Filiallar bağlanır, kartlar bloklanır: Banklardan müştərilərə yeni “sürpriz”
Son illər banklarda pulun azalması, ixtisarlar, informasiya və texnologiyaların təhlükəsizliyinin qorunması istiqamətində əlavə xərclərin çəkilməməsi fonunda bu sistemdə müxtəlif problemlər aşkarlanır. Balansındakı vəsaitin sıfırlandığını öyrənən Ülkər Abdullayeva “Yapı kredi” bankından şikayətçidir.
Cebhe.info-ya bu haqda şikayətini yönləndirən həmsöhbətimiz hesabında sıfırlanan vəsaiti geri almaq üçün dublikat açdırmalıdır ki, bu da onun üçün əlavə vaxt itkisi və stressdir. Maraqlıdır ki, hesab sıfırlanmazdan öncə bu haqda müştəriyə heç bir məlumat verilməyib:
“Bankomata yaxınlaşıb kartımdan pul çıxarmaq istəyirdim. Balansım 0 göstərildi. Balansımda məbləğ var idi. Problemlə əlaqədar olaraq bankla əlaqə saxladım, bildirdilər ki, kart açdırdığım filial bağlanıb. Bu səbəbdən də kartım bloklanıb. Bildirilib ki, yeni açılan filiala yaxınlaşıb dublikat-hesab təqdim etməliyəm ki, kartımı açsınlar. Niyə müştəriyə bu barədə öncədən xəbərdarlıq edilmir?! Onların nə haqları var ki, xəbərimiz olmadan kartımızı bloklasınlar. Bəlkə o anda alacağım pul mənim ölüm-dirim məsələmi həll etməlidir?! Suallara cavab yoxdur. Yenə vergi, yenə bank və s. və i. İşlə, çalış, pul qazan, vergi, sosial sığorta ödə, rüblük, illik və s. hesabatlar ver. Banklar da səninlə beləcə zarafatlaşsın”.
Şikayətçinin sözlərinə görə, digər müştərilər də bənzər hadisə ilə qarşılaşıblar:
“İş yoldaşımız maşına benzin vurdurmaq üçün kartı verib, məlum olub ki, hesab donub. Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı tələb edir ki, hamı nağdsız hesablaşmaya keçsin, pulları kart vasitəsilə hesabdan-hesaba ötürsünlər. Banklar, vergi idarələri belə oyun çıxarırlar deyə, nə qədər adamın hüququ pozulur. Elə bir sistem yaradıblar ki, bütün hallarda vətəndaşın hüququ pozulur”.
Baş verən hadisəni dəyərləndirən hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, bu xətaya görə “Yapı Kredi” müştəriyə kompensasiya ödəməlidir:
“Müştərinin hesabı hansısa filiala bağlı deyil ki. Hesab banka bağlıdır. Hesabın sıfırlanması bankdaxili texniki problemlə əlaqədar ola bilər. Son illərdə bankların pulu az olduğu üçün texnologiyaların təhlükəsizliyi üçün kifayət qədər pul ayıra bilmirlər. Sadəcə olaraq, bank bu problemi etiraf etmək istəmir. Texniki problem, vətəndaşın çəkdiyi əziyyətə görə bank tərəfindən müştəriyə kompensasiya ödənilməlidir. Müştəri niyə dublikat açdırmaq üçün növbəti dəfə müraciət etməlidir?”

LEGİON.AZ