Tarix boyu elektrik enerjisi olmayan Şəvqo kəndinə işıq çəkildi
“Azərişıq” ASC Astara rayonunun ucqar Şəvqo kəndində elektrik şəbəkəsi qurub.
Bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Ümumiyyətlə, Qurban bayramı günündə bu vaxta qədər elektrik enerjisi olmayan və 49 ailənin yaşadığı Şəvqo kəndinə “Azərişıq” tərəfindən işıq verilib. Çətin relyefdə yerləşən bu kənddə texnikadan istifadə etmək mümkün olmadığından, şəbəkə əl əməyi ilə qurulub.
“Ömrü boyu işığı olmayan 49 yaşayış evinin və ya 250-dən çox insanın elektrik enerjisi ilə təmin edilməsi üçün 2 km 10 kV-luq və 5 km 0,4 kV-luq məsafədə özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətt çəkilib. Bir ədəd 10/0,4 kV-luq 63 KVA gücündə transformator məntəqəsi quraşdırılıb. Abonentlərin evlərinə 49 ədəd sayğac qoyulub”, – T.Mustafayev deyib.

LEGİON.AZ