Yol polisi sükan arxasında danışmaqla bağlı məsələyə SON QOYDU
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin sükan arxasında olarkən sərnişinləri ilə danışmalarına görə məsuliyyətə cəlb olunmaları ilə bağlı məsələyə aydınlıq gətirib.

Trend xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, bununla bağlı sosial şəbəkələrdə əsassız müzakirələr aparılır, həqiqətə uyğun olmayan, guya qanunvericilikdə bununla bağlı dəyişikliklər olması haqda yanlış informasiyalar yayılmaqla yol hərəkəti iştirakçıları arasında bilərəkdən çaşqınlıq yaradılır.
Bununla əlaqədar Baş Dövlət Yol Polis İdarəsi bir daha hərəkət iştirakçılarının, xüsusilə sürücülərin diqqətinə çatdırır ki, sürücünün sükan arxasında, sərnişinlərin isə nəqliyyat vasitəsində gedərkən danışmasının qadağan olunması ilə bağlı qanunvericilikdə heç bir dəyişiklik olmayıb, bu hərəkətlərə görə indiyədək heç kim inzibati məsuliyyətə cəlb edilməyib və edilə də bilməz.
Sürücülərin diqqətinə onu da çatdırırıq ki, təkcə bu ilin 9 ayı ərzində qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən piyada vurma, toqquşma və maneəyə vurma kimi ağır yol qəzalarının əksəriyyəti məhz sürücülərin diqqətinin yayınması səbəbindən baş verib.
İnsanların ölümü və xəsarət almaları ilə nəticələnən qəzaların qarşısının alınması, habelə ümumilikdə yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə hərəkət iştirakçılarının, xüsusilə sürücülərin nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmaları, yol hərəkəti qaydalarına ciddi riayət etmələri tövsiyə olunur.

LEGİON.AZ