Qazaxlı kişinin rayonu vəhşilərdən qoruyan ilginc müdafiə taktikası - VİDEO
Qazax sakininin hazırladığı qurğu bir çoxlarının, xüsusən də təsərrüfatla məşğul olanların diqqətini cəlb edib. Fermer üzüm sahəsini qurd-quşlardan qorumaq üçün quşqorxudanın yeni, müasir versiyasını yaradıb. Qurğu həmçinin yırtıcı heyvanların əraziyə yaxınlaşmasının da qarşısını alır.
2 dəqiqədən bir hərəkət edir. Yaratdığı səslə ərazidəki quşları və yırtıcı heyvanları uzaqlaşdırır.
Qazaxın Xanlıqlar kənd sakini Tahir Qurbanovun ixtira etdiyi texnika həm fərqliliyi , həm də təsərrüfatdakı əhəmiyyəti ilə diqqət çəkir..Qurğu avtomobil şüşəsiləni və akkumlyatorun köməyi ilə hərəkətə gətirilir. Qurğu işə düşdükdə isə səsi bağın hər tərəfinə məftillərə bərkidilmiş dəmir qablar çıxardır.
Tahir Qurbanov qurğudan üzüm bağının qurd-quşdan qorunması üçün istifadə edib. Mövsüm vaxtı zərərvericilərin məhsula vurduğu ziyan təsərrüfatçını bu cür vasitəyə əl atmağa vadar edib. Qurğu düzəldikdən sonra əraziyə, demək olar, bir dənə də olsun heyvan, quş yaxınlaşmır.O,deyir ki, bu həm də çox ucuz başa gələn vasitədir.
Üzüm bağı yol kənarında olduğu üçün buradan ötüb-keçənlər qurğunu maraqla izləyir. Hətta bəzi fermerlər bu texnikadan yararlanmaq fikrinə düşüblər.Təsərrüfata çəkilən xərcləri minimuma endirmək üçün Tahir Qurbanov başqa vasitələrə də əl atıb. Soyuducu anbarlara daha çox pul xərcləməsin deyə, evində belə bir anbar tikib istifadə edir. Az enerji işlətdiyindən anbardan digər təsərrüfatçılar da istifadə edir. Bunun müqabilində isə sadəcə elektrik enerjisinin pulunun ödənilməsinə şərik olurlar.

LEGİON.AZ