Hüquq Müdafiəçisi Prezidentdən kömək istəyir
Baş Prokuror Qaralov Zakir və digərlərinin qanunsuz hərəkətlərindən
Ş  İ  K  A  Y  Ə  T

Hörmətli Prezident,

Bildirirəm ki, Bakı şəhəri, Nərimanov rayon İcra şöbəsinin rəisi Əliyev Kamal və icra məmuru Həmzəyev Zaur “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin direktoru Bayramov İsgəndərlə və QSC “Bank Standart” KB-nın nümayəndəsi Xankişiyev Ayaz Aydın oğlu ilə əvvəlcədən sövdələşərək Yasamal rayon Mənkəməsinin 2(004)-2424/2009 saylı mülki iş üzrə 17.06.2009-cu il tarixli Qətnaməsinin icrası ilə əlaqədar öz xidməti vəzifələrini yerinə yetirmək əvəzinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənim xüsusi mülkiyyətimdə olan mənzilə aid sənədləri saxtalaşdırma yolu ilə, dəyərindən çox az qiymətə məndən xəbərsiz öz aralarında alqı-satqı edərək qanunsuz yolla ələ keçirmişlər.
Onlar, bu qanunsuz əməllərini 2012-2013-cü ildə xəlvət həyata keçirib, gizli saxlamışlar və 5 ildən sonra, yəni 2017-ci ilin iyun ayında icra məmurunu mənzilə yollayıb ailəlikcə evdən çıxmağımızı tələb etdirən zaman bu barədə bizə məlum olmuşdur.
7 nəfərdən ibarət ailə üzvlərimlə daimi qeydiyyatda olmaqla, xüsusi mülkiyyətimdə olan yeganə yaşayış mənzilinin cinayət yolu ilə vəzifəli şəxslər tərəfindən mənimsənilməsi barədə mən Baş Prokurora dəfələrlə şikayət etmişəm.
Törədilmiş cinayət hadisəsi barədə mənim şikayət ərizələrimi Baş Prokuror bu işə heç bir aidiyyəti olmayan Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərmişdir. Oradan isə mənə cavab məktublarında bildirilir ki, sitat:
“… müraciətinzdə qaldırılan məsələnin həlli ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hər hansı səlahiyyətə malik deyildir. Belə ki, Xidmət Azərbaycan Respublikasının Prezidentinin 04.05.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq daşinmaz əmlakin dövlət reyestrinin tərtib edilməsini və aparılmasını tərtib edir”. (məktubların surətləri əlavə olunur).
Bundan başqa, 3-cü ərizəm barədə Baş Prokurorluqdan mənə yollanış “Bildiriş” məktubunda mənim 17009000101051219 №-li ərizəmin 24.07.2017-ci il tarixdə Baş Prokurorluğun elekron bazasında qeydə alındığını və müraciətimə baxılmasının nəticəsi barədə əlavə olaraq poçt vasitəsiilə əlavə bildirələcəyi göstərilmişdir (surəti əlavə olunur).
Təəsüflər olsun ki, Baş Prokurorluğun http://wwwprokurorluq.gov.az saytında bildirilir ki: “ƏRIZƏ  QEYDIYYATA  ALINMAYIB!”.
Güman edirəm ki, şərhə ehtiyac yoxdur.
Sadəcə olaraq, bir sualım var: bu gün Baş Prokuror vəzifəsində olan Qaralov Zakir Bəkir oğlu ötən əsrin 92-93-cü illərində Sabunçu rayonunda müstəntiq vəzifəsindən kənarlaşdırılanda, onun ailəsinin yeganə yaşayış mənzilini də cinayət yolu ilə mənimsəmiş olsaydılar və bu barədə onun müraciətlərinə Baş Prokurorluqdan belə “ötür-ötür”, “yola ver” cavabları verilsəydi, nə edərdi?!
Hörmətli Prezident,

Məlumat üçün bildirirəm ki, mən 2011-ci ildən hal-hazıra kimi hüquq müdafiəçisi kimi fəaliyyət göstərirəm və bu müddət ərzində bəzi məmurların qəbulunda sosial problemlərinin həllini tapa bilməyən vətandaşlara yardımçı olmuşam. 2012-ci ildə “QAFQAZ REGION” İctmai birliyini təsis edərək, sədri seçilmişəm. Əminəm ki, mənim fəaliyyətimdən agah olan bu vəzifəli şəxslər bilərəkdən mənzilim üzərində öz qanunsuz hərəkətlərini ona görə qizlincə törədiblər ki, onlar öz proqnozları ilə güman ediblər ki, bu müddət ərzində mən hüquq müdafiəçisi olaraq bu və ya digər hərəkətə görə həbs oluna bilərəm və ondan sonra onlar sakitcə gəlib mənim ailə üzvülərimi çölə töküb, mənzilimi 5 il bundan əvvəl aldıqlarını əsas gətirəcəklər.
Ancaq, mən hüquq müdafiəçisi olaraq fəaliyyətim dövrində hansısa vətandaşın sosial problemin həllində problemi siyasiləşdirməmişəm. Hər zaman dövlətçiliyin qorunmasına xidmət edərək ictimai nəzarətin yaradılmasında əlimdən gələni əsirgəməmişəm.
Hörmətli Prezident,

Mənim Sizə müraciət etməyimə səbəb Baş Prokurorun və prokurorluğun vəzifəli şəxslərinin vətəndaşa qarşı belə yarıtmaz, biabırçı, məsuliyyətsiz, vicdansız, süründürməçi, ötür-ötür hərəkətləri olmuşdur.
Odur ki, şikayətimin mövcud qanunvericilik əsasında araşdırılmasına və günahkarların məsuliyyətə cəlb edilməsinə göstəriş vermənizi  Sizdən xahiş edirəm.
Hörmətlə:  “QAFQAZ REGİON” İB-nin sədri M.R.Tağıyev

QAFQAZXEBER.AZ