məhsul aşkar edilərək götürülüb (customs.gov.az).
Bu məlumat yayılandan sonra, ictimaiyyətdə bəzi suallar yarandı. Görəsən, “Sədərək” və “Binə”də keçirilən tədbir barədə DİN və Baş Prokurorluğa məlumat verilmişdimi? Ümumiyyətlə, ticarət mərkəzlərində hər hansı reyd və ya tədbir keçirilməsi DGK-nın yurisdiksiyasına daxildir?
LEGİON
əməkdaşı ilk əvvəl DGK-nın mətbuat xidmətinin rəhbəri Natiq Axundovla əlaqə saxladı. “Bəli, o tədbiri Bakı Baş Gömrük İdarəsi həyata keçirib”, - deyə N.Axundov cavab verdi. “Bakı Baş Gömrük İdarəsinin öz əməliyyat aparatı var? Yəni, harda istəsələr, tədbir keçirə bilərlər?”, - deyə soruşduq. “Təbii, təbii ki”, - deyə N.Axundov cavab verdi.
“Bəs o götürülən mallarla, onların necə keçirilməsiylə bağlı araşdırma, istintaq aparılırmı?” – deyə soruşduq. “Mən bu dəqiqə tədbirdəyəm, sonra sizə özüm zəng edərəm”, - deyə DGK rəsmisi dəstəyi asdı. Lakin bir neçə saat ərzində Natiq Axundov nə bizə zəng etdi, nə də zənglərimizə cavab verdi.
DİN-in mətbuat xidmətindən də LEGİON-a bildirdilər ki, Bakı Baş Gömrük İdarəsindən DİN-ə tədbir keçiriləcəyi barədə məlumat verilməyib: “Nazirlik özü də vaxtaşırı belə tədbir keçirir. Bu cür və ya birgə keçirilən tədbirlər barədə rəsmi saytımızda məlumat dərc olunur”.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə zəngimizə cavab vermədi.
Vəkil Ələsgər Məmmədli hesab edir ki, Dövlət Gömrük Komitəsi hüquq mühafizə orqanıdır: “Onlar malların gətirilməsini müəyyən etmək, “İn voice” ilə bağlı araşdırma aparmaq məqsədi ilə tədbir həyata keçirə bilərlər”.
Qafqaz Hüquq Mərkəzinin
baş direktoru, hüquqşünas İlqar Abbasov da DGK əməkdaşlarının müstəqil tədbir keçirmək hüququnu istisna etmir. “Lakin bu barədə müvafiq hüquq mühafizə orqanlarına, o cümlədən, yerli polis orqanlarına da məlumat verilməlidir. Həmçinin, hansısa qanun pozuntusu, cinayət faktı aşkarlanıbsa, bu barədə akt tərtib olunmalı, prokurorluq da məlumatlandırılmalıdır”, - deyə İ.Abbasov vurğuladı.
Biz “Sədərək” və “Binə” ticarək mərkəzlərinə aidiyyatı üzrə nəzarət edən Qaradağ Rayon Polis İdarəsinə zəng etdik. Qaradağ RPİ-nin əməkdaşı baş çavuş Həsənov LEGİON-a bildirdi ki, “Sədərək” və “Binə”də gömrükçülər tərəfindən keçirilən hər hansı tədbir barədə RPİ-nin məlumatı olmayıb: “Bizə bu barədə hər hansı məlumat verilməyib”.
Beləliklə, sual yaranır: “Sədərək” və “Binə” ticarət mərkəzlərində keçirilən “üstüörtülü” tədbir hansı məqsədlərə xidmət edib?
Murad İbrahimli

LEGİON