Yeni ildə azərbaycanlılar ən çox hara üz tutur? - ARAŞDIRMA
- Yeni ili Mingəçevirdə qeyd edəcəyəm. Amma getmək istədiyim şəhər, xarici ölkə kimi Moskvaya getmək istərdim, çünki orda daha maraqlı, şən qeyd olunur Yeni il. Onların bayramı olduğu üçün daha yaxşı qeyd olunur. Qiymətlər bahadır qane eləmir. Münasib olsaydı getmək istərdim. 

- Şəhərdə öz evimizdə qeyd edəcəyəm. Gül kimi yerlərimiz var. Xaricə getmək istəsəydik, çox gözəl şəhərlər var. Fransaya, Amerikaya da getmək olar.

Qiymətlərlə bağlı Gürcüstandır ucuz, bir də Türkiyədir. Qalanları bahadır.

- Yeni ili rayonumuzda, Goranboyda qeyd edəcəyəm. Xaricə İngiltərəyə getmək istəyərəm.

Yeni ili xaricdə qeyd etmək istəyənlərin sayı çoxdur. Bəziləri arzularını reallaşdıra bilsə də, bir çoxları qiymətlərin baha olmasından gileylənir və səfərlərini həyata keçirə bilmir.  Yeni il ərəfəsində isə qiymətlərin daha da bahalaşdığını deyirlər.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, turizm üzrə mütəxəssis Ruslan Quliyev bildirib ki, keçən illə  müqayisədə bu il xarici ölkələrə gedənlərin sayında 30 faizə qədər azalma müşahidə edilir. O əlavə edib ki, oktyabr ayının ilk günlərindən başlayaraq yerli turizm şirkətləri üçün istər ölkədaxili, istərsə də xarici turlar üçün müxtəlif paketlər, eyni zamanda erkən rezervasiya kampaniyası təşkil olunub. Onun sözlərinə görə, erkən rezervasiya kampaniyasında iştirak edən şirkətlər bəlli bir endirimlər edib: "İndi bəziləri qiymətlərin bahalığından şikayətlənir, amma hazırda dediyim o ekonom və standart paketlər artıq demək olar ki, yoxdur. Son paketlər, bir az daha bahalı kateqoriyalı otaqlar qalıb. Xarici turların qiymətləri 4 gecə 5 günlük paketlər 3, 4 ulduz mehmanxanada haradasa 550-650 dollar arası dəyişir. Bura aviabilet, qarşılanma, səhər yeməyi bazasında mehmanxana, bəzi hallarda Yeni il qarşılanması qiyməti də ora daxildir. Bəziləri isə əlavə ödənişlə həyata keçirilir. Turistlər istər mehmanxanada, yaxud mehmanxanadan kənarda hansısa bir mərkəzlərdə öz yeni illərini qarşılaya bilirlər".

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları ənənəvi olaraq Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Moskvada da daxil olmaqla MDB-nin paytaxt şəhərlərinə üz tuturlar. Bundan başqa, Avropanın paytaxt və böyük şəhərlərində yeni ili qarşılamağa üstünlük verirlər. Son zamanlar isə daha çox ekzotik ölkələrə, müxtəlif adalarla səfər edənlərin sayı artıb. Mütəxəssis Yeni illə bağlı Fars körfəzi ölkələrindən paytaxta gələnlərin sayının artığını, daxili turların qiymətlərinin isə 80-130 manat arasında dəyişdiyini bildirib.

Turizm şirkətinin direktoru Abbas Süleymanov isə deyir ki, onlara daha çox Türkiyə, Gürcüstan və Rusiyaya getmək üçün müraciət olunur. Avropa ölkələrindən daha çox Çexiya, Fransa, Şərq ölkələrindən isə ən çox Cənub-Şərqi Asiya ölkələrinə üz tuturlar: "Hər bir büdcəyə uyğun turpaketlərimiz var. Minimal 250-300 dollardan başlayıb 3500, 4000, 5000 dollara qədər dəyişən qiymətlərdir. İstanbulda Yeni il turpaketi 300 dollardan başlayır. Bu qiymətə 5 gün, 4 gecə otel, gediş-dönüş təyyarə bileti, transfer, sığorta və oteldə səhər yeməyi daxildir. Çox uzağa getmək istəməyən insanlar yaxın Gürcüstana gedir. 5 gün 4 gecə yenə gediş dönüş, təyyarə bileti, transfer, sığorta 250 dollar təşkil edir. Avropa ölkələri, ümumi şəkildə desək, minimum olaraq 500 avrodan başlayır. Bura 7 gün 6 gecə otel, gediş-dönüş təyyarə bileti, transfer, sığorta, oteldə səhər yeməyi daxildir".

Müsahibimiz deyir ki, Azərbaycanda otellərdə yerlər keçən ilə nisbətən bu il məhduddur: "Şəki-Zaqatala bölgəsində otellər bir nəfər üçün bir gecəlik 100-125 manat arasında dəyişir. Qəbələ bölgəsində 150-160, digər bölgələrdə 150-200 manat civarında dəyişir".

Bu yerdə məşhur Dolli Partonun bir sözünü xatırlatmaq istərdik: "Göy qurşağını görməyi arzulayırsansa, onda yağışda islanmağa da hazır olmalısan". Odur ki, əliniz cibinizdə olsun... lent.az