Klinika rəhbəri müstəqil mətbuatı şantajda ittiham edir – ABSURD
Vüqar Cavadov niyə özünü Azər Əmiraslanovun köməkçisi kimi təqdim edir?
Bu günlərdə 365info.az saytında “Əhliman Əmiraslanovun oğlunun başına Sloveniyada nə gəlib?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, Azər Əmiraslanov haqqında iddialar bununla bitmək bilmir. 365info saytının redaksiyasına Əmiraslanovlar barədə maraqlı məlumatlar daxil olub. Belə ki, Bakı şəhərində 060 rəqəmi ilə bitən avtomobil nömrələrinin əksəriyyətinin onlara məxsus olduğu deyilir.
Mənbənin məlumatına görə, Səməd Vurğun küçəsi ,230 D ünvanında yerləşən “A Club”  Əmiraslanovların əyləncə yerinə çevrilib: “Hətta “A Club”un 12-ci mərtəbəsində Azər Əmiraslanovun güzgülü əyləncə evi də var. Baxmayaraq ki, əyləncə evinin altında, yəni 11-ci mərtəbədə Azər Əmiraslanovun dayısı yaşayır. Sonra “Olimpik Star”ın yaxınlığında yerləşən “Şam” restoranının qapısı ilə üzbəüz Xan Şuşinski 158-də üçmərtəbəli villa da Əmiraslanovlara məxsusdur. Həmin villada hətta Əhliman Əmiraslanov işgüzar görüşlər keçirir. Çünki deyilənə görə, həmin obyektlərdə xüsusi tədbir keçirilib və juçok,səs dinləyən aparatların olub-olmamağı yoxlanılıb ki, iş adamları ilə rahat görüşlər keçirilsin.
Redaksiyamıza daxil olan məlumata görə, “ A Club ”da sıravi vətəndaş-müştəri gedib kotlet sifariş etsə, ona rədd cavabı veriləcək. Çünki həmin obyektdə okean balıqları verilir, özü də imkanlı şəxslərin sifarişi ilə. Bir sözlə, “ A Club ”da yoldan keçənə yer yoxdur, ancaq Əmiraslanovların çevrəsi orda oturub istirahət edir, necə deyərlər ictimaiyyətin gözündən qıraq yerdə “asudə vaxt” keçirir.
Sonra əylənmək istəyəndə, elə “ A Club ”un 12-ci mərtəbəsində əylənmək üçün hazırlıq görülür. Baxmayaraq ki, 11-ci mərtəbədə Azər və Tapdıq Əmiraslanovların dayıları yaşayır. Misal üçün, “Azər-Türk” klinikası da Azər Əmiraslanova məxsusdur, ancaq oranı onun koməkçisi Vüqar Cavadov işlədir. Azər Əmiraslanov kimlərəsə pul buraxıb maliyyələşdirəndə, Vüqar Cavadov həmin işdə xüsusi rol oynayır”.
Fevralın 7-də redaksiyamıza zəng edən şəxs (son 4 rəqəmi 65-33 olan nömrədən – red.) özünün Vüqar Cavadovun nümayəndəsi olduğunu bildirdi və “e-mail”imizə məktub göndərdiyini qeyd etdi. Faiq Fərəcov adlı şəxsin elektron poçtundan göndərilən həmin məktubda Vüqar Cavadovun səlahiyyətli nümayəndəsi E.Abbaszadə “imza”sı ilə aşağıdakı xəbərdarlıq yer alıb:
“Sizin tərəfinizdən 04.02.2017-ci il tarixdə səlahiyyətli nümayəndəsi olduğum Cavadov Vüqar İmaməddin oğluna qarşı ağır ittihamlar irəli sürülərək onun haqqında bilərəkdən, qəsdən, mənbəyi məlum olmayan şantaj xarakterli yalan məlumatlar yayılmışdır. Bu azmış kimi yalandan “Qarşı tərəfin fikirlərini öyrənmək üçün dəfələrlə Azər Əmiraslanovun köməkçisi Vüqar Cavadovla əlaqə saxlasaq da, o, bizimlə danışmaq istəmədi”yini qeyd edirsiniz.
Məlumat üçün bildirim ki, V.Cavadov A.Əmiraslanovun köməkçisi deyil. O, Klinikanın direktorudur. Bu sizin V.Cavadovla əlaqə saxlamadan “onun cavab vermək istəməməsi” fikri ilə ictimaiyyətdə əsassız ittihamlarınızın doğruluğunu saxta üsullarla sübut etmək cəhdinizdir.
Bu isə onu göstərir ki, siz planlaşdırdığınız bu şantajı bilərəkdən, düşünülmüş şəkildə yaymaqdasınız. Azərbaycan Respublikasının Konstitusiyası, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 149-cu maddələri, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu istiqamətdə qəbul etdiyi qərarlarını diqqətinizə çatdıraraq, qanunvericiliklə müəyyən edilmiş qaydada haqqında hər hansı bir ittiham edici qərar olmadığı halda onu çox ağır ittihamlarla ittiham etməklə ciddi hüquq pozuntusuna yol verdiyinizi, onun şərəf və ləyaqətinə, o cümlədən sahibkarlıq fəaliyyətinə ağır zərbə vurduğunuzu və bu əməllərə görə qanunvericilikdə məsuliyyət müəyyən edildiyini nəzərə alaraq qısa müddət ərzində təkzib verməyinizi, kütləvi informasiya azadlığından sui-istifadəyə son qoymağınızı, şər və böhtan xarakterli informasiyanın əldə edildiyi mənbəni açıqlamanızı tələb edirik”.

Əvvəla, qarşı tərəfin fikrinə hörmətlə yanaşdığımız üçün, bu məktubu dərc edirik, lakin qeyd etmək istərdik ki, qarşı tərəfə yenidən zəng etdiyimizdə, zəngimizə cavab verən şəxs bizimlə kobud danışdı və suallarımızı cavablandırmaq istəmədi. Əgər belədirsə, hansı “qarşı tərəfin fikri” iddiasından söz gedə bilər? Eyni zamanda, qeyd etmək yerinə düşər ki, Azər Əmiraslanovdan şikayətçi olan Vüqar Bağırov və Emin Hüseynovun anası Lətifə Hüseynova da ölkə mətbuatına Vüqar Cavadovun məhz A.Əmiraslanovun köməkçisi olduğunu bildirib.

V.Cavadov LEGİON-a məhz Azər Əmiraslanovun köməkçisi kimi açıqlama verib. Lətifə Hüseynova mətbuatda övladları Rahib və Emin Hüseynovun borc kitabından çıxarışı da təqdim edib ki, həmin kitabçada Vüqar Cavadovun adı, mötərizədə isə Azər və Əhliman adları, eləcə də 540 min ABŞ dolları göstərilib.

Lətifə Hüseynovanın sözlərinə görə, V.Cavadov dəfələrlə şəxsən ona zəng edib və Azər Əmiraslanova çatacaq pulu şəxsən ona çatdırmasını tələb edib. L.Hüseynova aybaay Azər Əmiraslanova veriləcək pulun sürücü Tural tərəfindən Vüqar Cavadova aparıldığını da qeyd edib. Beləliklə, sual olunur: 365info.az saytı kimə və harda böhtan atıb?
Digər tərəfdən, Vüqar Cavadova və onun “adı məlum olmayan” nümayəndəsinin diqqətinə çatdırırıq ki, şantaj cinayət əməlidir və bu əməldə iştirakımıza dair səsləndirdikləri böhtana görə, onların özləri də məhkəmədə cavab verə bilərlər.
Əgər Vüqar Cavadovun şantaj olunmasına dair qarşı tərəfin hər hansı sübutu varsa, bunu bu və ya digər saytlar vasitəsilə də ictimailəşdirə, yaxud hüquq mühafizə orqanlarına təqdim edə bilərlər.
Hörmətlə, Anar Asim oğlu Qasımov 365info.az-ın təsisçisi və baş redaktoru