Moldovalı müğənni Azərbaycan dilində oxudu - VİDEO
Moldovanın paytaxtı Kişinyovda fəaliyyət göstərən “Big Flash Sound” rok qrupu “Cücələrim” mahnsını ifa edib.

Axşam.az-ın məlumatına görə, məşhur qrupun solisti Tatyana Turturean mahnını Azərbaycan dilində oxuyub. 

Tələffüzündə bəzi problemlər olsa da, müğənni sözləri aydın şəkildə tamaşaçılara çatdıra bilib. Qrup mahnının ritminə və ahəngliyinə xələl gətirməmək üçün sözləri tərcümə etdirmədən səsləndirib.

Sözləri Tofiq Mütəllibova, musiqisi Qənbər Hüseynliyə aid olan “Cücələrim” mahnısı, görünür, Moldovada yetərincə məşhurluq qazanıb. Bəstə artıq toyların da əvəzolunmaz musiqisi hesab olunur.

Belə ki, “Big Flash Sound” rok qrupu toy sahiblərinin onlardan repertuarlarındakı musiqilərdən əlavə, “Cücələrim” mahnısını xüsusilə istədiklərini bildiriblər:

"Mahnı ritmik üslubda olduğundan başda gəlin və bəy olmaqla, toya gələnlərin hamısının könlünü oxşayır. Sözlərini anlamasalar belə, toy iştirakçıları musiqinin sədaları altında rəqs etməyi sevirlər".