İki neft maqnatını nə bağlayır? – Mikayıl İsmayılov SOCAR prezidenti olmaq eşqində…
SOCAR prezidenti Rövnəq Abdullayevlə vitse-prezident Mikayıl İsmayılov köhnə tanışlardır   Bu barədə Sensasiya.com-a neft maqnatlarına yaxın mənbələrdən məlumat verilib.


Onun sözlərinə görə, R.Abdullayev şirkətin başına gətiriləndə M.İsmayılovu da özü ilə aparır. Bu günə kimi ARDNŞ prezidentinin kölgəsində qalmış vitse-prezident əslində gizli planlarını reallaşdırmaqda davam edir.
İddialar bundan ibarətdir ki, M.İsmayılov SOCAR prezidenti olmağa hazırlaşır. Amma layihənin yaxın gələcəkdə gerçəkləşməsi gözlənilmir. R.Abdullayevin yerinə hazırlanan vitse-prezidentin nə vaxt bu posta gedəcəyi qeyri-müəyyəndir.
Əldə etdiyimiz məlumata görə ölkənin əsas gəlir mənbəyi olan və büdcənin böyük bir hissəsini təşkil edən neft sektorunda ciddi islahatlara hazırlıq görülür.
Hakimiyyətin ən üst qatında hazırlanan plan haqda danışan mənbənin sözlərinə görə, bu sahədə atılacaq addımlardan biri ölkənin neft sənayesinə məsul olan Azərbaycan Dövlət Neft Şirkətini tam nəzarətə götürməkdir.
Bunun üçün şirkətdə özünəməxsus şəkildə “zəruri islahatlar”-a başlayan hakim komanda daxilindəki qrupun əsas hədəfi ARDNŞ prezidenti Rövnəq Abdullayevi dəyişməkdir.
Bu “vurulma” prosesinin artıq müəyyən işartıları da görülməkdədir. Qarşıdakı aylarda ARDNŞ prezidnetinə qarşı növbəti hücumlarının şahidi olacağıq. Bizə daxil olan məlumata görə onun yerinə təyin olunacaq şəxs da müəyyənləşib.
Sensasiya.com xəbər verir ki, M.İsmayılov bir sıra məsələlərdə ARDNŞ-də əsas söz sahibidir. Əslən Ağsu rayonundan olan Mikayıl İsmayılov Rövnəq Abdullayevin yaxın dostlarından biridir və məhz onun sayəsində belə yüksək vəzifəyə təyin olunub.   Yaxından tanıyanlar M.İsmayılovu son dərəcə hiyləgər şəxs kimi təqdim edirlər. ARDNŞ-dəki mənbələr deyir ki, M.İsmayılov həm də şirkətin “qara kassası” hesab olunur.
Məsələn, kadr təyinatları ilə yanaşı şirkətdə korrupsiyanın ən çox yayıldığı təchizat işi də M.İsmayılovun nəzarəti altındadır.
ARDNŞ-dəki bütün təchizat rəisləri M.İsmayılovun adamlarıdır və bu sahədə süni şişirtmələr nəticəsində böyük mənimsəmələr var.
Vitse-prezident son illər Azərbaycanın oliqarx məmurları arasında yerini möhkəmlətməkdə, ildən-ilə kapitalını artırmaqla bu siyahıda yuxarıya doğru irəliləməkdədir.
Lakin onun ARDNŞ-də faktiki ikinci şəxsə çevrilməsinin arxasında başqa sirlərin olduğu haqda da danışılır.
Deyilənlərə inansaq, Mikayıl İsmayılov bəzi qüvvələrin ARDNŞ-dəki əsas dayağıdır. Hətta bəzi mənbələrin iddiasına görə, həmin şəxslər Mikayıl İsmayılovu şirkətdə yüksək vəzifəyə gətirmək istəyirlər.
Yəni vitse-prezident onu bu səviyyəyə gətirib çatdıran Rövnəq Abdullayevin kreslosuna göz dikib. Onun ARDNŞ-in vitse-prezidentinə qədər yüksələn karyerasında Rövnəq Abdullayevin xüsusi rolu olub.
Mikayıl İsmayılov Rövnəq Abdullayev “Xəzərdənizneftqaztikinti” trestinin müdiri işləyərkən onun yaxın çevrəsinə daxil olub.