“Rayondan zəng vurub, deyirlər ki, səni söyürlər” - Fərda Amin ilə müsahibə
Aktyor Fərda Amin son günlər sosial şəbəkələrdə tənqid və təhqirlərə məruz qalıb. Səbəb isə aktyorun “Selfinaz” adlı “stand-up” şousu olub. Bununla bağlı qalmaqal daha da böyüyərək, sosial şəbəkə kontekstindən çıxıb, mətbuatda müzakirə olunmağa başlayıb. 

Azərbaycanda ilk olaraq “stand-up” janrına müraciət edən Fərda Amin mövzu ilə əlaqədar musavat.com danışıb:

- Sizə qarşı olan təhqirlərin bu qədər geniş vüsət alması nə ilə bağlı ola bilər?

- Mənə belə gəlir ki, istənilən halda bu alqışlanası bir hal deyil. Bu, “stand-up”dır. Əgər işləməyə davam ediriksə, sözsüz ki, növbəti iş bundan daha güclü olacaq. Biz də səhvlərimizi gördük, nə etmək lazımdır, nəyi yox deyə... Amma bir daha xatırladıram, 2010-cu ildən bəri mən bu layihəni hansısa Azərbaycan şirkəti ilə etmək istərdim. Onda dekoru da özümüz qurardıq, geyimi də özüm təyin edərdim, yəni hər bir şeyi... Sadəcə onu türk şirkəti aldı. 6 ildən sonra ortalıqda qalan Fərdanın “stand-up”ına onlar sahib çıxdılar. Və onların istəyi idi ki, bizim dekorumuz o cür olsun. Cem Yılmazı dünən internetdən görüb tanıyanlar bu gün mənim dekorumu görüb onunkuna oxşadır. Mən onlardan əvvəl və çoxdan bilirəm ki, bu dekor, hansısa dekora bənzəyir. Bu, sadəcə onların düşünülmüş kommersiya addımıdır, insanların diqqətini “Selfinaz”a, öz layihələrinə cəlb etmək üçün... Bunu da çox gözəl bacardılar, çünki bu işi bilirlər. Amma bunun üzərindən üstümüzə bu qədər gəlinməsi... Cem Yılmazı o qədər tərifləyirlər, elə bil ki, onun... Əgər Cem Yılmazın söyüşünün bircə dənəsini “Selfinaz”da desəydim, bəlkə də məni qovub çıxartmışdılar. Yəni, insanın üzərinə bu qədər gəlmək olmaz. Məni dəstəkləyənlər sağ olsunlar, hamısını alqışlayıram. Bu məsələdə məni dəstəkləyən jurnalistlər də az olmadı. Minnətdaram hər birinə. Düzgün tənqidlərə hər zaman açığam. Tənqidlərə açıq olmasaydım, başqa münasibət bəsləyərdim. Amma tənqidlərdən təhqirlərə keçdilər. Artıq rayondan qohum-qardaş zəng vurub deyirlər ki, səni söyürlər. Bu barədə ordan-burdan, internetdən eşidirlər. İnsan nə qədər ləyaqətsiz, şərəfsiz olar ki, birini tanımadan, bilmədən təhqir etsin. Təhqirə yol vermək olmaz. İnsan tanındı-tanınmadı, sevildi-sevilmədi, fərq etməz, axı bir nəslin nümayəndəsidir. Tənqid et, öz məsləhətlərini ver, məsələn, hansısa zarafat zəif alınıb və sair de, daha çox ziyalı olduğunu iki cümlə ilə başa sal. Amma söymək olmaz ki... Yəni orda söyən adam bilir ki, mənim səhifələrim və “inbox”um var. Söyüşlərini “inbox”a yaz, görək kimin gücü çoxdur, kim kimə nə edə bilir. Bunların hamısı artıq şeylərdir və onlara mənim heç vaxtım da yoxdur, sərf etməyə. Sadəcə artıq boğaza yığıldım... Ümumiyyətlə insan ilkə imza atanda hər şeyə hazır olmalıdır. Amma belə gözləmirdim. Çünki “Selfinaz” kinoteatrda bir aya qədər yayımlandı, mən əgər 10 yaxşı rəy aldımsa, sadəcə bir rəy tənqidi fikir eşitdim. O da yazılıb altından ki, “16 +”. İndiyənə kimi hansı konsertimin altından “16+” yazmışam? 

- Tənqid və təhqirlərdən danışdız, amma özünüz bu günlərdə sizi müzakirə edən şəxsləri sosial şəbəkə üzərindən tənqid və təhqir etdiz. Çoxları sizin bu davranışınızı birmənalı qarşılamadı... 

- Əlbəttə birmənalı qarşılanmamalıdır. Mənim tərbiyəm, beynim nə qədər imkan verdisə, əsəbi olduğumu bildirməmək üçün çox səliqəli şəkildə onlara cavabımı verdim. Və sözümün də arxasındayam, məni təhqir edənlərə qarşı demişəm, bir insan xalqını sevən, onun üzünü güldürən şəxsə nə qədər nifrət etməlidir ki, onun gördüyü bir işin altından onu təhqir etsin? Belə yazan qız və ya oğlansansa, təhqirini mənim “inbox”uma yaz. 

- Bu olaylar sizdə hansısa ruh düşkünlüyü yaratdımı?

- Onlar kimlərdir, bilərəkdən etdilər, ya yox, bilmirəm, amma hər halda ruh düşkünlüyünə qapılmışdım. Amma şükürlər olsun ki, ətrafımızda bizim də dostlarımız az deyil. Oturduq, onlarla da danışdıq. Dostlarım da narahat olmuşdular. Amma qərara gəldik ki, biz bu layihəni davam edəcəyik. Müqaviləmiz iki illikdir. Ondan sonra özümüz öz işimizi görəcəyik. 

- Bundan əvvəl də “Gecə qonağı” filminə görə də tənqidlərə tuş gəlmişdiz. Bütün bunlar sizi sənətdən geri çəkilməyə vadar edib?

- Yox, artıq stimul verir. Amma bunlara daha tez alışmağımın faydaları var. Məncə o şəxslər üzərimə gəlməkdən yorulacaqlar. İndi mənə tənqid yazanların hamısını oxuyuram və onların hamısından bir-bir nəticə çıxardıram. Özümüz özümüzü o tənqidlərin, təriflərin əsasında yonmuşuq. Özümüz öz işlərimizə yenidən telefondan, kompüterdən dəfələrlə baxırıq ki, nəyi daha yaxşı edə bilərdik. Mən inanıram ki, onlar bir müddətdən sonra yorulacaq, deməyə söz tapmayacaqlar. Bir daha qeyd edirəm, tənqid olar, amma təhqir ola bilməz. Əgər tənqidi, tərifi oxuyurlarsa, deməli, təhqiri də hər kəs oxuyur. Qohum-əqrəba, dost-tanış mənə zəng vurur, mən də məcburam ki, reaksiya verim. 

- Ölkə xaricinə, məsələn, Türkiyəyə gedib fəaliyyətinizə orada davam etməyi düşünmüsüzmü?

- Yox. Hazırda bir-iki layihə var. Bu barədə bir neçə gün sonra paylaşım edəcəm. Mən azərbaycanlıyam, fəaliyyətimi də burada davam edəcəm. Ola bilər ki, hansısa layihə çərçivəsində ora gedim, işimi bitirdikdən sonra yenidən qayıdıb, fəaliyyətimi vətənimdə davam edəcəm. 

- Hazırda hansı layihələr üzərində işləyirsiz, yeni nələri təqdim edəcəksiz?

- İnşallah mart ayında bizim Müşfiqlə bərabər, ssenarisi mənə məxsus olan  “Niyə? 2” olacaq. “Niyə?1” artıq var. Bilənlər bilir ki, burada söhbət artıq kimlərdən gedir. Asiman İsabala var, o vaxt “Tam sərbəst”də yaratmışdıq onları. Həmin obrazları yenidən bir araya gətirmişik. İnşallah ki, mart ayında tamaşaçılara təqdim etməyi düşünürük. Həmçinin növbəti “Selfinaz”ı hazırlayıram. Tələbatı nəzərə alaraq, ola bilsin ki, iki gün təqdim etdik. 

- Yeni “Selfinaz”da tənqid və təhqirlərlə bağlı məsələyə də toxunulacaqmı?

- Mütləq... Açılışı elə onunla edərik.

Musavat.com