"Məmurlar bu torpaqları əlimizdən almasın"
"Məskunlaşdığımız kənddə torpaq islahatları aparılarkən bizə də əkib-becərməyə torpaq sahəsi ayrılıb. İndi rayon məmurları o torpaq sahələrini yağlı tikə kimi udmaq istəyirlər. Bu isə azı 200 köçkün ailəsini yavan çörəksiz qoymaq deməkdir". Dia.az bildirir ki, Şəki şəhərinin Qaratorpaq kəndində məskunlaşmış köçkün Rüstəm Əlişovun şikayəti istifadəsində olan əkin sahəsinin əlindən alınmasıyla bağlıdır.

Bu iddia təkcə Rüstəm Əlişova aid deyil, kənddəki 100-dən çox köçkün ailəsi iddia edir ki, rayonun yüksək vəzifəli məmurları onları illərdir əkinlə məşğul olduqları torpaqlardan məhrum etmək istəyirlər.

Köçkün Asim Quliyev deyir, 21 may 1999-cu ildə qəbul olunmuş “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanuna əsasən, Qaratorpaqdakı köçkünlər də kənddəki torpaq islahatından kənarda qalmayıblar. Onlara da kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahələri ayrılıb. Bu günədək köçkünlər, əsasən, taxıl əkib dolanırlarmış. İstifadələrində olan torpaqlara görə vergilər də ödəyiblər: "İstədiyimiz odur ki, məmurlar bu torpaqları əlimizdən almasın, əkinçiliyi, heyvandarlığı davam etdirək, ailələrimizi dolandıraq. Bizi küçələrə, qapılara salmasınlar. Torpaqlar qalıb beş-altı nəfərin əlində. İstədiklərini edirlər. Nə qanun sayırlar, nə dövlət..."

LEGİON.AZ