Sərnişinlər qapıdan sallanıb gedir: Belə hallara pik saatlarda rast gəlinir - VİDEO
Sərnişinlər avtobusun içərisində deyil, qapıdan bayırda, qapıdan sallanaraq gedirlər. Paytaxtdakı sərnişin avtobuslarından birində qeydə alınan hadisənin görüntülərini vətəndaşlardan biri çəkərək "XəzərXəbər”in votsap nömrəsinə göndərib. Avtobusun sahibkarı hadisənin baş vermə səbəbini "XəzərXəbər”ə danışıb.
İnsanlar marşrutun qapısından sallanaraq gedirlər. Görüntülər 20 yanvar metrosunun yanından Abşeronun Pirəkəşkül qəsəbəsinə gedən 114 nömrəli marşrutdandır.
Avtobusdan istifadə edən sərnişinlər deyir ki, belə hallar axşam saatlarında, sıxlıq müşahidə olunan zaman baş verir.
Məsələ ilə bağlı marşrut xəttinin sahibkarı ilə əlaqə saxladıq. Onun Xəzər Xəbərə verdiyi açıqlamaya görə sərnişinlərin qapıdan bayırda getməsi ilə bağlı hadisədən xəbərdardırlar. Həmin vaxt avtobusa minmək üçün çoxlu sayda insan axın etdiyinə görə avtobusun qapısında nasazlıq yaranıb və o bağlanmayıb. Bundan istifadə edən bir qrup sərnişin isə sürücünün tələbinə baxmayaraq avtobusdan sallanıb getməkdə davam ediblər. Ancaq sərnişinlər daşındıqdan sonra həmin avtobus təmirə göndərilib və onun qapısındakı nasazlıq aradan qaldırılıb. Marşrut xəttinin sahibi belə hadisələrlə qarşılaşan zaman vətəndaşları avtobusun içərisində qoyulan mobil nömrəyə zəng etməyi və öz şikayət və təkliflərini bildirməyi tövsiyyə edib.

LEGİON.AZ