Qax və Şəki rayonlarına media-tur: Baramaçılıq təssərrüfatı – FOTO
Oxu.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi iyunun 6-da media nümayəndələrini Azərbaycanda baramaçılıq sahəsində görülən işlərlə tanış etmək məqsədilə Qax və Şəki rayonlarına media-tur təşkil etmişdi. 
“Qax Damazlıq İpəkçilik Stansiyası”nda olublar. Burada Prezident İlham Əliyevin ölkədə barama istehsalının əvvəlki illə müqayisədə azı iki dəfədən çox artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq, 2017-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 6 min qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) tədarük edilib. Daha sonra tədarük edilən toxum aprel ayında “Qax Damazlıq İpəkçilik Stansiyası”nda inkubasiyaya qoyulub, barama toxumlarından 99-100 faiz səviyyəsində yüksək keyfiyyətli ipəkqurdları əldə edilib. Bu barama qurdları bəslənilməsi üçün respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsinə əvəzi ödənişsiz paylanılıb. 
İpəkqurdlarının bəslənilməsində kümçülərə yardım məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından mütəxəssislər dəvət olunub. Baramaçılıq rayonlarına ezam edilən mütəxəssislər kümçülərə gələcəkdə meydana çıxa biləcək problemləri həll etmək üçün lazımi  tövsiyələr veriblər.
Bir sıra rayonlarda artıq yaş barama məhsulunun tədarükü başlanılıb. “Şəki-İpək” ASC-dən verilən məlumata görə, istehsalçılardan 80 tondan çox yaş barama qəbul olunub və bu proses davam edir.
Media-turda iştirak edən jurnalistlər ipəkqurdlarının yemlənməsi, həmçinin istehsalçılardan yaş barama məhsulunun qəbul edilməsi daxil olmaqla, iş prosesinin müxtəlif mərhələləri ilə tanış olublar. 
Prezident İlham Əliyevin mayın 19-da imzaladığı “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili istiqamətində atılan növbəti mühüm addımdır. 
Həmin Sərəncama əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb.
Media nümayəndələrinə stansiyada aparılacaq yenidənqurma işləri barədə də məlumat verilib, stansiyanın yaxınlığında yeni salınmış tut (çəkil) bağlarına baxış keçirilib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ötən il Çin Xalq Respublikasından 1,5 milyon ədəd calaq olunmuş tut tingi tədarük edilib və bölgü əsasında ödənişsiz 37 baramaçılıq rayonuna paylanılıb. Bu rayonların ərazilərində 150 hektara yaxın sahədə yeni intensiv tipli tut bağlarının salınması təmin olunub. Yeni salınmış bağlarda əkilmiş tinglərdən 95-100 faiz səviyyəsində çıxış alınıb və hazırda bu bağlarda aqrotexniki qulluq işləri davam etdirilir.
Jurnalistlər ipəkqurdlarının bəslənilməsi prosesini izləmək üçün Böyük Alatəmir kəndində kümçü ailəsində olublar. 
Media-turun son mərhələsi “Şəki-İpək” ASC-nin fəaliyyəti ilə tanışlıq olub.