«Ölüm insanın ən yüksək zirvəsidir»
«Allahla danışıram, özüm də seyidəm»

Faiq Sücəddinov: «İlhamə Quliyeva zəng edirdi ki, gəl gedək restorana, getmirdim»

Əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinovun Lent.az-a müsahibəsini ixtisarla təqdim edirik. 

- Faiq müəllim, nə işlə məşğulsunuz?
 
- Yaradıcılıq elə işdir ki, onunla mütləq hər gün məşğul olmalısan. Sən yaradıcılıqla məşğul olmasan, ritmdən düşəcəksən. Ritm bilirsinizmi nədir? Həyatdır. Yol gedirsən, ayaq səslərin sənin ritmindir. Yatmaq da ritmdir. Ümumiyyətlə, ritm həyatın vurğusudur. Musiqidə belə bir şey var: dörd-dördlük yazanda, beş-dördlük yaza bilməzsən. Ritmin də çərçivəsinin içindən çıxa bilməzsən. Əgər çıxmaq istəsən, işarə etməlisən ki, üç-dördə keçirsən, ya da altı-səkkizə keçirsən. Həyat da belədir.
- Uzun bir sənətkar ömrü yaşamısınız. Artıq 70 yaşa doğru gedirsiniz. Vəziyyət necədir, rahat yaşaya bilirsinizmi?
 
- Çox xoşbəxtəm ki, mən öz işimlə, öz peşəmlə məşğulam. Uşaqkən anam məni musiqi məktəbinə apardı. Onda 6 yaşım vardı. O gündən bu günə kimi mən öz sevimli peşəmlə - musiqimlə bir yerdəyəm. Yaradıcılıq nədir? Yaradıcılıq tək mahnıdan ibarət deyil. Bunun ayrı-ayrı formaları var. Opera, balet, simfoniya, kvartet, simli kvartet, kamera musiqisi və s.
2016-cı ildə Cəlil Məmmədquluzadənin "Ölülər" filminin yeni versiyası çəkilirdi. Tahir İmanov mənim yanıma gəldi. Dedi, Faiq müəllim, biz bir ssenari yazmışıq, istərdik, o ssenariyə uyğun musiqi yazasan. Təbii, musiqi çoxşaxəli idi. Orda hər formalı musiqi oldu; müasir və qədim musiqi. Orda opera müğənnisi də, mahnı ifaçısı da oxudu... Film bitdi, uğurlu oldu, baxış oldu, təbrik elədilər və s.
- Bununla nə demək istəyirdiniz?  
 
- Demək istəyirəm ki, kino dramaturji bir əsərdir. Hər bir əsərin dramaturji məzmunu var. Mahnıda da dramaturgiya ən yüksək notdur.
- Bəs insan həyatında ən yüksək dramaturji not nədir?
 
- Ölüm! Ölüm insanın ən yüksək zirvəsidir.
- Belə bir fikir var ki, 1990-cı illərin əvvəllərində sizi məşhurlaşdıran, daha geniş ərazilərdə tanıdan mərhum İlhamə Quliyevaya yazdığınız mahnılar olub.
 
- Yox, yox... İcazə ver, sənə bir söz deyim. Birincisi, 1990-cı ildə mən Mahnı Teatrının müdiri və bədii rəhbəri idim. O vaxtlar kanal az idi. Dövlət televiziyasından başqa, bircə Sara televiziyası vardı. İctimai Televiziya da yox idi. Allaha şükür ki, bu gün xeyli televiziya kanalımız var. Və təbii ki, məni dəvət edirlər. O ayrı məsələ ki, son zamanlar verilişlərə getmək istəmirəm. Çünki mövzu yoxdur. Yadımdan çıxdı, sözü nəyə gətirirdim?
- İlhamə Quliyeva...
 
- Mən bir mahnımı İlhamə xanıma göstərdim, o da oxudu. Ondan qabaq 1994-cü ildə “Azəri Star” vardı. O gündən televiziya vasitəsilə məni daha geniş şəkildə tanımağa başladılar. Ondan da qabaq çox mahnılar yazmışam. "Vətəndən pay olmaz" mahnımı Mübariz Tağıyev oxumuşdu.
- Şəxsən mən sizi İlhamə Quliyevaya yazdığınız "Neylərsən?" mahnısı ilə tanımışam.
 
- Bu mahnı 1994-cü ilin sonunda gəldi. Və “Neylərsən?”i yazan mən olsam da, bu mahnı mənim yox, İlhamə Quliyevanın həyat və yaradıcılığında dönüş yaratdı. Sonralar isə İlhamə xanım mənim çox mahnımı oxudu.
- İlhamə Quliyeva ilə münasibətləriniz yaxşı idimi?
 
- Tək İlhamə xanım yox, mənim bütün oxuyanlarla münasibətim "siz"dən o tərəfə keçmir. Aramızda həmişə pərdə olur. İlhamə Quliyeva isə deməzdim mənim dostum idi. Amma pis adam deyildi. Tez-tez mənə zəng edirdi ki, Faiq, xahiş edirəm, sabah ad günümdür, sən də gəl. Deyirdim, ay İlhamə, vaxtım yoxdur, özümü pis hiss edirəm, gələ bilməyəcəm.
- Sizi məclisə çağırırdı, getmirdiniz?
 
- Bəli, getmirdim.
- Nə üçün?
 
- Çünki belə şeylərdən qaçıram. Yaxud İlhamə Quliyeva zəng edirdi ki, gəl gedək restorana, getmirdim.
- Nəyi bəhanə edib getmirdiniz?
 
- Mən, ümumiyyətlə, axşamlar çörək yemirəm. İlhamə xanım çox ürəyiaçıq, şən adam idi, amma həmişə onun dəvətlərindən qaçırdım. Mən Rəşid Behbidovu yadıma salmaq istəyirəm. Onunla aylarla oturub mahnı məşq etmişik. O yana-bu yana gedir-gəlirdi və mənə sataşırdı.
- Rəşid Behbudov sataşıb sizə nə deyirdi ki?
 
- Mahnılarım çox xoşuna gəlirdi, mən də cavan bir oğlan. Axırda deyirdi ki, bu mahnını hardan oğurlamısan? Çox mehriban və məzəli adam idi. Şövkət xanımla da işləmişəm. Mənim mahnılarımı çox adam oxuyub. Zeynəb xanım, Nisə xanım, Flora xanım...
- Bəs nə əcəb bu insanlarla yaxın dost deyilsiniz?
 
- Bilirsiniz, dostluq ayrı şeydir, işbirliyi ayrı. İnsanın dostu bir olar, iki olar. Çox mümkün deyil.
- Maraqlıdır, ruhunuzu dincə qoymaq istəyəndə kimlərə qulaq asırsınız? Hansı səs sizə rahatlıq verir?
 
- Mən çox yaxşı bilirəm, kim necə oxuyur. Biri fonoqramla oxuyur, o biri canlı. Kimi pul, kimi sənət üçün oxuyur. Heç kimi tənqid etmək istəmirəm, ancaq musiqi elə bir şeydir ki, sən orda lider olmalısan. Yəni heç kimi yamsılamamalısan. Öz musiqini oxumalısan və səsin az da olsa, fərqli olmalıdır. Mütləq yeni bir şey etməlisən. Sənin kiməsə bənzəməyin özündən daha çox bənzədiyin adamın tarixdə qalmasına xidmət edir.
- Röya ilə işləmisiniz?
 
- Röya da yaxşı müğənnidir. Onunla da işləmişəm. Bir neçə mahnımı oxuyub. Bir mahnı da vermişəm, yaxınlarda oxumalıdır.
- Yazdığınız mahnılara görə çoxmu qonorar alırsınız?
 
- Xahiş edirəm, bu söhbəti eləməyək. Təbii, qonorar da olmalıdır. Amma belə şeyləri danışmaq ayıbdır. Mən ciddi adamam.
- Cavanşir Quliyev necə bəstəkardır?
 
- Çox gözəl.
- Cavanşir müəllim ictimai-siyasi məsələlərdə daha aktivdir. Sizdə isə əksinədir.
 
- Hər insan öz həyatını yaşayır. Kiməsə müdaxilə eləmək ki, sən niyə belə danışırsan, olmaz! Bəlkə Cavanşir siyasətə daha meyllidir, ona görə aktivdir. Məsələn, mən də siyasəti sevirəm və onu izləyirəm, öz fikrim var.
- Nədir öz fikriniz?
 
- Mən prezidentimizi dəstəkləyirəm. Bu gün biz çox çətin bir zamanda yaşayırıq. Hər yerdə müharibə gedir, hər yerdə dəhşətdir. Amma Allaha şükür, Azərbaycanda əmin-amanlıqdır. Bizim gözəl, güclü ordumuz var. Dövlətimiz qüdrətlidir. 90-cı illərdə tez-tez xaricə gedirdim, nə qədər eləyirdim, Azərbaycanı heç kim tanımırdı. Şükürlər olsun ki, bu gün ölkəmizi dünya tanıyır.
- Siz necə bilirsiniz, dünya ölkəmizi nəyi ilə tanıyır?
 
- Tək neftə görə yox, mədəniyyətinə, tarixinə, idmanına və təbii ki, muğamına görə də tanıyır. Uzağa getmək istəmirəm, 2014-cü ildə ölkəmizdə Avropa Oyunları keçirildi. 2015-ci ildə isə Soçidə Olimpiya oyunları oldu, keçən il də Rioda. Bu oyunların heç biri bizdə keçirilən Avropa Oyunlarının balaca bir zərrəsi də ola bilmədi. Azdırmı bu? Mənim evimdə formam var, onu geyinib əlimdə məşəl qaçırdım. Bu, tarix kimi qalır.
Siz son zamanlar Parisdə konsertlər görmüsünüz? Onların bizim müasir bəstəkarlarımıza və kamera orkestrlərimizə, oxuyanlarımıza ağızları açıq qalır. Hollivudda "Arşın mal alan" getdi. Bütün Hollivudun ağzı açıq qalmışdı. Mən "Əli və Nino" filmini də qeyd etmək istəyirəm. Çox gözəl filmdir. Hamısı bizim tariximizdir. Yeri gəlmişkən, "Əli və Nino"nun kitabını da oxumuşam.
- Deyə bilərsinizmi, "Əli və Nino"nun müəllifi kimdir?
 
- O film mənim xoşuma gəldi.
- Əsərin müəllifin soruşuram.
 
- Vallah, çətin bir adı var, yadıma deyil.
- Qurban Səid?
 
- Yox, deyəsən, ayrı ad yazılmışdı.
- Yusif Vəzir Çəmənzəminli?
 
- Dediyim odur ki, o filmə baxıb, tarixə, babamgil tərəfə getdim. Mənim babam İsmayıl gözəl bir insan olub. Ordubadda yaşayıb. Mən "Əli və Nino" filminə baxıb, o tərəflərə getdim.
- Faiq müəllim, mərhum prezident Heydər Əliyevlə görüşmüşdünüz?
 
- Təbii. Mən Heydər Əliyevi 1996-cı ildə görmüşəm. Görüşdük. Söhbət də eləmişik.
- Söhbətinizin mövzusu nə idi?
 
-  Musiqidən danışdıq. Heydər Əliyev musiqinin çox böyük bilicisi idi. Musiqini dərindən bilirdi. Saatlarla Üzeyir Hacıbəyovdan, Fikrət Əmirovdan, Rəşid Behbudovdan danışa bilərdi.
Sizə tarixi bir fakt da deyim. 1941-ci ildə Tofiq Quliyev Niyazi ilə bir estrada orkestri düzəldib, Naxçıvana gedirlər. Düz 10 konsert verirlər. Konsertlərin hamısına da cavan bir leytenant gəlirmiş. O, Heydər Əliyev idi. Son gününə kimi Zərifə xanım piano çalırdı, oxuyurdu. Ümumiyyətlə, bu ailənin musiqi ilə ciddi bağlılığı var.
- Siz bilərsiniz, nə üçün dünyanın böyük bəstəkarları, rəssamları, yazıçıları, şairləri sonda adətən intihara əl atır? Müəyyən bir yerdən sonra həyat onlar üçün əhəmiyyətini itirir və intihar olmasa da, özünü bədbəxt etməyin bir yolunu tapırlar. Bizdə isə əksinədir, adamlar yazıçı, rəssam, bəstəkar olub, xoşbəxt olurlar: ev, pul, maşın, fəxri ad, hörmət-izzət və s. Dibinə kimi yaşamaq istəyirlər.
 
- Belə şeylər psixoloji durumdan asılıdır. İsveçdə yaşayan bir adam mənə dedi ki, burda çox adam intihar edir. Günorta saat ikidir, qaranlıqdır. Yağışlar yağır. Nə qədər qaranlıq olar? İsveçdə insanların psixoloji durumu zəifdir, ona görə də intihar edirlər.
- İsveçdə?
 
- Bəli...
- Bəlkə maddi vəziyyətləri ağırdır, banklara borcları var, dolana bilmirlər, ona görə intihar edirlər.
 
- Yox, hər şeyi maddi vəziyyətlə bağlamaq olmaz. Səbəb psixoloji durumdur. Psixoloji durum XXI əsrin yeni xəstəliyidir. İsveçdə səhərdən axşama kimi kompüterin qabağında otururlar, çölə də çıxa bilmirlər. Ona görə də xaricdə yaşayan insanlar psixoloji duruma dözə bilmir, intihar edirlər.
- İçki içirsiniz?
 
- Yox.
- Siqaret necə?
 
- O da yox.
- Dünyanın bu nemətlərindən niyə dadmırsınız? Özünüz də sənətkar.
 
- Çünki bu nemətlərin ayrı əks-sədası var. Mən hər səhər yuxudan qalxanda Allahla danışan adamam.
- Namaz qılırsınız?
 
- Yox. Amma mən özüm seyidəm.
- Həcc ziyarətinə necə, getmisiniz?
 
- Yox, getməmişəm. Getmək də olar. Amma gərək adamın ürəyindən gəlsin ki, getsin.
- AzTV-yə baxırsınız?
 
- Bəli, AzTV-yə çox baxıram. Ora mənə çox doğmadır. AzTV-nin həyətinə girəndə ürəyimdən nələr keçir, nələr... AzTV-də böyük, dahi insanlar görmüşəm.
- Bəs ordan Azərbaycan necə görünür?
 
- Bir söz deyim. Mən seriallara çox pis baxıram. Çox maraqsız seriallardır. Hamısı bir-birinə bənzəyir. İnan, mən Azərbaycanı, Bakını çox sevirəm.
- Övladlarınız nə işlə məşğuldur?
 
- Bir oğlum var. Hüquqçudur. İki də nəvəm var. Biri qız, biri oğlan. Qız uşaqları ataya daha yaxın olur. Oğluma deyirəm ki, sən qızını ələ al, qardaşı nə qələt eləyir, hamısını sənə deyəcək (gülür).
- Əsl nəvə ilə oynayan yaşınızdır.
- Nəvələrlə tez-tez görüşmək olmaz, qoy dərslərini oxusunlar. Allah uşaqlarımızın canın sağ eləsin. Uşaqlar bizim gələcəyimizdir. İnsan gedəndə özü ilə heç nə aparmır, nəyi varsa, balalarına verib gedir.
- İnsan gedəndə özü ilə heç nə aparmırsa, bəs bu qədər acgözlük, var-dövlət, mülk, pul hərisliyi nədən yaranır?
 
- Həyatın məzmunu budur. Həyatın qanunu bundan ibarətdir ki, kimisi varlı olur, kimisi kasıb, kimisi də ortabab. Bütün bunlara baxmayaraq, yaşamaq lazımdır.
- Yüksək səviyyəli məmurlardan dostluq elədiyiniz varmı?
 
- Bu nə deməkdir? Mən özüm elə məmuram da! Özü də yüksək səviyyəli məmur. Bəstəkaram, bundan böyük bir şey ola bilər? Mən toylara getmirəm, heç kimdən də asılacağım yoxdur. Hamısına böyük hörmətim var. Sağ olsun dövlətimiz, bu gün sənətə, sənətkara böyük qayğı göstərir.
- Bəs hansı şairlərin sözlərinə mahnı bəstələmək istərdiniz?
 
- Mən şairlərə qarşı çox tələbkaram. Xahiş edirəm ki, mənə elə-belə şeir verməyin. Məsələn, Arzu Yəhyayeva çox gözəl şeirlər yazır.
-  O kimdir? Tanımadım.
 
- Bundan başqa, Baba Vəziroğlu ilə çalışıram.
- Faiq müəllim, bizdə niyə sərbəst şeirin bəstəkarı yoxdur?
 
- Axı sərbəst şeirə mahnı yazmaq mümkün deyil. Çünki ölçü eyni olmalıdır. Ya 11-lik, ya da 8-lik, ya da 7-lik olmalıdır.
- Çox vaxt şeirə musiqi yazırlar. Elə olurmu musiqiyə şeir yazsınlar?
 
- O da olur, mümkündür. Amma o musiqini də şair özü yazmalıdır.
- Musa Yaqub, Ramiz Rövşən, Vaqif Bayatlı... Bunlar ciddi şairlərdir. Şeirlərinə mahnı yazmaq olmazmı?
 
- Qeyri-ciddi şair ifadəsi yoxdur. Şairlərin hamısı ciddidir. Məsələn, Səməd Vurğunun şeirlərinə mahnı yazmaq çox çətindir. Cabir Novruzun, Kürçaylının sözlərinə isə mahnı yazmaq rahatdır. Çünki axıcılıq var.
- Əhməd Qaya, Sezən Aksu oxuyanda adam sanki sərxoş olur. Bizdə də belə səs varmı?
 
- Mən neçə il Türkiyədə olmuşam. Azərbaycan musiqisi nə Əhməd Qayadan, nə də Sezən Aksudan geri qalır. İnan, onlar bizim musiqimizi dinləyəndə dəli olurlar.