İcra başçısı vətəndaşı döydürdü – Nizami rayonunda daha bir qalmaqal
Ölkə rəhbərinin məmurlara qarşı dəfələrlə etdiyi sərt xəbərdarlıqlara baxmayaraq qanunsuzluqlar və vətəndaşların incidilməsi ilə bağl mediada hər gün xəbərlər yer alır.
Bu dəfə Savash.org olaraq üzərində dayandığımz məlumat isə “oğru elə bağırdı ki” məsəlini xatırladır. Nizami RİH başçısının qanunsuzluqları, vətəndaşlara qarşı saymazyana münasibəti ictimaiyyətə bəllidir. Bu rayon həm də yaşıllıqların məhv edilməsi, vətəndaşların yaşayış şəraitinin, rayon arxitekturasının ziddinə olaraq obyektlərin tikilməsi ilə məşhurdur.
Rayon icra başçısı Arif Qasımovun bu dəfəki əməli ilə bağlı xəbəri isə Savash.org olaraq olduğu kimi diqqətinizə çatdırırıq:
“Nizami rayonunda ağacların kəsilməsinə, qanunsuz ticarət obyektinin tikilməsinə etiraz edən sakin döyülüb. Hadisə Rüstəmov küçəsi 44-də baş verib.
Bu barədə saytımıza hadisənin şahidləri xəbər veriblər. Şahidlərin bildirdiyinə görə, ərazidə hansısa şəxs qeyri-qanuni olaraq ticarət obyekti tiktirmək istəyir. Həmin şəxs yaşıllıqları da məhv edir. Buna etiraz edən sakinlər isə təzyiqlə üzləşirlər.
Bu gün sakinlərdən biri etiraz etdiyi üçün ticarət obyekti tikdirmək istəyən şəxsin qoçu dəstələri tərəfindən döyülüb. Mənbə bildirir ki, qanunsuzluqları edən şəxslər Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun adamlarıdır”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

LEGİON.AZ