“Qarabağda qəfil müharibə başlaya bilər”
Bu təhlükə haqda xəbərdarlıq edən Beynəlxalq Böhran Qrupu “Ermənistan və Azərbaycan: risklər mövsümü” adlı hesabat yayıb

 

Qərargahı Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupu bu gün Dağlıq Qarabağ münaqişəsinə dair “Azərbaycan və Ermənistan: risklər mövsümü” adlı hesabatla çıxış edib.
Təşkilatın saytına istinadən xəbər verilir ki, hesabatda beynəlxalq birlik Ermənistanla Azərbaycan arasında “yeni, qəfil ölümcül münaqişənin” başlamasının qarşısını almaq üçün daha qətiyyətli səylər göstərməyə çağırılır.
Hesabatda təşkilatın ekspertləri Ermənistanla Azərbaycan arasında “istənilən vaxt qəfildən başlaya biləcək” yeni müharibə riskini analiz ediblər. Hesabatda deyilir ki, danışıqlar 2011-ci ildən dayanıb, hər iki tərəf silahlanmanı və hərbi ritorikanı gücləndirib.
“Daxili siyasi rəqabətin də gücləndirdiyi bu gərgin situasiyada  ən böyük təhlükə təsadüfi müharibədir” - deyə hesabatda bildirilir.
Təşkilatın ekspertləri göstərirlər ki, 2011-ci ildə danışıqları dayandırandan sonra tərəflər öz hərbi xərclərini daha da artırıblar və qəfil situasiyalar üçün hərbi fəaliyyət planları hazırlamağa başlayıblar. Hesabatda bildirildiyinə görə, təmas xəttində getdikcə artan atışmaların Rusiya, İran və Türkiyənin də cəlb olunduğu irimiqyaslı regional münaqişəyə çevrilməsi riski realdır. 
Beynəlxalq Böhran Qrupunun qənaətinə görə, Ermənistanda müxalifətin planlaşdırılan etirazları, Azərbaycandakı prezident seçkiləri tərəflərə birbaşa danışıqlara başlamaq üçün maneə yaradır. Belə vəziyyətdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri və Avropa İttifaqı gərginliyin artmasına imkan verməmək üçün ayıq olmalıdır. Hesabatda göstərilir ki, xüsusən Rusiya tərəfləri sülh danışıqlarını bərpa etmək üçün daha qətiyyətli səylər göstərməli, münaqişə tərəflərini silahlandırmağı dayandırmağı, həmçinin İsrail və Cənubi Koreya tərəflərə silah satışı ilə bağlı planlarına yenidən baxmalıdır. (virtualaz.org)