“YapıKredi Bank Azərbaycan”ın “Pul kart”larında problem var?
Restoranda xarici qonaqlarla oturduğum zaman, telefonuma zəng gəldi. Xanım həmkarım idi. Yanacaqdoldurma məntəqəsində benzin doldurandan sonra, maaş kartı ilə hesabı ödəyə bilmirdi. Kartında halal pulu ola-ola.

Niyə məhz mənə zəng etməyinin səbəbi də var idi. Çünki bu maaş kartını mənim bundan əvvəl müştərisi olduğum və məsləhət gördüyüm bankdan almışdı – “YapıKredi Bank Azərbaycan”dan. Təbii ki, qonaqlardan üzr istədim, taksiyə minərək, yanacaqdoldurma məntəqəsinə getdim və məntəqə işçilərinin yanında günahkar kimi dayanan xanım əməkdaşımızın hesabını ödədim.

Amma bu, hələ son deyildi!..

Geri qayıdıb, restorandakı hesabı özüm də eyni bankın pul kartı ilə ödəmək istədim. Ofisiantın “kartınız bloklanıb” deməsi məni şoka saldı! Axşam, bloklanmış kart, cibimdə nağd pulun az olması və xaricdən bəh-bəhlə Azərbaycana dəvət etdiyim qonaqlar! Pərtliyimi görən qonaqlardan biri hesabı öz cibindən ödədi… Bir anlığa özünüzü mənim yerimə qoyaraq, hansı vəziyyətə düşdüyümü təsəvvür edin!

Mənim bu yazımı, çalışdığım “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin, mənim kimi pərt vəziyyətə düşmüş (pulsuz qalmış) əməkdaşlarına üzrxahlıq kimi də, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlıya müraciət kimi də qəbul etmək olar. Hörmətli Rüfət müəllim, hörmətli əməkdaşlar! Anladığım budur ki, mən çox böyük səhvə yol verərək, bütün əməkdaşlarımızın (40-dan çox) əməkhaqlarını məhz “YapıKredi Bank Azərbaycan”ın “Pul kart”ı vasitəsi ilə almasında vasitəçi olmuşam.

Biz bu bankla müqavilə imzalayarkən, qurumun ofisimizə ən yaxın olan “Elmlər” filialına müraciət etdik. Ayağımız “düşərli” oldu, cəmi iki həftədən sonra filial bağlandı və biz bank tərəfindən (diqqət edin, məhz bank tərəfindən – M.M.) “Cəfər Cabbarlı” filialına köçürüldük. Çox uzun get-gəldən sonra, nəhayət ki, bank kartlarımızı ala bildik. Güman etdik ki, yəqin, problemlərimiz bitdi. Amma haqqında yuxarıda qeyd etdiyim əhvalat “YapıKredi Bank Azərbaycan”la “Sputnik Azərbaycan” əməkdaşları arasında yeni bir səhifə açdı.

Kart hesabımızdakı pulların sıfırlandığını görəndən sonra bankın çağrı mərkəzinə zəng etdim. Məlum oldu ki, yaşadığımız problem onlardan yox, Vergilər Nazirliyindən qaynaqlanır. “Hansı qanunla, hansı əsasla hesabım blok edilib” sualını dəfələrlə təkrar etsəm də, “səhər filiala yaxınlaşın” kəlməsini 4 dəfə eşitməkdən başqa bir cavab ala bilmədim.

Gecənin əsəbiliyini boğaraq, səhər açılan kimi özümü bankın “Cəfər Cabbarlı” filialına yetirdim. Gecənin pərtliyindən, əsəbiliyindən irəli gələn neqativi səhər tezdən oradakı xanımın üzərinə atdığım üçün ondan da üzr istəyirəm. Amma məsələnin nə yerdə olduğu mənə izah olunandan sonra “YapıKredi Bank Azərbaycan”ın rəhbəri Cenk Yüksəlin Azərbaycanda öz müştərilərinə necə münasibət bəslədiyinin bir daha şahidi oldum.

Bankın xanım əməkdaşı bildirdi ki, Vergilər Nazirliyi bizim əməkdaşların kartları ilə bağlı bildirişlərin “Elmlər” deyil, “Cəfər Cabbarlı” filialına göndərilməsini tələb edir. Bank da, heç bir xəbərdarlıq etmədən, özü də bankın bağlandığı axşam saatlarında hesabları və kartları bloklayıb!

Filialı biz bağlamamışıq və müqavilə imzalayarkən bizə sənədlərdə hansısa yanlışlığın olduğu bildirilməyib. Bu məsələlər tam olaraq, bankın vicdanına yazılmalıdır. Amma yenə də, Vergilər Nazirliyi bankdan sənəd tələb edirsə, bankın baş ofisi niyə müştərilərə xəbərdarlıq etmədən, onların öz halal pullarını xərcləməsinin qabağını alır, terrorçuymuşuq kimi hesablarımızı bağlayır?

Bankdan əməkdaşlarımıza xəbərdarlıq edildiyini iddia etsələr də, 40 nəfərdən heç birinə xəbərdarlıq gəlməyib. Müqavilədə isə hamımızın e-mail ünvanı və telefonları göstərilib. Banka 1 manat borcu olan adamı, yerin deşiyindən də olsa, tapıb çıxarırlar. Bizə isə bir kəlmə xəbərdarlıq da göndərilməyib.

Müştərisinə, öz brendinə hörmət edən bank beləmi işləməlidir? İnsanları pis vəziyyətdə qoymamaq üçün xəbərdarlıq etmək daha düzgün və məntiqli olmazdımı? Hörmətli Cenk bəy Türkiyədə bankın müştərilərinə qarşı belə addım ata bilərdimi? Güman ki, yox! Çünki Türkiyədə müştəri bank rəhbərliyinin boğazından tutar, o bankı məhkəməyə verər, qazandığını burnundan gətirərdi. Bəs niyə bizim ölkəmizdə yaradılmış əlverişli biznes mühitdən istifadə edərək, hesabına böyük pullar qazandığınız əhaliyə — müştərilərinizə belə sayğısızlıq göstərirsiniz?

Əgər problem, bankın qeyd etdiyi kimi, onlarda yox, Vergilər Nazirliyindədirsə, yenə də cavabsız sual yaranır: Bizim bankla bağlanan müqaviləmizdə, vergi sənədimizdə hansısa yanlışlıq vardısa, niyə aprel ayından bu yana hesabımıza pul oturur, biz də o puldan vergi və hesabatımızı da verirdik? Bütün bu ödənişlər qəbul edilir, amma 7 aydan sonra nazirliyin yadına düşür ki, sən demə, bildirişlər səhv imiş?!

Hörmətli Rüfət müəllim! Bu tip cavabsız suallarımız çoxdur. Və bu suallar, camaat arasında “Banklar hərdən hesabları müxtəlif bəhanələrlə bir neçə günlük dondurur ki, pulları dövriyyəyə buraxaraq, spekulyasiyaya gedərək, əlavə qazanc əldə etsinlər” kimi söz-söhbətlərin yaranmasına səbəb olur. Biz müştəriyik və hüquqlarımızın müdafiəsi təmin olunmasa (ən azı, məndən asılı olmayan səbəblərə görə 5 gün müddətinə pulumu çıxara bilməməyimi kifayət qədər ciddi hüquq pozuntusu hesab edirəm), ölkədə normal bank-müştəri münasibətləri yaranmayacaq.

Və heç bir mexanizm də belə hallarla üzləşən insanları pullarını döşək altından çıxarıb banka etibar etməyə məcbur edə bilməyəcək. Onların işini asanlaşdırmaq əvəzinə, düyünə salan banklara etibar etməyən insanlar yenə də gəlirlərini gizlətməyə çalışacaqlar. Çox təəssüf ki, “YapıKredi Bank Azərbaycan” kimi bankların dövlətin prioritet kimi qəbul etdiyi nağdsız ödənişlər siyasətinə töhfəsi budur!

Əməkdaşlarımıza gəldikdə, onlara tövsiyə edərdim ki: Əgər, bankınızı dəyişmək kimi yeni bir zülmə qatlaşmaq fikrinə düşməsəniz, bundan sonra “YapıKredi Bank Azərbaycan” kartınızda olan pulu maaş günü çıxarın, hamısını çıxarın. Marketlərdə, YDM-lərdə nağd puldan istifadə edin. Çıxarın ki, qoy əlaqədar təşkilatlar da bu bankın dövlətimizin nağdsız hesablaşmalar siyasətinə nə qədər “töhfə” verdiyini və Azərbaycanda göstərdikləri xidmətin səviyyəsini görsünlər.

Hələ onu demirəm ki, müqavilə imzalanan zaman “siz bizim müştərimiz olursunuzsa, maaşı bizim kart vasitəsilə əldə edirsinizsə, bizdən problemsiz kredit ala bilərsiniz” nağılı kartı əldə etdiyimiz gün bitdi. Kredit üçün müraciət edəndə “biz jurnalistlərə kredit vermirik” dedilər. Amma bu, ayrı bir yazının mövzusudur.

Sizdən isə üzr istəyirəm. Cenk bəyin dili ilə desək, kusura bakmayın…

LEGİON.AZ