Tovuz rayon sakinləri müvafiq qurumlardan yardım istəyir
Ermənistanla sərhəddə yerləşən Tovuz rayonu, Ağdam kəndinin yolları bərbad vəziyyətdədir.
Bu barədə Gununsesi.info
-nun elektron üvnanına ismarıc göndərən Nəsimi Bağırbəyli adlı Tovuz rayon sakininin sözlərinə görə, Ağdam kəndinin yolları baxımsızlıqdan bərbad vəziyyətə düşüb.
“Sizdən xahişim odur ki, bərbad vəziyyətdə olan yolumuzun təmir edilməsi üçün bizim problemimizi işıqlandırasınız. Tovuz rayonuna dəfələrlə kənd yollarının asfaltlanması üçün prezident tərəfindən pul ayrılsa da, bizim kəndin yolu təmirə möhtac qalmaqda davam edir. Rayon mərkəzindən kəndimizə olan məsafə 12 km-dir. Dəqiqə hesabı ilə Tovuzdan kəndimizə olan məsafə cəmi 9 dəqiqədir. Sizdən kəndimizin sakinləri adından xahiş edirəm ki, bizim yol problemimizin öz həllini tapması üçün kömək əlinizi uzadasınız”, deyə şikayətçi qeyd edib.
Nəzərinizə çatdıraq ki, Nəsimi Bağırbəyli sözügedən məsələ ilə bağlı 14 ildir müvafiq qurumlara müraciət etdiklərini desə də, problem hələ də öz həllini tapmayıb.