Cahangir Əsgərov IWF-nin qərarı ilə ölkənin adını batırır – “X” günü yaxında…
AZAL prezidenti Cahangir Əsgərov Azərbaycanın adını batırır
Palitika.Az-ın verdiyi məlumata görə, baş pilotun rəhbəri olduğu Azərbaycan Ağır Atletika Federasiyasının bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsi dünyada ölkəmizi rüsvay edib.
İdman ölkəsi kimi tanınan və müxtəlif beynəlxalq yarışlar keçirilən Azərbaycanda AAF-ın yarışlardan məhrum edilməsi C.Əsgərova baha oturacaq.
Onsuz da hakimiyyət düşərgəsində çoxlarının sevmədiyi və çoxdan gedişini gözlədiyi AZAL prezidenti üçün “X” gününə hazırlıq başlamışdı.
Ardınca baş verən bu hadisə də səbr kasası daşıran son damlalardan biri ola bilər.
Dünya Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytı xəbər verir ki, qurum bununla bağlı cəzaya məruz qalan 9 ölkənin milli federasiyalarını məlumatlandırıb.
IWF-in prezidenti Tamaş Ayan məsələ ilə əlaqədar bildirib ki, problemin həlli üçün cəzaya məruz qalan ölkələrdə idman sahəsində dəyişiklik olmalıdır:

“Bu ölkələrin əksəriyyətində yerli federasiya rəhbərliyində dəyişikliklər baş verib. Artıq vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görülür. Əlbəttə, biz bunu alqışlayırıq. Bu dəyişikliklər təmiz idmanın tələblərinə uyğun olacaq.
Həmin ölkələrdə dopinqlə mübarizə gücləndiriləcək. IWF onların bu istiqamətdə düzgün iş aparmalarına əmin olmaq üçün lazım olan hər şeyi edəcək ki, yenidən sıralarımızda öz yerlərini tutsunlar”.
Azərbaycan Ağır Atletika Federasiyasından “Report”a bildiriblər ki, IWF qərarının qüvvəyə minməsi ilə bağlı qurumu şifahi şəkildə məlumatlandırıb.
Azərbaycanın cəzaya məruz qalmasına 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın 3-dən çox, daha dəqiqi 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəb olub.
Palitika.Az-ın verdiyi məlumata görə, bir müddət əvvəl maaş almayan güləşçilər, sonra qılıncoynadanlar etiraza qalxmışdı.
Bu federasiyalara da nazirlər nəzarət edir. İndi də AZAL rəhbərinin AAF-ında biabırçılıq yaşanır. Ümumiyyətlə, AZAL prezidentinin xoşagəlməz avtoritetliyi yuxarı eşelonda bəyənilmir.
Onun saymazyana siyasəti, hakimiyyətdə əksər məmurları vecinə almamağı ölkə rəhbərliyi tərəfindən müsbət qarşılanmır.
Yəni, prezident İlham Əliyevin masasına heç də sərnişinlərdən ya da sıravi iş adamlarından yox, hakim komandadakı ayrı-ayrı adamlardan dosye çatdırılır. Milli Məclisdə tez-tez tənqid atəşinə tutulan baş pilotdan hamı xirtədəyə qədər narazıdır.
Mənbə qeyd edir ki, prezidentə Cahangir Əsgərov barəsində şikayətlərin xülasəsi çatdırılıb. Bu sırada yüksək çinli məmurların da adı keçir.
Məsələ təkcə monopoliya və qiymət bahalığı deyil, AZAL şefinin özünü ölkənin sahibi kimi aparması, tənqidləri qulaqardı etməsi, məmurları saymamasıdır.
Son illər “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL QSC) ilə bağlı əsas diqqəti çəkən məsələlərdən biri də şirkətin böyük ziyanla işləməsinə dair hesabatlardı.
Rəsmi statistikaya görə, son illər hava nəqliyyatında sərnişin daşımaları artsa da, Azərbaycan aviaşirkətlərin ziyanı 1999-cu ildən bu yana 500 milyon manatı keçib.
Sadəcə qeyd edək ki, ziyanın belə böyüməsinin bir səbəbi şirkətdə gəlirlərin təyinatından yayındırılması, korrupsiyanın miqyasının artması ilə bağlıdırsa, digər səbəbi də AZAL-ın prezidenti Çahangir Əsgərovun bütün gəlirli sahələri dövlət şirkətinin nəzarətindən çıxararaq, öz holdinqinə transfer etməsidir.

LEGİON.AZ