Heydər Əliyev: ““…Ağacları kəsib oranı baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət etməyiblərmi?” – NİZAMİ RAYONU
Bir budaq deyil. bir yarpaq belə qopanda xəbərdar olan Ekologiya və Təbii Sərvətlər nazirliyi bu qədər yaşıllığIn məhv edilməsinə nədən susur?

Ötən gün Nizami rayonu ərazisində baş verən son hadisələr və paytaxtın şəhərsalma və memarlıq ənənələrinə uyğun olmayan tikililərlə bağlı Conflict.az-ın ( https://www.youtube.com/watch?v=AyA-2FMsFS0 ) linkdə təqdim etdiyi videoda mərhum prezident Heydər Əliyevin hər kəsə dərc olacaq çıxışı var: “…O ağacları kəsib oranı baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət etməyiblərmi? Həmin ağacları bərpa etmək indi olduqca çətindir. Hesab edin ki, onlar mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq - ədalət məhkəməsi qarşısında cavab versinlər. Orada baqqal dükanları tikənlərin, özləri üçün xüsusi mülklər salanların hamısını qovmaq lazımdır, oranı uçurtmaq lazımdır.” 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər üçün iki min manat, vəzifəli şəxslər üçün dörd min manat, hüquqi şəxslər üçün isə iyirmi beş min manat miqdarında cərimə nəzərdə tutulub. 

Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən hər bir ağacın və ya kolun qanunsuz kəsilməsinə, zədələnməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər min iki yüz manat, vəzifəli şəxslər beş min manat, hüquqi şəxslər isə otuz beş min manat miqdarında cərimələnir. 

Bundan başqa, magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində hər bir ağacın və ya kolun məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə fiziki şəxslərə iki min beş yüz manat, vəzifəli şəxslərə altı min manat, hüquqi şəxslərə qırx min manat miqdarında cərimə kəsiləcək.

Göründüyü kimi ölkə qanunları nəinki bir ağacı, hətta bir kolu belə hüquqi əsas olmadan qoparmağı yasaqlayır. Təəssüf hissi ilə qeyd edək ki, Nizami rayonunda bu hal kütləvi xarakter alıb. Mərhum prezident Heydər Əliyevin təbirincə desək hansısa “baqqalxananın” tikintisi dövlət əhəmiyyətli məsələ olmadığı üçün bir budağın belə qoparılması XƏYANƏTDİR. Bəli sözün əsl mənasında xəyanət. Sözsüz ki, bu ifadənin də müəllifi mərhum prezident Heydər Əliyevdir: “…O ağacları kəsib oranı baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət etməyiblərmi?”

Conflict.az-ın ötən gün təqdim etdiyi “NİZAMİ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISINI HEYDƏR ƏLİYEV PRİNSİPLƏRİNƏ QARŞI ÇIXMAĞA NƏ VADAR EDİR?” adlı I Yazıda qeyd edildiyi kimi metronun “Neftçilər” stansiyasından, paytaxt sakinlərinin “8-ci km” adlandırdıqları bazar istiqamətində, yolun sol kənarı başdan – başa tikinti meydançasını xatırladır.

Diqqətli oxucuların nəzərinə çatdıraq ki, on illər öncə əkilmiş şam ağaclarının arasında kiçik ölçülü restoran kabinetləri inşa edilən ərazinin qarşısına “Yeni parkın salınması ilə əlaqədar müvəqqəti narahatçılığa görə üzr istəyirik” sözləri yazılmış lövhənin vurulması ilk baxışdan blef təsiri bağışladı. Əvvəla ona görə ki, həmin ərazi ilə üzbə - üz durduqda sol tərəfdə yenə da şam ağaclarının içərisində geniş ərazidə restoran fəaliyyət göstərir. Digər tərəfdən “park salındığı” iddia edilən ərazinin sağ tərəfi olduğu kimi durur. Necə ola bilər ki, eyni magistralın kənarındakı yaşıllığın bir hissəsi hasara alınmış restoran, digər bir hissəsində park salındığı iddia edilir, üçüncü hissə isə toxunulmaz qalır. Deməli asılan plakat sadəcə ictimai diqqəti yayındırmaq üçündür. Bu məsələdən Nizami rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımovun xəbərsiz olması mümkün deyil.

Əvvəla Conflict.az-ın təqdim etdiyi ərazi RİH-nin inzibati binasının tam yaxınlığındadır. Digər tərəfdən böyük bir yaşıllığın zəbt edilərək kommersiya məqsədi ilə aparılan tikinti işlərindən xəbərsiz olma qənaəti qətiyyən inandırıcı deyil. Bəs nədən lövhəli blef? Nizami rayon İcra Hakimiyyəti başçısının məhz bu cür tikililər konteksində son zamanlar medianın gündəminə gəlməsi sözsüz ki, cənab Arif Qasımov üçün narahatlıq yaradan amildir. Məhz məsələyə bu aspektdən yanaşaraq blef xarakterli lövhənin asılması ictimai nəzarətin istiqamətini dəyişmək, eyni zamanda paytaxt sakinlərinin şüuraltı düşüncəsində “yeni park salınır” təəssüratı yaratmaq məqsədi daşıyır.

Xatırladaq ki, həmin ərazidən cəmi bir neçə metr kənarda, nəinki piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki bağlanıb, hətta avtobus dayanacı belə götürülüb. “8-ci km” bazarından metronun “Neftçilər” stansiyası istiqamətinə gələn avtobusları gözləyən sərnişinlər məcburən həyatlarını təhlükəyə ataraq avtomobillərin hərəkət etdiyi şossedə gözləməyə məcbur olurlar.

Maraqlıdır, Nəqliyyat nazirliyi Rabitə və Yüksək Texnologiyalar nazirliyi ilə birləşməmişdən öncə, 1-cinin paytaxtdaxili avtobusları dayanacaqdan – dayancağa prinsipi ilə saxlamağa məcbur edən qaydaları bu gün nəinki aradan qalxıb, hətta dayancaq belə ərazidən götürülüb. Bəyəm həmin qaydalar birləşməyə qədər keçərli idimi? Bundan başqa bir budaq deyil, bir yarpaq belə qopanda xəbərdar olan Ekologiya və Təbii Sərvətlər nazirliyi bu qədər yaşıllığIn məhv edilməsinə nədən susur? Sübut və ya faktmı gözləyir? İzinin silinməsi mümkün olmayan fakt var. Ərazidə aparılan tikililər.

Bundan başqa ərazidə yaşayan sakinlərdən birinn çəkdiyi həvəskar videokadır aşağıda baxa bilərsiniz.

Bəs Nizami rayon İcra Hakimiyyətidə daxil olmaqla, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar, eyni zamanda Ekologiya və Təbii Sərvətlər nazirliklərini, paytaxt DYP-sini ram etməyi bacaran şəxs kimdir?

Ərazidə çalışan fəhlələrdən biri dedi ki...

Ardı növbəti yazımızda. Bizi izləyin.

Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərin də cavab haqqlarını tanıyırıq və dərc etməyə hazırıq.

Anons:  1. “Yeni parkın salınması ilə əlaqədar müvəqqəti narahatçılığa görə üzr istəyirik” lövhəsi asılmış ərazidə çalışan fəhlə dedi ki...
2. Həmin ərazi ilə üzbə - üz fəaliyyət göstərən restoran tikilərkən də eyni taktikadan istifadə edilib. 
3. “8 km” bazarının yanındakı dayanacaq nə üçün götürülüb?
4. Dayanacağın yerində inşa edilən obyektdən bir neçə metr kənarda dəmir torla sərhədlənmiş ərazinin sahibi kimdir? 
5. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və paytaxt DYP-si nədən susurlar? 
Ardı növbəti yazımızda. Bizi izləyin. Conflict.az

LEGİON.AZ