“Nahidə səngərdə dörd ermənini vurdu, snayper idi” – 16 il türmədə yatmış komandirin xatirələri
“Mazutlunu, Maxələfi, Xallıqayanı ermənilərdən aldıq…”
Qarabağ müharibəsində ad-san çıxarmış Biləsuvar batalyonunun komandiri Qədir Əsəd oğlu Musayev 1969-cu il iyunun 26-da Biləsuvar rayonunun Ağayrı kəndində anadan olub. Ailəlidir, üç övladı var. İşləmir, dövlətdən aldığı pensiya ilə ömür sürür. Keçdiyi qanlı-qadalı döyüş yolu boyunca aldığı 10-dan çox fəxri fərman, təşəkkürnaməsi və sona çatdırılmayan Milli Qəhrəman adına namizədiliyi var.

Onunla söhbətə Biləsuvarda başladıq:

– Qədir bəy, Biləsuvar batalyonunun komandiri kimi onlarla döyüş əməliyyatının önündə olmusunuz. O günlri necə xatırlayırsınz?

– Mən rəsmi olaraq komandir kimi xidmət eləməmişəm. Belə iddiam da olmayıb. Əsas döyüş idi, orada da şərəflə döyüşmüşəm. Amma o vaxtlar Müdafiə Nazirliyindən tutmuş adi əsgərə qədər hamı məni Biləsuvar batalyonunun komandiri kimi tanıyıb. Sadəcə, batalyonu lazımı şəkildə istiqamətləndirmişəm.
16 yaşlı Cavidimin başını kəsdilər

Şuşadan tutmuş Füzuliyə kimi hər cəbhədə olmuşam. Bu ərazilərdə keçirdiyimiz əməliyyatların hər birinə uğurlu əməliyyat deyə bilmərəm. Uğurlu əməliyyat odur ki, gedib haranısa itkisiz götürəsən və gülər üzlə geri dönəsən. İndi özünüz düşünün, savaş boyu hansı uğurlu əməliyyat olub, hansı uğursuz. Amma sizə Sussuzdağ əməliyyatından danışım. Laçın rayonunun Suaraz kəndinin üstündə Susuzdağ deyilən ərazidə xeyli itki vermişik. Orda 16 yaşlı dayım oğlunun başını ermənilər kəsiblər. Adı Cavid idi, Cavid Əlifağa oğlu Haqverdiyev. Bir insanın 16 yaşda şəhid olması ən böyük faciə və məğlubiyyətdir. Orada, əslində, çox şəhidimiz oldu. Amma bu yaşda insanın başının kəsilməsi dəhşətli idi.
Onu döyüşə qoymurdum, amma o, bunun üçün evdən qaçmışdı. Sonra dayım dedi ki, onu yanına çək, gözün üstündə olsun. Həmin hücum əməliyyatına da onu buraxmamışdım, gördüm, gözümdən yayınıb, gizlicə gəlib, daha geri qaytarmadım. Onunla birlikdə 5 nəfər də şəhid oldu. Rəhmətlik Cavidi döyüşdən saxlamaq imkansız idi. Od kimi gənc idi. 60-dan çox ermənini də öldürmüşdük. Mənim döyüş ərazim əsasən Yuxarı və Aşağı Fərəcan, Səfiyan ərazisi idi. Vaqif Cabbarov həmin əraziləri mənə tapşırmışdı. Həmin vaxtlar əsas komandir Namazov Qubadlının 5 batalyonunu və bizi idarə edirdi. Texnika və “Qrad”lar da orda cəmləşdirlmişdi. Biz böyük əməliyyata hazırlaşırdıq. Vaqif Cabbarov da öz oğlanları ilə döyüşəcəkdi.
Döyüşdən əvvəl əraziləri yoxlamaq üçün 7 nəfərlik kəşfiyyat qrupumuzu əraziyə göndərdik. Həm də əlavə olaraq erməninin gəldiyi yolları minalamağı tapşırdıq. Bu əməliyyatda səriştəsizlik oldu. Yollar minalanmadı və bizim hücum əməliyyatımız istədiyimiz şəkildə alınmadı. Ancaq Sərçə ləqəbli Nahidə Qarayevanın səngərdə 4 ermənini vurması, uşaqların əzmlə döyüşməsi unudulacaq şey deyil. Nahidə snayper olsa da, həmin gün avtomat götürmüşdü. Ancaq mən “bütün erməniləri canlı tutun” deyirdim. Heç olmasa, əsirlərimizlə dəyişərdik. Ermənilər həmin əməliyyatda bizə müqavimət göstərə bilmədi. Bizimkilərin vurulması da qəribə alındı. Yaralılarımıza köməyə gedəndə məni də vurdular. Xanım döyüşçülərimizin də birini vurmuşdular, onun qollarında damarları dağılmışdı. Qan onun qolundan laxta-laxta tökülürdü. Məni də 5-45 mərmisi ilə vurmuşdular. Heç cür addım ata bilmirdim. Bütün bu uğursuzluqlar minalanmamış yolların cəzası idi. Erməniyə kömək gəldi və bizi atəşə tutdular. Mən və digər yaralıları əvvəlcə birtəhər Qubadlıya gətirdilər. Qabağıma əvvəlcə Vaqif Cabbarov gəldi, ağlamsınaraq dedi: “Bala, keşkə sənə dəyən güllə mənə dəyərdi”. Mən isə “boş verin, orda başqa yaralı və şəhidlərimiz qaldı, onları çıxarın” dedim. Sonra bizi helikopterlə Bakıda Malakan bağındakı xəstəxanaya apardılar. Nahidəni də mənimlə gətirmişdilər. Əməliyyatdan sonra gözümü ilk açanda… (kövrəlib susur…) qardaşımı başımın üstündə gördüm. Mənə bütün yaralıların çıxarıldığı xəbərini verdilər. Ancaq Cavidin şəhid olduğunu eşidəndə məhv oldum.
Sizə bir şey deyim: hərbi təhsilli zabit olmasam da, riyazi hesablamalarım və hisslərim güclü idi. Hər döyüşdən əvvəl əsgərlərimi sıraya düzüb gözlərinin içinə baxırdım. İstər-istəməz qorxanları bilirdim, amma bunu onların üzünə vurmurdum. Sadəcə, “bu gün siz getməyin” dediyim əsgərlər döyüşmək üçün yalvarırdılar. Yəni belə əsgərlərim vardı.
Bir xatirə də danışım… Bir başqa dayım oğlu da sinif yoldaşım ilə birlikdə döyüşürdü. Dəhşətli döyüşlərdə dayım oğlu sinif yoldaşıma deyib ki, gəl, döyüşdən qaçaq, hamımızı qıracaqlar. Sinif yoldaşım isə “axı Qədir burdadır, onu qoyub getməyək” cavabını verib. İsrarından əl çəkməyən dayım oğlu yenidən deyib ki, (gülümsəyir) ayə, Qədirin başı xarabdır, qağamın göru haqqı, bizi vuracaqlar. Bəli, iki dayım oğlu var və onların arasındakı fərq belədir. Ancaq qorxan dayım oğlu da ayağından yaralandı. Top onun ayağını dağıtmışdı. Əksəriyyət bizim Biləsuvar batalyonunun şücaətli olmasını qəbul etmir və ya bizə ironik yanaşırdı. Amma onu deyim ki, Vaqif Cabbarov kimi bir komandir öz oğullarınıı yalnız bizim batalyonun igidlərinə arxalanaraq kəşfiyyata buraxırdı. Batalyonumuzda 15 igiddən ən qorxmaz ikisi vardı. Onlardan biri Elman, digəri isə Rafiq idi. Onlar istənilən əməliyyata getməyə hazır idilər. Bax, bizi fərqli edən bu idi. Ancaq nə olursa-olsun, vuruşanların hamısı mənim üçün doğmadır. Döyüşdə gərək postda oturmaqdan çox, meydan açmağa üstünlük verəsən. Biz heç vaxt postda oturamaqla razılaşmamışıq. Ancaq əsas əməliyyatların ön kəşfiyyatını həyata keçirmişik. Elə həvəslə gələn əsgərlər varıydı ki, postda oturandan sonra döyüşdən qaçırdılar. Göyçaydan, Sabirabaddan olan uşaqlar eyni taleni yaşamamaq üçün bizimlə döyüşməyə can atıblar, mən də onları qəbul etmişəm. Hərçənd biz öz rayon uşaqlarımızdan başqasına güvənməmişik.
– Qədir bəy, bayaqdan Biləsuvar batalyonunun qorxmazlığından danışırsınız. İndi bir sual çıxır ki, siz bu qədər şan-şöhrətlə hansı uğura imza atmısınız?

– Mən özümüzü tərifləmədim, sadəcə reallıqdan danışdım. Və bunu unutmayın: uğuru olanlar ya həbsxanada can verdi, ya da indi evində yeməyə çörək tapmır. Bir gün bizə kəşfiyyat tapşırığı verildi və bəzi yerləri yandırmaq tapşırıldı. Biz əməliyyata getdik, kəndin girişinə çatanda hər yerə partizanlarımızı yerləşdirdik. Mən, Rafiq, Elman, Cəlal evlərin içinə daxil olanda ermənilərin səngərindən atəş açıldı. Rafiq onların səngərinə qumbara atdı. Ermənilərin ölənləri olsa da, qalanı qaça bildi. Ancaq onlara bütün istiqamətdən atəş açaraq ərazilərindən etdik. Bütün silah-sursatları qaldı, hətta BMP-lərini də götürdük. Onların Mazutlu və Maxələf kəndlərini aldıq. Xallıqayanı da tutduq. Qubadlılar ora gəldi və bayram etməyə başladılar. Heç kim Biləsuvar batalyonunun təkbaşına bunu bacardığına inana bilmirdi. Çünkü artıq Şuşa, Laçın işğal olunmuşdu və bundan sonra ilk uğurlarımız bu idi. Daha sonra Qazı dərəsində iki ermənini ələ keçirmişdik, onları zəngilanlı əsirlərlə dəyişdik. Qızartı dağında da əməliyyatımız oldu, oranı da ermənidən aldıq. Ancaq minalanmış əraziyə girdik, 16 əsgərimiz minaya düşərək ayaqlarını itirdi. Amma yenə də deyirəm, əməliyyat uğurlu idi.
16 il haqq etmədiyim cəzanı çəkdim

–  Bəs siz neçə il döyüşdünüz, nə vaxt tərxis olundunuz?

– 6 il döyüşmüşəm. Özümü isə qəhrəman saymıram. Bu gün övladlarımın üzünə qürurla baxıram. Döyüşdən tərxis olduqdan sonra həbsə atılıb, 16 il haqq etmədiyim cəzanı çəkdim. Azadlığa il yarımdır çıxmışam. Nə ev, nə maşın, nə də başqa iddidam var. Sadəcə, 45 sot bələdiyyə torpağım var. Prezident təqaüdü və pensiya alıram. İşləmirəm. Bu gün əmr verilsə, yenə döyüşə gedərəm. Hərçənd ki, ayağımı çəkirəm. Yaralanandan sonra ayağım düzəlmədi.
– Bəs, bu gün hansısa marifləndirmə işi ilə məşğul olursunuz?

– Bəli, mümkün olduğu qədər bütün vətənpərvərlik ruhunda olan tədbirlərdə iştirak edirik. Gələn şəhidlərin dəfninə qatılıram. Gedə bilməyəndə vicdan əzabı çəkirəm. Bayramlarda ata-analarımızın qəbrini ziyarətə gedəndə valideynlərimə yox, həmin məzarlıqda olan  Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edirəm. Məni ancaq həmin döyüşlərdə erməni ilə ölümünə döyüşənlər başa düşər. Son olaraq deyim: “Bu vətən bizimdir, bizim də qalacaq. Vətəni ancaq millətimiz, ana-bacılarımız naminə sevək, qarşılıq gözləməyək. Satqınlar isə dünən də olub, bu gün də var, sabah da olacaq. Söz yox, 25 il əvvəl döyüşənlər haqqını cəzaçəkmə müəssisələrində, evində çörək tapmamaqla, satqınlar isə general rütbəsi ilə alırlar. Amma Vətən sağ olsun. Döyüşmək imtahandır. Biz düşmənimizi tanımalıyıq, ona görə tədbir görməliyik. Bugünkü Azrbaycan gəncliyinə deyirəm: “Qərib cinlər diyarında” filmində cinlərin padşahı deyir ki, mən də cadu ilə göy üzü yaradaram, ancaq Qərib onu təbii yaradır. Yəni, gəlin təbii vətənsevər olaq, saxta olmayaq. Kor kimi böyüməyək. Həqiqətləri görək və deməkdən çəkinməyək. Hər birimiz Vətəni sevməliyik və bu bizim borcumuzdur. Mübariz İbrahimovu özlərinə nümunə bilsinlər. Mübariz bizim davamçımız idi, onlar da Mübarizin davamçısı olsun.

Musavat.com