”Rəsulzadə Azərbaycan üçün heç nə etməyib, Elçibəy də qiyamla prezident olmuşdu” – Araz Əlizadə yenə də bildiyini dedi
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadənin “Ölkə.Az”-a müsahibəsini təqdim edirik:
Bu günlərdə Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edib. Necə düşünürsünüz, bu qərarın arxasında hansı amillər dayanır?

– Bilirsiniz, hər bir xalq və diaspora özünü qorumaq istəyirsə, o zaman təmsil olunduğu ölkənin siyasətində fəal olmalıdır. Baxın görün Fransada nə qədər deputatlar və hökumətdə təmsil olunan şəxslər var ki, onlar ermənidir. Vaxt olub ki, Fransada erməni baş nazir olub. Dünyada azərbaycanlıların sayı ermənilərdən dəfələrlə çoxdur. Ancaq hər zaman bir şeyi düşünmüşük ki, başqasına nə olur-olsun, ancaq mənə toxunulmasın. Allah Mirzə Ələkbər Sabirə qəni-qəni rəhmət etsin. O dahi insan idi, Azərbaycan xalqının mentalitetini çox gözəl bilirdi. Ona görə də Sabir hələ əsrlər əvvəl deyirdi: Millət necə tarac olur-olsun, nə işin var! Düşmənlərə möhtac olur-olsun, nə işin var!
“Türklərin mənim üçün azərbaycanlılardan yüksək olmasını desəm, axmaqlıq edərəm”

Bəzən sizi qınayaraq, anti-türkçü şəxs hesab edirlər…

Sizə bir məsələni açıq deyim. Mən “anti” deyiləm, qatı azərbaycançıyam. Mənim üçün birinci yerdə Azərbaycan və azərbaycanlılardır. Sonrakı yerlərdə isə digər millətlər və xalqlardır. Azərbaycanda bəzi adamlar var ki, onlar azlıq təşkil etsə də, çox səs-küyçüdür. Onlar “mən türkəm” deyə qışqırırlar. Bu da onların savadsızlığından irəli gəlir. Onlara tövsiyə edirəm ki, gedib bizin antropoligiyamızı öyrənsinlər. Sonra biləcəklər ki, biz kimik. Bir daha deyirəm ki, biz azərbaycanlıyıq. Türk dili ünsürləri bizim dilimizə 11-ci əsrdə Səlcuqların dövründə gəlib. Mənə qarşı çıxan adamlardan gedib türklərin kökü barədə soruşsanız, heç onu bilməyəcəklər. Onlar ancaq anqırmağı bacarırlar. Bu sözümə görə çox üzr istəyirəm!
Mən həqiqətin tərəfdarıyam və azərbaycançıyam. Azərbaycan üçün hər şeyimi qurban verməyə hazıram. Amma türklərin mənim üçün azərbaycanlılardan yüksək olmasını deyə bilmərəm. Bunu desəm, axmaqlıq edərəm. Mənim üçün əsas öz xalqımdır, sonra qeyriləridir.
Mən Sosial Demokratam, Sosial Demokratlar da bərabərçiliyi tərənnüm edirlər. Ancaq bu o demək deyil ki, mənim xalqımın hesabına!
“Ruslara xidmət etsəydim, Rusiya prezidentinə bu cür açıq məktub yazardımı?”

Bəzən siz sosial şəbəkələrdə “Rusiyanın adamı” kimi də təqdim olunursunuz. Haqqınızda bu cür fikirlərin yaranmasına səbəb nədir?

Məni “Rusun adamı” adlandırırlar. Ancaq 1994-cü ildə Boris Yeltsin öz parlamentini güllə-baran edəndə, Azərbaycanda Araz Əlizadədən savayı bir nəfər buna səsini çıxarmamışdı? Həmin vaxtı mən Boris Yeltsinə açıq məktub göndərmişəm. Məktubumu səfirə və Xarici İşlər Nazirliyinə təqdim etmişdim, bu da Rusiya mətbuatında çap olunmuşdu. Məktubumda açıq şəkildə qeyd etmişdim ki, bu dövlət çevrilişidir. Halbuki, o dövrdə mənim Boris Yeltsinlə yaxşı münasibətlərim var idi. İndi siz deyin, ruslara xidmət etsəydim, Rusiya prezidentinə bu cür açıq məktub yazardımı?
“Putin yeni prezident olanda, Rusiya ayaq əskisinə, cındıra çevrilmişdi”

 Bəs Rusiyanın indi prezidenti Vladimir Putinə münasibətiniz necədir?

Putini heç tanımıram, onunla ömrümdə görüşməmişəm, münasibətim yoxdur. Bir məsələni də qeyd edim ki, Putin dövlət başçısı olandan sonra Rusiya kimi diz çökmüş bir dövləti ayağa qaldıra bilib. Mən siyasətdə çox proqnoz vermişəm, çox zamanlar da proqnozlarım düz çıxıb. Ancaq Putinlə bağlı proqnozlarım düz çıxmamışdı. Putin hakimiyyətə gələndə düşünürdüm ki, Rusiya daha da tənəzzülə uğrayacaq. Amma bu baş vermədi. Putin Rusiyanı ayağa qaldıra bildi. Halbuki, Putin yeni prezident olanda, Rusiya ayaq əskisinə, cındıra çevrilmişdi. Amma Putin Rusiyanı gücləndirməyi bacardı. Demirəm ki, fövqəl dövlət etdi, amma nüfuzunu kifayət qədər qaldıra bildi.
“Nizami Süleymanov Elçibəyə qalib gəlib prezident seçilmişdi”

 Bu yaxınlarda deputat həmkarınız olan Fazil Mustafa bildirib ki, 1992-ci il 14 mayda Ayaz Mütəllibovun hakimiyyətə qayıtması dövlət çevrilişi idi. Bu fikirlərlə nə qədər razısınız?

Xeyr, bu fikirlərlə qətiyyən razı deyiləm. Əksinə, Ayaz Mütəllibova qarşı dövlət çevrilişi etmişdilər. Həmin vaxtı Ayaz Mütəllibovun istefa verməsi barədə ərizəsi yox idi. Yalnız bəyanatı var idi. Fazil Mustafa ixtisasca hüquqşünasdır və mənim ona böyük hörmətim var. Ancaq o yaxşı bilməlidir ki, belə məsələlərdə hər şey sənədləşdirilir. Ancaq Ayaz Mütəllibovla bağlı heç bir şey sənədləşdirilməmişdi. Onu Xocalı hadisələrində günahlandırırdılar. Ayaz Mütəllibov da getdiyini bəyan etmişdi. Ancaq sonradan Komissiya qərar qəbul etdi ki, bu hadisədə Prezidentin heç bir günahı yoxdur. Ayaz Mütəllibov da yenidən öz fəaliyyətini davam etdirdi. Ancaq ayın 14-15-də Ayaz Mütəllibova qarşı AXC tərəfindən dövlət çevrilişi olmuşdu. Yəni, Mütəllibov dövlət çevrilişi etməyib. AXC hakimiyyətə dövlət çevrilişi ilə gəlmişdi, Əbülfəz Elçibəy isə saxta seçkilərlə prezident olmuşdu. Həmin vaxtı seçkilərdə rəhmətlik Nizami Süleymanov qalib gəlmişdi. Yadıma gəlir, onun prezident seçiləcəyini heç kəs gözləmirdi. Nizami Süleymanovun seçkilərdə qalib gəldiyini eşidəndə birtəhər olmuşdum. Amma təbii ki, Nizami Süleymanov prezident olmağa Əbülfəz Elçibəydən daha layiqli idi.
“Nizami Süleymanov Əbülfəz Elçibəydən daha üstün idi”

Rəhmətlik Nizami Süleymanovun mərhum Əbülfəz Elçibəydən üstün hansı keyfiyyətləri var idi?

Ən azı savadına görə Nizami Süleymanov Əbülfəz Elçibəydən üstün idi. Mən Elçibəyə də savadsız deyə bilmərəm. Amma dünya görüşü və savadına görə Nizami Süleymanov Əbülfəz Elçibəydən daha üstün idi.
Bəlkə də Nizami Süleymanov prezident olsaydı, Qarabağ problemi də olmayacaqdı. Çünki Qarabağ məsələsinin həlli güclü ordunun yaranmasından keçirdi.
Mən o dövrdə keçirilən prezident seçkilərinin nəticəsini deyirəm. Həmin vaxtı Nizami Süleymanov seçkilərdə qalib gəlmişdi. Lakin seçkilər saxtalaşdırıldı və Əbülfəz Elçibəy prezident oldu. Bununla da Azərbaycanda hərc-mərclik və xaos başladı, ölkə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Allaha şükürlər olsun ki, o dövrdə Heydər Əliyev hakimiyyətə gəldi və Azərbaycanda baş verən xaosun qarşısını aldı. Yoxsa Azərbaycan dövləti məhv olub gedəcəkdi.
“Rəsulzadə ilə Heydər Əliyevi müqayisə etmək mümkün deyil”

Bəzən müxalifət Heydər Əliyevlə Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy arasında müqayisə aparırlar. Bu cür müqayisələr nə dərəcədə doğrudur?

Ümumiyyətlə, bu cür müqayisələr aparmaq çox qeyri-ciddi insanların işidir. XX əsrin əvvəli ilə sonunu necə müqayisə etmək olar? Məhəmməd Əmin Rəsulzadəni Heydər Əliyevlə bu cür müqayisə etmək olmaz. Bu, doğru deyil. Hərənin tarixdə öz yeri var. Heç kəs heç kim yerini tutmur. Bunları müqayisə edən şəxslərin özləri səfehdirlər. Ancaq Azərbaycan tarixində Heydər Əliyevin müstəsna rolu və yeri var. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan üçün nə edib, nə yarada bilib? Heç nə! Amma Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaradıb. Yenə də deyirəm ki, mən bu şəxsləri müqayisə etmirəm. Çünki zaman və məkan tamam ayrı-ayrıdır. Ümumiyyətlə, Məhəmməd Əmin Rəsulzadə ilə Heydər Əliyevi müqayisə etmək mümkün və düzgün deyil.
Cəfər Cabbarlının “Oqtay Eloğlu” pyesində gözəl bir məqam var. Əsərdə deyilir ki, yaratdığını yaşatmırsansa, yaratma!
Heydər Əliyev Azərbaycan dövlətini yaşatdı, Məhəmməd Əmin Rəsulzadə isə yaşada bilmədi. Amma yenə də mən buna görə Məhəmməd Əmin Rəsulzadəni qınamıram. Çünki zaman və məkan məsələsi var.
Əgər Heydər Əliyev şəxsiyyəti olmasaydı, ikinci dəfə də Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşayacaqdı. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə 23 ayda 5-6 hökumət dəyişdi. 1991-ci ildə Azərbaycan yenidən müstəqillik qazananda da oxşar proseslər gedirdi. Vəzirov getdi, Mütəllibov gəldi, sonra da Əbülfəz Elçibəy prezident oldu və sairə. Ancaq 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanın müstəqilliyinə qarşı mövcud olan təhlükələri aradan qaldıra bildi. Bunun üçün təcrübə və bacarıq lazım idi. Nə Bağırovun, Vəzirovun, nə Mütəllibovun, nə də Əbülfəz Elçibəyin dövləti idarə etmək təcrübəsi yox idi. Doğrudur, Ayaz Mütəllibov ona qədər yüksək vəzifələrdə işləmişdi. Amma bu hələ dövləti idarə etmək deyil idi.
Bəzənd eyirlər ki, ABŞ kimi oturuşmuş və güclü dövləti idarə etmək asandır. Baxın görün, indi Donald Tramp ABŞ-ın prezidentidir. Amma imkan vermirlər onu işləməyə. Vaxtilə bizdə tez-tez deyirdilər ki, Heydər Əliyevi ABŞ-ı idarə edə bilər, amma Bill Klinton Azərbaycanı idarə edə bilməz. Doğrudan da Heydər Əliyev ABŞ-ı idarə edə bilərdi. Amma Klinton Azərbaycanı idarə edə bilməzdi.