Bakıda Müəllimlər günü: Hansı məktəblərdə pul yığıldı - VALİDEYNLƏR DANIŞDI
Bu gün Azərbaycanda müəllimlər öz peşə bayramlarını qeyd edir.
Cebhe.info xəbər verir ki, 5 oktyabr 1966-cı ildə UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb.
1994-cü ildən isə həmin tarix UNESCO tərəfindən Ümumdünya Müəllimlər günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.
Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq, milli səviyyədə "müəllimlər günü" qeyd edilir.
Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində "müəllimlər günü" qeyd olunur.
Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.
2016-2017-ci tədris ilinin statistikasına əsasən, Azərbaycanda ümumtəhsil müəssisələrində 146 minə yaxın müəllim çalışır. Ümumilikdə isə ali təhsil, orta ixtisas, peşə və sair sahələrdə çalışan müəllimlərin sayı 170 mindir.
Bu gün müəllimlərimiz üçün əziz gündür - müəllim adını daşıyanlar, bu adın dəyərini bilənlər öz peşə bayramlarını qeyd edirlər. Lakin əfsuslar olsun ki, indi şərəfli peşə hesab edilən müəllimlik daha əvvəlki kimi yüksək dəyərləndirilmir. Buna səbəb valideynlər tərəfindən müəllimlər üçün pul yığılması hallarının çoxalmasıdır.
Yeri gəlmişkən, bir neçə gün öncə Təhsil Nazirliyi xəbərdarlıq etdi ki, 5 oktyabr - Beynəlxalq Müəllimlər günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa, valideynlər nazirliyin “146” qaynar xəttinə müraciət edə bilərlər.
Əgər bu hal öz təsdiqini taparsa, həmin müəllim işindən azad olunacaq. Təəssüf ki, bu hala əməl edən yoxdur. Əksər məktəblərdə valideynlər komitəsinin sədri olan valideynlər digər valideynlərdən gizli şəkildə pul toplayaraq, müəllimə təqdim edirlər. Özü də onlar müəllimlərin yaxın adamı olur, hansısa valideyn Müəllimlər günündə pul yığılmasına etiraz edəndə, canfəşanlıq edərək, bu günün ildə bir dəfə olduğunu önə çəkirlər…
Cebhe.info Müəllimlər günü ilə əlaqədar bir neçə məktəbdə olub, valideynlər arasında sorğu keçirmək qərarına gəldi. Görək, hansı məktəblərdə valideynlərdən pul yığılır?
Aynur Hüseynova
 müxbirimizlə söhbətində deyir ki, qızı Zəhra, oğlu Əli 158 saylı tam orta məktəbdə təhsil alır. Bu il Müəllimlər günü ilə əlaqədar müəllimlərə heç bir pul, ya da hədiyyə verməyib:
“Oğlum 3-cü, qızım isə 10-cu sinifdə oxuyur. Ümumiyyətlə, indiyədək Müəllimlər günündə valideynlərdən məcburi pul yığılmayıb. Biz valideynlər könüllü olaraq pul yığıb sinif rəhbərinə konvertdə vermişik. Ya da, hədiyyə və gül almışıq. Ötən il pul yığılanda mən də hərəsi 30 manat olmaqla, həm oğlumun, həm də qızımın sinif rəhbərləri üçün ümumilikdə, 60 manat pul verdim. Bu il imkanım olmadığı üçün əlimi cibimə salmadım”.
18 saylı tam orta məktəbdə iki oğlu oxuyan Sevda Əliyeva da eyni sözləri deyir. Bildirir ki, pul yığmaq könüllüdür:
“Valideynin imkanına baxır. Olur ki, 30 manat yığılır. Daha artıq da olur. Bəzən valideynlər toplaşıb 15 manatdan yığıb digər fənn müəllimlərinə də yüngülvari hədiyyə alırlar. Adətən, bu işi valideynlər komitəsinin sədri edir, təşəbbüs göstərir”.
İlahə İbadova 
adlı valideynin qızı 248 saylı tam orta məktəbin 9-ci sinifində oxuyur: 
“Bugünlərdə direktor Xəyyam Xələfov akt zalında valideynləri topladı. Dedi ki, qarşıdan Müəllimlər günü gəlir. Hansı valideyn gətirib, hansısa müəllimə 1 manat pul versə, həmin müəllim işdən xaric olunacaq. Əvvəlki direktor qadın idi, altdan-altdan pul alırdı… Elə ona görə də 6 ay öncə vəzifəsindən uzaqlaşdırdılar”. 

LEGİON.AZ