15 yaşlı şagirdi hamilə qoyan müəllim azadlığa necə çıxıb? - Məhkəmə faktı təsdiqlədi
Sumqayıt Apellyasiya Məhkəməsi şagirdini zorlayan müəllimin azadlığa çıxması faktını təsdiqləyib. 
Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının rəsmisi İsmayıl İsmayılovun Cebhe.info-ya verdiyi məlumata görə, Şamaxıda şagirdinin hamilə qalmasında təqsirləndirilən və buna görə 5 il 6 ay azadlıqdan məhrum edilən müəllim Elnur İbrahimov bu ilin mayında azadlığa buraxılıb: 
“Elnur Həsənağa oğlu İbrahimovun işi hakim Vidadi Cəfərovun icraatında olub. O, 2016-cı ilin mayından həbsdə idi. Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü ilə ona 1 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. 13 may 2017-ci ildə Elnur İbrahimovun həbs müddəti bitib. Hazırda azadlıqdadır”. 

İsmayıl İsmayılov qeyd edib ki, ilk instansiyada Elnur İbrahimova 2 il 6 ay pedaqoji fəaliyyətlə məşğul olmaq hüququndan məhrumedilməklə 5 il 6 ay həbs kəsilib: 
“Həbs müddəti ilə razılaşmayan Elnur İbrahimov sonradan Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi isə ona verilən hökmü 1 il azadlıqdan məhrumetmə ilə əvəzləyib”. 

Xatırladaq ki, 2016-cı ildə Şamaxı rayonunun Pirbəyli kənd orta məktəb şagirdi müəllimi Elnur İbrahimov tərəfindən zorlanaraq hamilə qalmışdı. Nəticədə o, 5 il 6 ay azadlıqdan məhrum edilmişdi.

LEGİON.AZ