Oğlu “Range Rover”lə Şahmar İbadovun Yasamala gedən yolunu necə kəsdi: QƏZADAN SONRAKI QƏZA
“Nərimanov rayon icra hakimiyyəti başçısının I müavini Şahmar İbadov yeni iddiaya düşüb. Artıq hazırkı postuna sığmayan birinci müavin icra başçısı olmaq sevdasına tutulub”.
Bu sözləri Savash.org-a etibarlı mənbə bildirib. İnformasiya qaynağımızın sözlərinə görə, Şahmar İbadov illərdir, bu iddiadadır, sadəcə olaraq müxtəlif səbəblərdən iddiasını bu günə qədər reallaşdıra bilməyib. Mənbəmiz bildirir ki, Şahmar İbadov iyul ayının əvvəlində tutduğu vəzifədən azad edilmiş Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin postuna təyinat almaq üçün hərəkətlənibmiş. Onun bu məqsədlə çox nüfuzlu bir şəxsə minnətçi düşməsi də daxil olan məlumatlar arasındadır. Amma onun bu planını oğlu Elmir İbadovun bu ilin avqust ayında paytaxtda ağır yol qəzası törətməsi pozub.

Savash.org xatırladr ki, avqust ayının 22-də Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində qadın vəfat edib. Baş verən hadisədən sonra isə Elmir İbadov polis tərəfindən saxlanılıb.
Mənbəmiz iddia edir ki, bu informasiyanın ictimailəşməsindən sonra Şahmar İbadovun Yasamal RİH başçılığına gedən yolu bağlanıb: “Hadisə bir müddət mediadan gizli saxlanılsa da sonradan məlumat kütləvi informasiya vasitələrində geniş işıqlandırıldı. Şahmar İbadov dərhal hərəkətə keçərək bir sıra saytlardan xəbərin silinməsinə nail olsa da artıq gec idi. Hər halda kimsə (hətta çox nüfuzlu biri olsa da – Savash.org) məmur ballarının harınlığına qarşı hər zaman barışmaz mövqe sərgiləmiş prezidentə Şahmar İbadovun namizədliyini təqdim etməyə cürət edə bilməzdi. Bununla da mövzu açılmamış bağlandı, amma Şahmar İbadov icra başçısı olmaq istəyini qəlbində dəfn edə bilməyib”.
Hadisənin ictimailəşdiyi həmin günlərdə Şahmar İbadovun oğlunu “sudan quru çıxartmaq” cəhdlərinin primitivliyi isə yalnız təəccüb doğurur. Sözügedən açıqlamanı olduğu kimi diqqətinizə çatdırırıq:
 
“Hadisə avqust ayında baş verib. Düzdür, oğlum qəza törədib. Yazıblar ki, hadisə yerindən qaçıb. Bu tamamilə səhv məlumatdır. O, yaşlı qadını elə yerindəcə avtomobilə mindirərək, xəstəxanaya çatdırıb. Qadın xəstəymiş. Ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz”.

Hörmətli Şahmar İbadovun sözlərindən belə çıxır ki, oğlunun idarə etdiyi avtomobil həmin qadını vurmasaydı belə, qadın xəstəlikdən öləcəkmiş və bu üzdən də məsələni şişirtməyi məsləhət bilmir…

Heyrət, heyrət və heyrət.
Şahmar İbadovun bundan daha heyrətamiz işləkləri haqda isə növbəti yazılarımızda daha təfərrüatlı bəhs edəcəyik.

LEGİON.AZ