FSB-nin xilas etdiyi azərbaycanlı qızın atası danışdı…- AÇIQLAMA
Marif Yakubov 22 il əvvəl atasını oğurlayanlardan danışdı
Oktyabrın 16-da  QAFQAZXEBER.AZ  saytında  365info.az-a istinadla “22 İL ƏVVƏL BABA İNDİ DƏ NƏVƏ OĞURLANDI?” başlıqlı yazı dərc olunmuşdu.
Yazıda bildirilirdi ki, təxminən 5 gün əvvəl ölkə mətbuatı yazdı ki, Bakıda 24 yaşlı qız itib.
«Bu barədə qızın bacısı Zeynəb Yakubova sosial şəbəkədə yazıb. O, bildirib ki, bacısı Olesya Yakubova dünən saat 16:00 radələrində “28 May” ərazisində olub. Əynində sarı pencək, cins və çəkmələr olub. Z.Yakubovanın sözlərinə görə, dünəndən bacısından heç bir xəbər yoxdur: “Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinə müraciət edilib. Biz onun oğurlandığını düşünürük”.
“Xanımı görənlərdən xahiş olunur ki, bu nömrə -0503250922 ilə əlaqə saxlasınlar”,-məlumatda deyilirdi.
Bu məlumatdan sonra, dünən 365info.az saytının redaksiyasına Yakubovların ailəsi ilə bağlı maraqlı məlumat daxil olub.
Mənbənin verdiyi məlumata görə, 22 il əvvəl Olesya Yakubovanın babası Rambo Yakubov o vaxt baş nazirin müavini olan Abbas Abbasovla da yaxın olan adamlar tərəfindən oğurlanmışdır.
Sonradan Rambo Yakubova görə onun oğlu Marif Yakubovdan yaxşı pul alınaraq Rambo Yakubov azadlığa buraxılmışdır. Qeyd edək ki, qızın atası Marif Yakubov “Marik” kimi də tanınır.
İndi də həmin kişinin nəvəsi Olesya Yakubova bacısı Zeynəb Yakubovanın sosial şəbəkədə yazdığına görə güman edilir ki, oğurlanıb.
Düzdür, bu məlumat ölkə mətbuatında getdi, amma sonra heç bir mətbu orqan maraqlanmadı ki, görəsən bu qızla bağlı polis tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir, yoxsa-yox.
365info.az
 saytına daxil olan məlumata görə Olesya Yakubovayla sosial şəbəkə vasitəsi ilə ekstrasens Zirəddin Rzayevin adından yazışıblar. Olesya Yakubova ilə yazışanlar ona bildiriblər ki, guya onlar onu ulduz edə bilərlər, çünki, Olesya bir çox istedada malikdir. Və bu cür yazışmalarla Olesyanı valideyinlərindən gizlin Moskvaya gətizdirirlər. Və Olesyaya tapşırırlar ki, onun Moskvaya gəlməsini heç kim bilməsin. Olesya ekstasensin adından onunla yazışanlarla razılaşır və hətta öz mobil telefonunu özü ilə Moskvaya aparmır.
Bu hadisədən xəbər tutan Olesyanın atası Marik Moskvada “FSB”-dəki (Federal Təhlükəsizlik Xidməti) dostlarına müraciət edir və Olesya Yakubova Moskva aeroportunda Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılır. “FSB”-nin əməkdaşları onu sorğu-sual edəndə aydın olur ki, Zirəddin Rzayevin adından bir qrup cinayətkar dəstə Olesya Yakubova ilə sosial şəbəkədə yazışaraq onu aldadaraq Moskvaya gətizdiriblər. Bu məsələyə aydınlıq gətirmək üçün “FSB” Zirəddin Rzayevin də “qonağı” olub. Və Zirəddin Rzayev “FSB”-nin əməkdaşlarına bildirib ki, Olesya Yakubovanın bəxti onda gətirib ki, onun atası “FSB”-yə müraciət edib: “Mənim adımdan istifadə edən bir qrup cinayətkar dəstə bir çox insanları sosial şəbəkə vasitəsi ilə tora salıblar. Həmin şəxslərin də axtarışları davam edir. Və onların sağ olub-olmamasını da təsdiqləyən fakt yoxdur”.
QAFQAZXEBER.AZ
-ın əməkdaşı mövzuyla bağlı araşdırma aparmaq məqsədiylə, Olesya Yakubovanın atası Marif Yakubovla əlaqə saxladı.
– “Marif müəllim, 365info.az yazıb ki, 22 il əvvəl sizin atanız da oğurlanıb, həm də Abbas Abbasova yaxın olan adamlar tərəfindən… Bu yaxında da qızınızın FSB tərəfindən Moskvada aeroportda saxlanılması qeyd olunub. Nə dərəcədə doğrudur?”, – deyə soruşduq.
– “Qulaq as, kimə lazımdır bu?” – həmsöhbətimiz suala sualla cavab verdi.
“Bu məlumatlara aydınlıq gətirmək istəyirik. Nə dərəcədə həqiqətə uyğundur?”- deyə təkrarən soruşduq.
“Lazım deyil də.. Nə olub, gedib…” – deyə M.Yakubov birbaşa cavab verməkdən yayındı.
“Yəni, olub da belə şeylər?” – deyə dəqiqləşdirmək istədik.
“Olub keçib… Olanları təzədən yada salmayaq. Bizim ailəmizin öz işidir, öz düşmənlərimizi özümüz həll edirik”, – deyə həmsöhbətimiz cavab verdi.
“Marif müəllim, Zirəddin Rzayevin adı da hallanır… Deyilir ki, bir qrup adam onun adından istifadə edərək qızınızla danışıblar…” – deyə bildirdik.
“Qulaq as, gör nə deyirəm. Biz heç kimə arxayın deyilik, özümüzə güvənir. Nə bir kömək görmüşük, nə yolgöstərən görmüşük… Heç kimdən də kömək istəmirik”, – deyə M.Yakubov vurğuladı.
“Mən jurnalist kimi araşdırmaq istədim” – deyə Qafqazxeber.az əməkdaşı qeyd etdi.
“Lazım deyil… Nə olub, olub gedib… O adamlar Abbas Abbasovun adamları deyil. Onlara yaxın adamlar indi hökumətdə oturur, hökuməti idarə edirlər. Gedin araşdırın, banditizmi var, terrorizmi var… Nə olub, olub”, – deyə M.Yakubov söhbəti bitirdi.
M.Yakubovun ailəsinin başına gətirilənlərlə məlumatlı olan mənbələri də tapa bildik.
Adının hallanmasını istəməyən mənbələr bildirdi ki, M.Yakubovun atası Rambo Yakubov doğrudan da 22 il əvvəl məhz Abbasova yaxın adamlar tərəfindən oğurlanmışdı.
“Sadəcə, onun qardaşı və başqa yaxınları indi Moskvada yaşayır. Abbasovun isə orda güclü əlaqələri və imkanları var. Ona görə də, Marif Yakubov ehtiyat edərək, diqqəti başqa səmtə yayındırmağa çalışır”, – deyə mənbələr qeyd etdilər.
Araşdırmamız davam edir.

Tamerlan Zeynallı

QAFQAZXEBER.AZ

22 İL ƏVVƏL BABA İNDİ DƏ NƏVƏ OĞURLANDI?