Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə dair yeni fakt - MƏXFİ HESABAT
“Rusiya hakerləri ötən il ABŞ-dakı prezident seçkilərinə bir neçə gün qalmış səsvermə üçün proqram təminatı təqdim edən azı bir şirkətə hücum ediblər”.
İKT.lent.az-ın “Amerikanın səsi”nə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Agentliyinin mediaya sızmış gizli hesabatında deyilir. Hesabatda bildirilir ki, hakerlərin səsvermə sistemlərinə müdaxiləsi əvvəl güman edildiyindən daha dərinə gedib.
“The Intercept” internet nəşri tərəfindən açıqlanan məxfi hesabatda haker hücumunun səsvermənin nəticələrinə təsir göstərib-göstərmədiyi qeyd olunmur. Bildirilir ki, Rusiya kəşfiyyatı (Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi - QRU) 2016-cı ilin payızında səsvermə sistemləri üçün proqram təminatı təqdim edən şirkətlərdən birinə hücum edib və seçki prosesi ilə əlaqəli yerli hakimiyyət orqanlarının 100-dən çox əməkdaşına fişinq məktubları göndərib. (Fişinq məktubları hər  hansı şəxsin və ya dövlət orqanının poçtuna, internet şəbəkəsinə daxil olmaq imkanı verən virus proqramıdır.) Konkret hansı ştatların haker hücumuna məruz qaldığı açıqlanmır.
“Rusiya kəşfiyyatı müxtəlif səviyyəli seçki komissiyalarının səsvermə və səslərin sayılması proqramlarına çıxış imkanı əldə edib” -, deyə hesabatda bildirilir. Lakin ABŞ Daxili Təhlükəsizlik Departamenti hesab edir ki, haker hücumlarının yönəldiyi sistemlər səslərin sayılmasında istifadə olunmayıb.
“The Intercept” məsələ ilə bağlı ABŞ Milli Təhlükəsizlik Agentliyi və Milli Kəşfiyyat direktorunun ofisi ilə əlaqə saxlayıb. Hər iki qurum hesabatın dərc olunmamasını xahiş edib. Kəşfiyyat orqanları ən azı sənədin bəzi bölümlərinin redaktə olunmasını istəyiblər. “The Intercept” ikinci xahişə əməl edib və “ictimaiyyətin maraqlarına uyğun olmayan” bəzi bölümləri çıxarıb.
Bu arada, ABŞ Ədliyyə Nazirliyi-Baş Prokurorluğu hesabatın surətinin çıxarılaraq jurnalistlərə ötürülməsində 25 yaşlı Li Uinneri ittiham edib. L. Uinner Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edən federal qurumlardan birinin əməkdaşı olub.