Bayram günlərində balacalar teatrlarda hansı tamaşalara baxa biləcək? - REPORTAJ
Bayramları hamı sevir. Amma uşaqlar üçün bayramlar başqa özəlliyə malikdir. Balacalar ildə bir neçə dəfə məhz bayram günlərində xüsusi ab-havaya köklənirlər. Valideynlər fürsətdən istifadə edib onları gəzməyə aparır, əyləndirir, şənləndirirlər.

Qarşıdan Yeni il gəlir. Bəs Yeni ildə uşaqları hara aparmaq olar? Onların mədəni istirahətini necə təşkil etmək olar? Bu suallara cavab tapmaq üçün paytaxtın mədəniyyət ocaqlarına üz tutduq.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı balacaların görüşünə yeni tamaşa ilə gəlir. Teodor Syuz Qeyzelin “Yeni ili oğurlayan Qrinç” kitabının motivləri əsasında “Qrinç” adlı tamaşa gənc rejissor Elşad Rəhimzadənin quruluşunda təqdim olunacaq: “Bir bədheybətin qışı oğurlamaq istəməsi və balaca qızcığaz Styunun onu fikrindən daşındırması, hətta onun ürəyinin olmasını yadına salması tamaşaçıların və Styunun bədheybəti bağışlaması və sevməsi ilə nəticələnir. Yəni mənə elə gəlir ki, uşaqlara maraqlı olacaq. Onların sevdiyi nağıl qəhrəmanları var".   
Rejissor bildirib ki, əsas mesaj Xeyirlə Şərin mübarizəsində Xeyirin qələbəsidir. O, tamaşada dinamika və rəngarəngliyin bol olduğunu qeyd edib: “Müasir dövrdə uşaqların diqqətini cəlb etmək çox çətindir. Çalışmışıq ki, maksimum dərəcədə hərəkətli, rəngarəng olsun, uşaqların tanıdığı qəhrəmanları səhnəyə gətirməklə onların marağını cəlb edək. Texnologiya ilə çox yaxındırlar. Biz də çalışırıq ki, teatrı onlara yaxın edək. Bilirsiniz ki, uşağın gözü bir dəqiqədən sonra yorulur. Maksimum dərəcədə çalışmışıq ki, tamaşaçılar da tamaşanın içində olsunlar. 45 dəqiqə uşaq üçün az vaxt deyil. 45 dəqiqə ərzində tamaşaçını yalnız cəlb etməklə saxlamaq olar”.
Tamaşada rolları Kalmıkiyanın əməkdar artisti İlham Əsədov, aktyorlar Günel Məmmədova, Zümrüd Quliyeva, Natiq Fərzəliyev və başqaları ifa edəcəklər. Yeni il tamaşasının quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rəqslərin quruluşçusu Yelena Volkova, rejissor assistenti isə Sevda Hacışəmiyevadır. Səhnə əsəri yanvar ayının 5-dək hər gün saat 12.00, 14.00, 16.00 və 18.00-da nümayiş olunacaq.
Uşaqların sevimli məkanlarından biri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da onların görüşünə yeni tamaşa ilə gəlir. Rejissor Anar Məmmədov onlar üçün maraqlı süjetə malik səhnə əsəri hazırlayıb. O hesab edir ki, son illər yolka ətrafında toplaşmaqdan əlavə, maraqlı uşaq tamaşalarının hazırlanması onların mədəni istirahəti üçün mühümdür. Balacalar ildən-ilə belə səhnə əsərlərinə daha çox maraq göstərirlər. Bu il də istisna deyil. Şaxta Babanın çomağını oğurlayan Küpəgirən qarı və onun əlaltılarının məqsədlərinə nail olub-olmayacaqlarını isə yalnız tamaşaya baxan uşaqlar biləcəklər. Rejissor balacalara maraqlı tamaşa vəd edir: “Tamaşanın adı “Yeni il” nağılıdır. Müəllifi və quruluşçu rejissoru mənəm. Rəssam teatrın baş rəssamı İqbal Əliyevdir. Maraqlı rəqslər, dekorasiyalar var, personajlar mahnılar oxuyurlar. Tamaşada həm canlı plan var, həm də kuklalar. Tamaşanın özəlliyi budur ki, personajlar şuxdurlar, canlı ünsiyyət də olacaq, oyunlar da”.
Tamaşada Yeni ilin əsas personajları olan Şaxta Baba və Qar Qız da var. Hətta Şaxta Baba balaca tamaşaçılar üçün mahnı da oxuyacaq.
Paytaxtın ən böyük mədəniyyət ocağı Heydər Əliyev Sarayı da Yeni il bayramını səbirsizliklə gözləyən tamaşaçıların görüşünə maraqlı repertuarla gəlib. Bu günə qədər saraya yolu düşənlər bir-birindən maraqlı tamaşaları izləmək şansı əldə ediblər. Dekabrın 25-də "Barboskinlərin Yeni il sərgüzəştləri" adlı uşaq tamaşası təqdim olunub. 2 gün öncə isə Rusiyadan gələn kollektiv “Yeni ilin mübarək, Luntik!” adlı uşaq tamaşası ilə çıxış edib.
Zal tamamilə dolu idi. Balacalar maraqla səhnədə baş verənləri izləyirdilər. Rus dilində olsa belə, maraqlı personajlar, rəngarəng dekorasiya, maraqlı gedişat onları cəlb edə bilmişdi. Üstəlik, onlara da bu tamaşanın kiçik bir parçası olmaq imkanının yaradılması balacaların lap ürəyincə oldu.
Növbəti gün isə Heydər Əliyev sarayında Yeni il bayramı münasibətilə uşaqlar üçün “Yeni il nağılı” tamaşası təqdim olundu.
Bu da hələ son deyil. Yanvarın 2-dən 5-ə qədər sarayda "Qar dənəcikləri" adlı Yeni il şənlikləri təşkil olunacaq. Uşaqlarınızın bol əylənməsini, oyunlar oynamasını, üstəlik, hədiyyələrlə sevinməsini istəyirsinizsə, yolunuzu Heydər Əliyev Sarayından salın!
Təkcə saray yox, paytaxtımızın digər mədəniyyət ocaqları da balacaların yolunu gözləyir. Bayramınız mübarək!
lent.az