Azərbaycanlı Rusiyada kişini diri-diri basdırdı
Rusiyada Moskva vilayətinin Lyuberetskiy rayonunda şantaj yoluyla 30 milyon rubl tələb etməklə adamı qəbiristanlıqda diri-diri torpağa basdırıblar. Cinayətkar dəstənin üzvü, Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.

Report xəbər verir ki, bu barədə Rusiya DİN-in Moskva idarəsindən bildiriblər.

Polisin məlumatına görə, cinayət iyunun 1-də Lyubertsı yaşayış məntəqisində baş verib.

Şantajçılar kişi ilə İlovayskaya küçəsindəki kafedə görüşüb. Orada onlar zərərçəkəndən 1,5 milyon rubl tələb edib, amma tədricən məbləği 30 milyona qədər artırıblar. İstədiklərini ala bilməyən naməlum şəxslər kişini qəbiristanlığa aparıblar və fiziki təzyiq göstəməklə, işgəncəylə ondan pul "qoparmağa" çalışıblar.

Məqsədlərinə çatmaq üçün dəstə üzvləri hətta zərərçəkəni diri-diri torpağa da basdırıb. Ardından onu ordan çıxararaq qohumlarına zəng etməyə məcbur ediblər. Nəticədə zərərçəkənin qohumları qaçırılan şəxsin sağ qalması üçün azı 1 milyon rubl və avtomobil verib.

Hazırda zərərçəkən çoxsaylı qırıq və travmalarla, o cümlədən qabırğalarının sınması və ağciyərinin cırılması diaqnozu ilə xəstəxanadadır.

Hücum və külli miqdarda pul tələb etmək faktıyla bağlı Rusiya Cinayət Məcəlləsinin 163-cü maddəsi üzrə cinayət işi açılıb.

Şübhəlilərdən biri artıq saxlanılıb və dindirilib. Digərləri axtarışdadır.