Mirvarid Dilbazinin qızı: “Səməd Vurğun anama deyib ki, ərə get...” - MÜSAHİBƏ
Kulis.az “Atamın xatirəsi” layihəsindən Xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi ilə söhbəti təqdim edir. 
- Ənənəvi sualımız var: layihəyə dəvət olunanda ananızla bağlı ilk yadınıza düşən nə oldu?

- Anamla bağlı xatirə çoxdu. Öncə, dedim, sağ olsunlar, anamı yada salırlar. Mənim düşüncəmə görə, bir insan ki, yada salınır, demək o, ölməyib, yaşayır.   
- Tək övladsınız...

- Bəli. Mən Mirvarid xanımın yeganə övladıyam. Ancaq belə başa düşürəm ki, o, təkcə mənim yox, elin anasıdır. Xoşbəxtəm ki, 59 yaşıma qədər anamın yanında yaşamışam.
- Axı öz ailəniz var...

- Mənim həyatım belə alındı ki, anam, həyat yoldaşımı çağırdı, dedi, yeganə qızımı sənə verirəm və o da gəlib bizimlə qalmalı oldu.  
- Sevib ailə qurmamısınız?

- Sevmədən iş olar?
- Həyat yoldaşınız kimdir?

- Zaur Süleymanov. Elmlər namizədidir. Mən şərqşünaslığı qurtarmışam. Əlyazmalar institutunda işləyəndə o da fizika institutunda işləyirdi. Ordan tanış idik. Anam da tanıyırdı. Artıq 51 ildir bir yerdəyik. İki qızımız, üç nəvəmiz var. Xoşbəxtəm. Anam hər şeyi görürmüş... İndi görürəm, kim böyük sözünə baxmırsa, peşman olur. Mən onun məsləhətinə qulaq asdım və heç nədə uduzmadım.     
- Nəvə-nəticələrini gördü?

- Gördü, əlbəttə. Hərdən hamımızı yığıb bağa aparırdı, uşaqlar səs-küs salırdılar. Deyirdim, ana, bu səsdə necə rahat oturursan? Deyirdi, bu səslər mənim üçün layladır.   
- Atanız kim idi?

- Atamın adı Rəşid idi. Anamla əmiuşağıdırlar. Atam məşhur rəqqasə Əminə Dilbazinin qardaşıdır. Anamla atamın soyadları da, atalarının adı da eynidir. Dilbazi Rəşid Paşa oğlu, Dilbazi Mirvarid Paşa qızı. “Zaqs”da məəttəl qalıblar, deyiblər bacı-qardaşlar ailə qurur? (Gülür).
- Yəqin qohumların məsləhəti ilə ailə qurublar...  

- Bu barədə heç nə deyə bilmərəm. Yanlarında olmamışam ki?
- Sizə danışmayıblar?

- Danışıblar. Anamın şeirləri də var atam haqqında. O əsgər gedəndə yazıb. Atam müharibəyə gedəndə mən hələ dünyaya gəlməmişəm. 42-ci ildə doğulmuşam. Özü də qatarda! (Gülür). Anamın anası və bacısı Yaqut – rəhmətlik Vəfa Quluzadənin anası - İncə dərəsində yaşayırmış. Hacı Mahmud ziyarətgahı var orda. Anam da hazırlaşırmış Kazaxa getsin...
- Kazax niyə deyirsiniz? Rusdillisiniz?

- Yox. Rusdilli deyiləm. Kazaxdı dəə... Kazax... Bəs necə deyim?
- Qazax...

- Mənim “nianka”m ukraynalı olub, ona görə bir az rus aksenti qalıb dilimdə...
- Milli şairə öz qızına milli dayə tapa bilmirdi?

- Nə bilim. Yəqin tapa bilməyib....
- Hə... Ananız Qazağa qola düşüb...

- Anamı burdan Əminə Dilbazi qatarla yola salıb. Səməd Vurğunun qardaşı Mehdixan müəllim də Qazaxda katib imiş. Tapşırıb ki, qarşılasınlar. Qatarda ağrısı tutub, əsgərlər onu ayrıca bir vaqona aparıblar. Təsadüfən maşında Tibb Universitetində oxuyan gənc bir qız varmış, onun köməyilə anam məni dünyaya gətirib. Gəncəyə çatanda təcili yardım maşını gəlir, bizi xəstəxanaya aparırlar. Mehdixan müəllim də əl-ayağa düşüb ki, görən bu qadına nə gəldi. Bir dəfə bir qohumum soruşdu ki, Mirvarid xanım, mən sizin kəndinizdə olmuşam, Qazaxdan xeyli aralıdır, ora necə gedəcəkdin? Cavab verə bilmədi. Bax şairlər hamısı belədir. Elə bil yer adamı deyillər.
- Zabitəli qadın idi...

- Elə idi, hə. Ondan həmişə çəkinirdik. Həm də işgüzar idi. Bizi qələmiylə dolandırırdı.
- Atanızdan sonra ailə qurdu...

- Qurdu. Səməd Vurğun onu yanına çağırıb demişdi ki, adına söz çıxardacaqlar, ərə get. Sonra xalasının əri vardı, Əhməd Seyidov, Səməd Seyidovun babası, hörmətli adam idi. O da məsləhət eləmişdi ki, ailə qursun.
- Siz necə qarşıladınız?

- Onda artıq mənim bir qızım vardı. Onun işlərinə qarışa bilməzdim. Seçiminə hörmət edirdim. Anam kişi kimi qadın idi. Heç vaxt heç kəsdən asılı olmurdu.
- Atalığınız kim idi?

- Həsi Abdullayev. Tarix institutunda işləyirdi. Qubadlıdan idi. Yaxşı insanıydı. Mən atasızlıq hiss eləmədim. Anam bəs idi. O, ölən günəcən dünyanı çəhrayı rəngdə görürdüm. Elə bilirdim, hər şey nağıldır. Evə bir az gecikəndə çıxıb məni pilləkənin başında gözləyirdi. Narahat olmasın deyə hər dəfə küçədən avtomat telefonlarla zəng vurub xəbər verirdim. Çantam ikiqəpikliklərlə dolu idi. O vaxt mobil telefon yox idi. Anamdan sonra həyatın rəngi dəyişdi, onun gerçək üzünü gördüm. Ümumiyyətlə, o insan xoşbəxtdir ki, yaxşı valideynləri var.               
- Biş-düşü bacarırdı?

- Bacarırdı, amma vaxtı olmurdu.
- Bəs kim edirdi?

- Köməkçisi vardı.
- Nəyi yaxşı hazırlayırdı?

- Qurutlu xəngəli... Qazaxlılar hamısı qurutlu xəngəli yaxşı bişirir...
- Qurutu da özü hazırlayırdı?

- Hə. Hazırlayıb eyvanda qurudurdu.
- İçki içirdi?

- Qəti şəkildə. Hətta içən qohumlar ondan gizli içirdilər.
- Sizi çox ərköyün böyüdüb.

- Tək uşaq idim. Nazımla oynayırdı. Amma ondan həm də çəkinirdim.
- Siz ondan çox Əminə Dilbaziyə oxşayırsınız. O da deyib-gülən idi.

- Biz qohumlar hamımız biri-birimizə oxşayırıq (gülür). Elədir. Anam da deyirdi bunu. Deyirdi, o tərəfə çəkmisən. Mən deyib-gülməyi, əylənməyi xoşlayan adamam. Əminə xanım da belə idi. Ona görə anam ona acıqlanırdı həmişə. Anamın yanında bərkdən gülmək, ucadan danışmaq, yüngül hərəkətlər etmək olmazdı. Birdən bağa toplaşırdıq, kabab çəkilirdi, bunu içkisiz necə yola verəsən? Keçib evdə gizlin içirdik...
- Bilmirdi içdiyinizi?

- Bilirdi, ancaq onun yanında çəkinirdik.
- “Quran” kitab vardı evinizdə?

- Bizdə həmişə “Quran” olub. Mirvarid xanımın anası namaz qılan idi. Özü də “Quran” oxuyurdu həmişə.
- Hansı dildə?

- Ərəbcə.
- Bilirdi?

- O əlifbanı vaxtı ilə onlara öyrətmişdilər. Şeirləini də əski əlifbada yazıb sonra makinaya köçürürdü.
- Nə vaxt yazırdı?

- Konkret vaxt yox idi. Nə vaxt ilhamı gəlirdi, onda yazırdı. Amma belə həmişə işləyirdi.
- Xalq şairi adını alanda sizin neçə yaşınız vardı?

- Universitetinin şərqşünaslığında oxuyurdum. Anamın 60 yaşı tamam olanda verdilər.
- Sizə kim xəbər verdi?

- Özü.
- Sevinirdi?

- Şöhrətpərəst insan deyildi. Təbii ki, uğurlar onu məmnun edirdi. Ancaq həmişə deyirdi ki, adamı gərək Allah istəsin, adamı gərək xalq istəsin. Onu çox istəyirdilər. Bəzən bağda küçəmiz maşınla dolu olurdu. Heç kimdən pay-filan götürmürdü. Deyirdi, çox istəyən mənə bənövşə gətirsin. Elə bir şeiri də var.                
- Şairlərdən kiminlə dost idi?

- Yaxın dostu yox idi. Tənha adam idi o.
- Kimlərlə ailəvi münasibətiniz vardı?

- Yadımdadır, Bəxtiyar Vahabzadə gəlirdi bizə, Fikrət Sadıq rəhmətlik gəlirdi. Xəlil Rza, Mirzə İbrahimov... İsmayıl Şıxlı ailəsiylə gəlirdi.  
- Yerlibaz deyildi?

- Qəti şəkildə!      
- Axı deyirlər, Səməd Vurğundan üzübəri ədəbi mühitdə yerlibazlıq etməyən qazaxlı omayıb.

- Yalan deyirlər. Anamın ən çox zəhləsi gedən söz “Haralısan” idi. Səməd Vurğun anama el qızı yox, eloğlu deyirdi...
- Sizin şeirə münasibətiniz necədir?

- Əla.
- Ananızın şeirlərindən əzbər bilirsiniz?

- Bildiyim də var, bilmədiyim də. Qəribə-qəribə suallar verirsiz ee... (gülür). Elə bil səhvimi tutmaq istəyirsiz.
- Allah eləməsin... Çalışıram heç vaxt danışmadığınız şeyləri deyəsiniz... Bayaq dediniz ki, ad günün dəyişmişdi...

- Hə. Ad gününü dəyişib mənimlə bir günə - avqustun 19-na saldı.  Səbəbini soruşanda, dedi, 50 illiyimin keçirilməsini istəmirəm. Yay vaxtı şəhərdə adam olmur axı.
- Niyə istəmirdi?

- Qaçırdı belə şeylərdən. Prezident aparatından zəng edirdilər ki, nəyə ehtiyacınız var, deyirdi, heç nəyə. Allah canınızı sağ eləsin! Rəhmətlik Heydər Əliyev onu qucaqlayıb demişdi ki, siz 20-ci əsrin klassik şairisiniz. Qaldığımız binada xatirə lövhəsi də açıldı.
- Nigar Rəfibəylidən sonra ikinci qadın Xalq şairi idi...

- Bəli. Kəfənini alıb çantaya qoymuşdu. Hər dəfə deyirdi ki, ölüb-eləsəm özünüzü itirməyin. Heç nədən qorxmurdu. Camaat gedib qızıl-gümüş alanda bu köhnə qəbiristanlıqda özü üçün yer almışdı. Vəsiyyət eləmişdi ki, məni Fəxri xiyabanda basdırmayın, anamın yanında basdırın. Elə də elədik.         
- Ölümünü necə xatırlayırsınız?

- 2000-ci il zəlzələsindən sonra qaldığımız binaya zərər dəymişdi. Təmir gedirdi deyə anamı “Sovetski”yə, qızımın evinə aparmışdıq. Orda rəhmətə getdi. Əvvəl məndən gizlədilər. Yoldaşımla getdi. Ürəyimə nəsə dammışdı. İnanmayacaqsınız, o an dənizin üzərində anamın yaylıqlı siluetini gördüm. Mənə əl eləyib qaranlıqlara qarışdı. Onu həmişə yanımda hiss edirəm. Evdə böyük fotoşəkili var. Hərdən mənə elə gəlir ki, o şəkil qaşqabaqlıdır, hərdənsə elə bilirəm gözləri gülür. Siz buna inanırsınız?
- İnanıram...

- Mən də inanıram. O, mənimlədir. Həmişə. Hərdən elə bilirəm arxamda dayanıb və çevrilsəm onu görəcəm.
- Nə vaxtsa onunla görüşəcəyinizə inanırsınız?

- Bizi cənnətə, cəhənnəmə ayırmasalar görüşəcəyik. O bizdən uzaqlaşdıqca biz ona yaxınlaşırıq. Əslində, mən ondan heç vaxt ayrılmamışam....