Xaçmazda ruhi xəstə kənd sakinlərinə hücum etdi, ölən var
Xaçmaz rayonunun Qusarçay kəndində qətl hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə bu gün saat 10.30 radələrində qeydə alınıb.
38 yaşlı kənd sakini Bəxtiyar Umarov həmkəndlilərinə hücum edib. Hadisə nəticəsində Qusarçay kənd sakini, 1978-ci il təvəllüdlü Hacıyev Məhərrəm Pirəmməd oğlu ölüb, 1976-cı il təvəllüdlü həmkəndlisi Mustafayev Məzahir Şabəddin oğlu isə yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. O xəstəxanaya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub.
Hadisəni törədən Bəxtiyar Umarovun ruhi xəstə olduğu deyilir.
Xaçmaz Rayon Prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.