Bakıda quldurluq edən qadın və kişi saxlanıldı – FOTO
Paytaxtda quldurluq edən qadın və kişi saxlanılıb. 
DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, iyunun 4-də iki nəfər naməlum şəxs Yeganə İsayevaya “Neftçilər” metrostansiyası yaxınlığında zor tətbiq edərək əlindəki pul kisəsini və qızıl boyunbağını alaraq hadisə yerindən qaçıb.
Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsi (PB)  tərəfindən baş verən cinayət hadisəsi barədə məlumat daxil olan kimi dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini Səidə Kərimova və paytaxt sakini İsrafil Hüseynov saxlanılaraq istintaqa təqdim olunub. Saxlanılan şəxslər ifadələri zamanı qeyd edilən cinayəti törətdiklərini etiraf ediblər. 
Onlar hadisədən əvvəl zərərçəkən qadını izlədiklərini və münasib bildikləri məqamda ona hücum etdiklərini bildiriblər.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Polis əməkdaşları S.Kərimova və İ.Hüseynovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizani RPİ-nin 25-ci PB-nə müraciət edə bilərlər.