Bakıda yaşıl ağac belə məhv edildi - VİDEO
Yasamal rayon Şərifzadə küçəsi, Yasamal rayon Bələdiyyə binasının arxasında iki yaşıl ağaclardan biri aşırılıb.  Videogörüntüdən məlum olduğu kimi burada tikinti işləri aparılacaq deyə sağlam ağac məhv edilib.

Sakinlərin dediklərinə görə, burada əvvəllər ticarət obyektləri olub, həmin obyektləri sökülüb. Həmin ərazini təmizləyib obyekt tikəcəklər. Hətta həmin ərazidə hələ də “cəlladın” toxunmadığı bir ağacın da taleyi sual altındadır.

Sakin Həsən Quliyev deyir ki, o biri ağacı da məhv edəcəklər: “Ərazi böyük ehtimal satılıb. Çünki yaşayış və ya obyekt olmayan bir yerin ətrafını hasarlamağa başlayıblar. Yeri düzlənir. Həmçinin köhnə taxtalar və ərazidə əşyalar yığılıb. Yaşıl ağacın məhv edilməsi qanunsuzdur”. 

Xatırladaq ki, bir müddət öncə Yasamal rayonu “Ovçular Evi”nin sökülüb, ağaclar kəsilərək yerində bina tikilməsi ilə bağlı məsələ ictimailəşəndən sonra  problemə operativ reaksiya verildi. Həmin ərazidə tikinti dayandırıldı, tikintini həyata keçirən şirkətə cərimə kəsildi. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə əsasən, meşə  fonduna aid olmayan ağac və  ya kol  əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə ‐fiziki  şəxslər iki min iki yüz manatdan iki min beş  yüz manatadək miqdarda, vəzifəli şəxslər doqquz yüz manatdan on min manatadək miqdarda, hüquqi şəxslər qırx min manatdan əlli min manatadək miqdarda cərimə edilir.

Şəhərlərdə  və  digər yaşayış  məntəqələrində  yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə  olmadan törədildikdə, hər bir ağacın və  ya kol əkililərinin zədələnməsinə  və  ya məhv edilməsinə, habelə  qanunvericiliklə  nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə ‐fiziki  şəxslər min iki yüz manatdan min beş  yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.