Nəqliyyatda sabotaj: Şirkətlər gediş haqqını artırmaq istəyirlər
Son bir ayda paytaxt Bakı və ətraf qəsəbələrə işləyən avtobusların sayı azalıb. Avtobusların xəttdən çıxarılması isə intervalın artmasına və sərnişin sıxlığına səbəb olur. Əsasən pik saatlarda müşahidə edilən avtobus qıtlığı sərnişinlərin ciddi narahatlığına və etirazına səbəb olub.  Bir sıra şirkətlərin marşrut xəttində avtobusların sayını azaltması  qış tədarükü ilə bağlı qabaqlayıcı tədbirlərlə əlaqələndirilir. Deyilənə görə daşıyıcı şirkətlər  bilərəkdən avtobusları növbə ilə xətdən çıxararaq, qışa hazırlıq məqsədilə təmirə göndərirlər. 
Bəzi məlumatlara görə sərnişindaşıma ilə məşğul olan şirkətlər gediş haqqını qaldırmaq istədikləri üçün avtobusların sayını azaldıblar. Hesab edilir ki, ehtiyat hissələri bahalaşadığı üçün avtobusları saz vəziyyətdə saxlamaq mümkün olmur.
Məsələ burasındadır ki, avtobusların sayı o qədər azaldılıb ki, dayanacaqlarda sərnişin əlindən tərpənmək mümkün deyil. Nəzərə alsaq ki, yeni tədris ilinə start veriləndən dayanacaqlar əhali sıxlığı daha çox müşahidə edilir. Avtobus qıtlığı və intervalın artması sərnişinlərin işini daha da çətinəşdirir. İşə tələsən və avtobus tapmayan sərnişinlərin yeganə ümid yeri isə taksilərə qalıb. Analoji problem Bakıətrafı qəsəbələrdə daha qabarıq və kəskin şəkil alıb.  Qəsəbənin o başında dolan avtobus, bu başa çatanda artıq sərnişin sıxlığı ucbatından dayanacaqda saxlamır.  Qapıları açıq  vəziyyətdə yola düzələrək, təhlükəli şəkildə hərəkət etməkdə davam edir. Sərnişinlər isə daha uzun müddətdə avtobus gözləməyə məcbur olurlar. İstənilən halda yaranan bu mənzərədən ən çox əziyyət çəkən sərnişinlər olur. 
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin Sektor müdiri Mais Ağayev “Cümhuriyət” qəzetinə bildirib ki, səbəb avtobus qıtlığı deyil:
“Avtobusların sayı azalmayıb. Əksinə, yay regiminə münasibətdə bir sıra marşrut istiqamətləri üzrə nəqliyyat vasitələrinin sayı hətta artırılıb. Sadəcə tədris ili başladığı üçün şəhər əhalisinin sayı artıb. Yayda hamı şəhərdən kənarda idi, dincəlirdi. Sadəcə şəhərdə insanlarımızın sayı artdığı üçün belə hallar baş verir. Bu halın qarşısının alınması və sərnişinlərin xüsusən günün pik saatında dayanacaqda daha çox gözləməməsi üçün, intervalın azaldılması istiqamətində işlər aparılır”.

LEGION.AZ