Keniyanı qana boğan “əş-Şəbab” haqda ilginc məlumatlar
15 min nəfərə yaxın silahlı döyüşçüsü olan terror təşkilatı Somalinin bir hissəsinə nəzarət edir Ötən həftəsonu Keniyanın paytaxtı Nayrobi şəhərində yerləşən “Westgate” ticarət mərkəzinə terror hücumu hələ də dünyanın bir nömrəli olayıdır. Terrorçuların Keniya paytaxtındakı elit ticarət mərkəzinə hücumu nəticəsində 62 nəfər ölüb, 170-dən çox adam yaralanıb. Hazırda təhlükəsizlik qüvvələri terrorçulara qarşı əməliyyatları davam etdirir. Qeyd edək ki, Nayrobidəki terror hücumunu “əş-Şəbab” təşkilatı öz üzərinə götürüb.
Təşkilatın sözçüsü Əli Tayri quruma məxsus radiolardan biri vasitəsilə bəyan edib ki, hücumu qruplaşmaya məxsus taborlardan biri həyata keçirib. Terror təşkilatı sözçüsü hücumun Keniya hökumətinin Somaliyə hücumuna görə qisas məqsədi daşıdığını bildirib. 
Nayrobidəki terror hücumu 1998-ci ildə “əl-Qaidə”nin ABŞ-ın Keniyadakı səfirliyinə hücumundan sonra ən dəhşətli terror hücumu hesab olunur. Həmin hücum zamanı 200-dən artıq insan öldürülmüşdü. Bir çoxlarına görə, “əş-Şəbab” qruplaşmasının terror hücumu Keniyadan qisas əməliyyatıdır. Məsələ ondadır ki, 2011-ci ildə Afrika Birliyi ölkələrinin birləşmiş silahlı qüvvələri Keniya ordusunun dəstəyi və ABŞ pilotsuz təyyarələrinin köməyi ilə Somalidə yerləşən terror təşkilatına qarşı böyük əməliyyat başlatmışdı. O zaman Keniya ordusu Somali ərazisinə daxil olaraq “əş-Şəbab” təşkilatına ağır zərbələr vurmuşdu. 
“Əş-Şəbab” terror təşkilatı ilk dəfə 2004-cü ildə “Hizbul Şəbab” (Gənclər Partiyası) adı ilə tanınmağa başlayıb. Hərəkatın adı ərəbcədən “Hərəkət əş-Şəbab əl-Mucahidun” (Mücahid Gənclər Təşkilatı) olub, qısa olaraq “əş-Şəbab” kimi tanınır. Radikal dinçi qüvvələrdən ibarət təşkilat üzvləri “əl-Qaidə” terror təşkilatına yaxın qruplaşma hesab olunur. Maraqlıdır ki, “əş-Şəbab” hərəkatının qurucuları daha əvvəl Somalidə əsas İslam cəbhəsi hesab olunan “İslam Məhkəmələri” adlı hərəkatda olub. Ancaq sonradan daha radikal görüşlü şəxslər ayrılaraq “əş-Şəbab” yaradıblar. Radikal islam baxışlarına sahib olan “əş-Şəbab” Somalidə davam edən xaosun əsas “müəlliflərindən” biridir. Təşkilat Somalidə yumşaq “İslam Məhkəmələri” Hərəkatına qarşı düşmən cəbhədə dayanır və ilk dəfə 2009-cu ildə ölkənin prezidenti, keçmiş məktəb müəllimi Şərif Əhmədin hökumətinə qarşı silahlı müqavimət başladıb. “Əş-Şəbab” hərəkatının əsas hədəfi Somalidə İslam hakimiyyəti qurmaqdır. 
15 min nəfərə yaxın silahlı döyüşçüsü olan “əş-Şəbab” tez bir zamanda Somalinin bir hissəsində nəzarəti ələ alıb. Yalnız 2011-ci ildə Afrika Birliyi Somali hökumətini müdafiə etmək üçün qərar qəbul etdikdən sonra Keniya ərazisindən başlayan hərbi müdaxilə nəticəsində Somali ərazisinin böyük bir qismi azad edilib və terror qruplaşmasına ağır zərbələr vurulub. Bu ilin mayın da isə hərəkatın lideri ələ keçirilib. Ancaq bununla belə, hərəkat Somalidə və göründüyü kimi, digər ölkələrdə varlığını hələ də qoruyub saxlaya bilib.
“Əş-Şəbab” yarandığı gündən bu yana Somalidə bir neçə iri terror hücumları həyata keçirib. 2009-cu ildə həyata keçirilən terror hücumu nəticəsində 70 nəfər dinc insan, o cümlədən Somali hökumətinin 3 naziri öldürülüb. Hazırda “əş-Şəbab” beynəlxalq birlik tərəfindən terror qruplaşması kimi tanınıb. Terror təşkilatı hazırkı Somali prezidenti Həsən Şeyx Mahmuda qarşı hücuma hazırlasa da uğursuz olub. Bundan başqa, “əş-Şəbab” 2010-cu ildə Uqandanın paytaxtı Kampalada həyata keçirdiyi terror hücumu zamanı 76 nəfər öldürülüb. 
Maraqlı məlumat ondan ibarətdir ki, “əş-Şəbab” qruplaşması daxilində Amerika və Avropadan da döyüşçülər var. Keniya xarici işlər naziri Amin Məhəmməd mətbuata açıqlamasında bildirib ki, Nayrobidəki ticarət mərkəzinə hücum edənlər arasında 2 və ya 3 amerikalı və bir nəfər britaniyalının olub. Ərəb əsilli bu gənclərin 18-19 yaşları arasında olduğu bildirilir. 
“Əş-Şəbab” hərəkatı radikal islamçı kimliyini hər zaman qabarıq şəkildə nümayiş etdirməyə çalışır. Keniyada hücum zamanı hərəkata bağlı terrorçuların girovlardan İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) anasının adını soruşduğu, bilənləri azad etdiyi haqda xəbər yayıldı. Bundan başqa, Somalidə hərəkatın nəzarət etdiyi ərazilərdə bəzi iri humanitar yardım təşkilatlarının fəaliyyətini əngəlləyib. Bu siyahıya hətta BMT-yə daxil olan bəzi yardım qurumları da daxil olub. Bir qədər əvvəl “əş-Şəbab” hərəkatı Somalidə “sambusak” adlı üçbucaq formasında olan yeməyi (tərəvəz, pendir və ya ətlə doldurulmuş xəmir yeməyi) qadağan edib. Hərəkat bunu absurd bir səbəblə - yeməyin xristianlığın simvoluna bənzəməsi ilə izah edib.
KƏNAN