Bakı polisi əcnəbi turisti çətin vəziyyətdən xilas etdi
İyunun 22-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən ölkəmizə turist kimi səfərə gəlmiş Niderland vətəndaşı Vilhelm Yakobs Bakı Metropolitenində olduğu müddətdə pul qabını itirməsi barədə məlumat verib.

DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, o, heç kimi tanımadığı ölkədə bütün sənədlərini itirdiyindən köməksiz vəziyyətə düşdüyü anda yardım üçün polisə müraciət etməyi qərara alıb. Bu məqsədlə mobil telefonunda olan bələdçi proqramının köməkliyi ilə Bakı Şəhər Baş Polis İdarəsinə gəlib.

Xarici dilləri sərbəst bilən polis əməkdaşları onun içərisində pulu, bir neçə xarici bank kartları, sənədləri və özünə məxsus digər əşyaları olan pulqabısını metronun “28 May” stansiyasından çıxarkən üzərində aşkar etməməsini müəyyən ediblər.

Dərhal bu barədə Metropolitendə Polis Şöbəsinə məlumat verilib və onu aidiyyatı üzrə Polis Şöbəsinə gətiriblər. Əcnəbi qonaq Metropolitendə Polis Şöbəsində gözlənilməz sürprizlə qarşılaşıb. Məlum olub ki, bir qədər əvvəl metronun “Azadlıq” stansiyasında xidmətdə olan polis əməkdaşları platformada əcnəbi vətəndaşa məxsus pul qabının tapılması barədə şöbə rəhbərliyinə məlumat verərək sahibi tapılmadığından onu şöbəyə təhvil veriblər.

Əcnəbi turist pul qabının tapılaraq belə tezliklə ona qaytarılmasından heyrətləndiyini bildirib. Azərbaycan polisinin peşəkarlığına, opertaviliyinə görə onlara minnətdarlıq edib, bunun ən yaxşı nümunə olduğunu bildirib.