Sərvər Mehrəliyev təqaüdə göndərildi, növbə Ramiz Zeynalovundur? – TƏHLİL
Tovuz RİH başçısı Tofiq Zeynalov da oğlunun şübhəli milyonlarına görə cavab verməli olacaqmı?
Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur. DİN-dən faktı təsdiqləyiblər (APA).
Qeyd edək ki, son zamanlarda DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin adı sifarişli həbslərdə hallanırdı.
Məsələn, bu yaxınlarda Qafqaz Xəbər Media Mərkəzində mətbuat konfransı keçirən Tovuz sakinləri İsmayıl və Lətifə Hüseynovlar ailəsi övladları Rahib və Emin Hüseynov qardaşlarının DİN Baş DYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşıoğlu Qoşqar Zeynalovun sifarişilə həbs olunduğunu demişdilər. Bu “sifariş”in həyata keçirilməsində DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Teymur Ağamirovun “fəallıq” göstərdiyi qeyd olunur.
Qafqaznews.az
 xatırladır ki, sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızıoğlu, ötən ilin noyabrından bəri Kürdəxanı təcridxanasında saxlanılan Rahib Hüseynov ev dustaqlığına buraxılıb. Bu barədə Qafqaznews.az-a R.Hüseynovun vəkili Sevil Hacıyeva məlumat verib.
Vəkilin sözlərinə görə, fevralın 15-də Səbail Rayon Məhkəməsində Rahib Hüseynovun ev dustaqlığına buraxılması barədə onun qaldırdığı vəsatətə baxılıb, istintaq və prokurorluğun etirazına baxmayaraq, hakim Azər Tağıyev vəsatəti təmin edib.
“Hakimə obyektiv qərar üçün təşəkkür edirik. Rahib Hüseynov noyabrda həbs olunmazdan bir müddət əvvəl böyrək əməliyyatından yeni çıxmışdı və onun səhhətində ciddi problemlər vardı. Yaxın günlərdə onun Şüvəlanda saxlanılan qardaşı Emin Hüseynovun da ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırmağa hazırlaşırıq”, – deyə S.Hacıyeva bildirib.
Vəkil vurğulayıb ki, istintaqın gedişindən hələ də narazıdır: “Kommersiya fəaliyyəti cinayət işinin predmeti ola bilməz. İstintaq gedirsə, qoy obyektiv getsin, Arif Əsgərov və Elnar Əsgərov da məsuliyyətə cəlb olunsun,habelə, DYPİ əməkdaşı Qoşqar Zeynalovun da gəlir mənbəyi araşdırılsın”.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin marketinq şöbəsinin sabiq müdiri Rahib Hüseynov və qardaşı Emin Hüseynov 2016-cı ilin noyabrında DİN Baş DYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşıoğlu, polis zabiti Qoşqar Zeynalovun şikayəti əsasında həbs olunublar.
S.Hacıyevanın sözlərinə görə, Q.Zeynalov qardaşlardan 3 milyon dollara yaxın pul tələb edir.
“Qoşqar Zeynalov 7 milyon ABŞ dollarını 2011-2012-ci illərdə faizlə, Rahib Hüseynov vasitəsilə Elnar Əsgərova verib. 2013-cü ildə isə Qoşqar Zeynalov Rahib Hüseynova pul vermədiyi barədə ifadə vermişdi, çünki Elnar Əsgərov o pulu özünün verəcəyini vəd etmişdi. Amma indi görünür Rahib Hüseynovu qurban vermək qərarına gəliblər”, – deyə vəkil əlavə edib.
Həmçinin, onu da xatırlatmaq yerinə düşər ki, yanvarın 18-də mətbuata danışan Lətifə Hüseynova bildirmişdi ki, özünün və vəkil S.Hacıyevanın mətbuata açıqlamaları, eyni zamanda Prezidentə edilən müraciət övladlarını həbs etdirən Qoşqar Zeynalov və ailəsi tərəfindən birmənalı qarşılanmır.
“Müstəntiq Teymur Ağamirov mənə zəng edib deyir ki, çox səs-küy salıb Zeynalovları qıcıqlandırmayın. Bəlkə, yumşalıb uşaqları buraxdılar… Ağamirov deyir ki, nə qədər hoppansanız da, başınızdan yuxarı hoppana bilməyəcəksiniz. Mənsə cavab verdim ki, biz hoppanmırıq, haqq-ədalət tələb edirik. Necə olurdu ki, 2014-cü ildə oğlumdan heç bir şikayəti olmadığını yazılı surətdə bildirən Qoşqar Zeynalov indi mənim övladlarımdan şikayət edib tutdurur?
Rahib həbs ediləndə, böyrəyindən təzəcə əməliyyat olunmuşdu. Səhhəti getdikcə pisləşir. Mən müstəntiqə dəfələrlə demişəm ki, Qoşqarla bizi görüşdür. Bir evim var, onu da verirəm, təki balalarımı həbsdə saxlamasınlar. Ölkədən getməyimizi də istəsələr, çıxıb gedərik. Təki o iki balam haqsız yerə, Arif Əsgərovun oyunlarına görə həbslərdə çürüməsinlər”, – deyə L.Hüseynova vurğuladı (legion.az).
Bu və digər məqamlara, habelə, Arif Əsgərovun və Sərvər Mehrəliyevin “tarixə qovuşmasından” sonra, çox güman ki, indi bütün nəzərlər Ramiz və Tofiq Zeynalov qardaşlarına yönələcək.
Görəsən, indi təqaüdə göndərilmək növbəsi Ramiz Zeynalovdadır? Habelə, Tovuz RİH başçısı Tofiq Zeynalov da oğlu Qoşqar Zeynalovun şübhəli milyonlarına görə cavab verməli olacaqmı?
Qafqaznews.az
 ümid edir ki, tezliklə bu və digər suallar öz cavabını tapacaq, ictimaiyyət bir daha ölkənin sahibsiz olmadığına, dövlət başçısının mətbuatı diqqətdə saxladığına əmin olacaq.
Sənan Məmmədli

Qafqaznews.az


Mövzu ilə bağlı linklər:

Arif Əsgərovun həbsdəki baldızıoğlanlarından biri ev dustaqlığına buraxıldı – AÇIQLAMA
“Məmur balalarının milyonluq oyunları övladlarımın həbsinə səbəb olub” – KONFRANS(FOTOLAR,VİDEO) Naziri müavini və DİN generalının övladları iki qardaşın həbsinə səbəb olublar? – VİDEO
Cavid Qurbanov sələfi Arif Əsgərovun “şübhəli” əməllərini ört-bastır edir? – ARAŞDIRMA+AUDİO
“Arif Əsgərov, həyat yoldaşı və oğlu istintaqa cəlb olunmalıdır” – MÜSAHİBƏ

Arif Əsgərovun baldızı və bacanağı ondan İlham Əliyevə şikayət etdi – MƏTN 


Arif Əsgərovun baldızı deputat oğluna 1,7 milyon dollar verməsindən danışdı – NÜANSLAR


Deputatın oğlu milyon yarıma “kollektor” xidməti göstərir?

Arif Əsgərov oğlu naminə bacanağının övladlarını qurban verir? – ARAŞDIRMA(AUDİO)
Əhliman Əmiraslanovun oğlundan Prezidentə şikayət olundu – MƏTN
Ramiz Zeynalovun polis qardaşıoğlu sələmçiliklə də məşğuldur? – ARAŞDIRMA