Başçı yolunun üstündə bunları görmürmü? - FOTOFAKT
Bu gün redaksiyamıza göndərilən fotolardan görünür ki, icra başçısı Ənvər Seyidəliyevin rayonda baş verənlərdən xəbəri yoxdur.

Fotolardan birində görürük ki, rayonun mərkəzi küçələrindən birində yerləşən ulu öndər Heydər Əliyevin sözləri yazılmış plakatda "h" və "a" hərfləri qopub yerə düşüb. Ancaq uzun müddətdir ki, Ağsu RİH bu məsələ ilə maraqlanmır. Halbuki bu, Azərbaycan üçün uzun illər böyük işlər görmüş H.Əliyevin ruhuna qarşı edilmiş böyük hörmətsizlikdir.

Digər fotoda isə Ağsu RİH-nin sağ yan divarında əks olunmuş Heydər Əliyevin sözlərində hərflərin rənginin silinməsidir. Qeyd etmək lazımdır ki, bu, hörmətsizlik ilə yanaşı, həmin idarənin də imicinə xələl gətirir.

Bunlarla yanaşı, Ağsuda mərkəzi ərazilərdə işləyən saata rast gəlmək də qəliz məsələdir.

Fotonu göndərən şəxs bildirir ki, bu saatlar da uzun müddətdir işləmir.

Görünür, Ənvər Seyidəliyev hər gün keçdiyi yollarda belə detallara, rayon quruculuğunun inkişafına o qədər də önəm vermir.

Əks təqdirdə, icra nümayəndələrinə tapşırıq verər və bu problemlərin dərhal həll olunmasını təmin edərdi.

Məsələ ilə bağlı münasibət öyrənmək üçün Ağsu RİH-nin İctimai-siyasi və humanitar məsələr şöbəsinin müdiri Sevil Mirzəliyeva ilə əlaqə saxladıq:

"Sizə göndərilən şəkillər köhnədir. Həmin problemlər vardı amma aradan qaldırılıb. Bizim rayonumuzda hər şey qaydasındadır. Quruculuq işləri də aparırılır." - deyə Sevil Mirzəliyeva bildirdi.

Maraqlısı budur ki, sözügedən fotolar bizə dünən göndərilib və hətta bu gün belə həmin problemlər həll olunmayıb.

Sevil Mirzəliyeva isə bildirdiyi hər münasibətdə rayonda hər şeyin qaydasında olduğunu, edilən şikayətlərin, göndərilən fotoların şər xarakterli olduğunu deyir.

Ümumiyyətlə rayonda hər hansı bir problemin yaranması normal haldır. İcra orqanları da məhz bunun üçün yaradılıb ki, həmin məsələlər həll olunsun. Ancaq Sevil Mirzəliyeva sanki reallığı qəbul etmək istəmir və münasibət almaq istədiyimiz bütün məsələlərə eyni reaksiyanı verir.