Marketlərin ənənəvi problemi: vitrində bir qiymət, kassada başqa qiymət FOTOFAKT
Böyük marketlərdə vitrinlərdəki qiymətlərlə kassadakı qiymətlərinin üst-üstə düşməməsi ilə bağlı məsələ dəfələrlə gündəmə gəlib.
“Yeniavaz.com”un məlumatına görə, “Araz” marketdən “Roshen karovka” konfeti alan müştəri vitrində başqa, kassada başqa qiymətlə rastlaşıb.
Belə ki, vitrində qiyməti 4 manat 70 qəpik olan konfetin 280 qramı 1 manat 32 qəpik olsada, kassada konfetin qiyməti 5 manat 40 qəpik çıxıb.
Qeyd edək ki, dəfələrlə mətbuatda marketlərin müştəriləri aldatması faktı işıqlandırılsada bu problem həll olunmur.
Məsələ ilə bağlı “yeniavaz.com”a açıqlama verən “Araz” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elvin Babayev bildirib ki, ümumiyyətlə böyük market şəbəkələri vitrin qiyməti ilə kassa qiyməti arasında fərqlərə görə bəzən problemlər yaşayır: “Çünki vitrində məhsulu başqa qiymətə görən müştəri kassada fərqli məbləğ ödədikdə özünü aldadılmış hesab edir. Bu cür halların baş verməsinin iki əsas səbəbi var. Birincisi müştəri amili. Yəni mağazada hər bir müştəri alış-veriş edən zaman məhsulları vitirindən incələmək, tərkibini oxumaq üçün götürür. Bəzən həmin müştəri məhsulu vitirinə geri qoyan zaman əvvəlki yerinə yox, daha ucuz və ya baha məhsulların içinə yerləşdirir. Bu da digər müştərilərdə çaşqınlıq yaradır. Bunun həlli üçün bizim satıcılarımız daima vitrinlərə nəzarət edir. Təbii ki, insan amili olan yerdə vitrin düzülüşündə bu kimi xırda səhvlər nəzərdən qaça bilir. İkinci əsas səbəb satılan məhsulların qiymətində dəyişikliklərin olmasıdır. Qiymət dəyişiklikləri tez-tez baş verir və bu dəyişikliklər tədarükçülərdən qaynaqlanır. Market şəbəkələrində bu qiymət dəyişiklikləri mərkəzdən idarə olunur və kassada avtomatik olaraq yenilənir. Təbii ki, bu kimi hal olan zaman dərhal mağaza personalına məlumat verilir. Marketdə yüzminlərlə məhsul çeşidi olur və qiymətlərin vitirində dəyişikliyi fiziki olaraq bir neçə saat çəkir. Vitrinlərdə qiymət dəyişimi olunana qədər müştəri həmin məhsulu alırsa avtomatik qiymət fərqi yaranır. Bu da müştəri narazılıqlarına səbəb olur. Biz Araz Supermarketlər Şəbəkəsi olaraq müştərilərimizi düşünərək və müştəri məmnuniyyətinə önəm verərək 4 əsas prinsip müəyyənləşdirmişik və böyük lövhələrdə bütün filiallarımızda yerləşdirmişik. Bu prinsiplərə görə, supermarketlərdən alınan istənilən məhsul 15 gün ərzində geri qaytarılır. İkinci prinsip təzə məhsul etibarlılığıdır ki, müştəri alış-veriş zamanı istifadə müddəti bitmiş məhsul aşkar edərsə, yeni məhsul ödəniş olaraq hədiyyə verilir. Üçüncü prinsipə görə marketin filiallarında çap xətası ilə əlaqədar hər hansı bir məhsulun qiyməti ucuz elan edilərsə, bu qiymət kassada da keçərlidir. Dördüncü prinsip qiymət etibarlılığıdır. Belə ki, marketdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda (barkod, marka adı, ölçü vahidi və miqdarı eyni olarsa) ucuz olan qiymət keçərlidir.
Biz müştəri məmnuniyyətinə önəm verərək, müştərilərə daima keyfiyyətli məhsullar təqdim edir, yüksək xidmət göstərməyə çalışırıq. Hər-hansı bir neqativ hal yaşandıqda müştərilərimizin dərhal qaynar xəttimizə (012924) zəng edərək, facebook və instagram səhifəmizə yazaraq məlumat verməsini xahiş edirik. Məqsədimiz müştərilərimizin hər zaman razı qalması və onların məmnunluğudur”.

LEGİON.AZ