Gürcüstanın baş naziri ölkə müsəlmanlarına iftar süfrəsi təşkil edib
İyunun 23-də Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili müsəlmanları iftar süfrəsinə dəvət edib.  

APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazir Giorgi Kvirikaşvili, ölkə müsəlmanlarını mübarək Ramazan ayı və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib. O, Ramazan ayının Tanrıya qayıdış, paklıq, xeyirxahlıq və insanpərvərliklə tanınan bir ay olduğunu qeyd edib.  

“Son illər ölkəmizdə başqa dinlərlə birgə müsəlmanlara göstərilən diqqət və qayğı artmasından fəxr hissi duyuram. Bizim çox dinli, millətlilik baxımından zəngin dövlətimiz var. Gürcüstanda müxtəlif dinlərə mənsub insanlar tarix boyu əmin-amanlıq şəraitində yaşayıb”, deyə Giorgi Kvirikaşvili qeyd edib.  
İftar axşamında Dini məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramin İgidov, qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, şərqi Gürcüstanın müftisi Yasin Əliyev çıxış edərək Ramazan ayı münasibətilə müsəlmanlara göstərilən diqqət və qayğıya görə baş nazirə minnətdarlıqlarını bildiriblər. Tədbir iştirakçıları Gürcüstanın inkişafi rifahı, ərazi bütövlüyü, xoş gələcəyi üçün dua edib, dünyaya sülh, əmin-amanlıq arzulayıblar.

Qeyd edək ki, tədbirdə din, ictimaiyyət xadimləri, dövlət rəsmiləri və müsəlman ölkələrinin səfirləri iştirak ediblər. Sonda baş nazir qonaqlarla xatirə şəkli çəkdirib.