Dövlət xəstəxanasında korrupsiya baş alıb gedir
Bildiyiniz kimi, hələ bir neçə il öncə Respublika prezidenti İlham Əliyev dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verdi. Ancaq prezidentin bu göstərişinə baxmayaraq bəzi dövlət xəstəxanalarında tibbi xidmətlərin əksəriyyəti pul ilə həyata keçirilir.
Bu baxımdan Zərifə Əliyeva adına göz klinikasının problemləri də bu gün ölkə ictimaiyyətini narahat edən ən aktual məsələlərdən biridir. Təbii ki, bu aktuallığı şərtləndirən ən vacib cəhət xəstəxanada baş verənlərin vətəndaşlarımızın həm fiziki, həm də mənəvi durumlarına bilavasitə təsir etməsidir.
Ölkənin bu ən məşhur tibb müəssisəsində baş verənləri isə heç də proqressiv və ürəkaçan hallar kimi qiymətləndirmək olmaz. Çünki klinikada korrupsiya və rüşvətxorluq baş alıb getsə də müvafiq qurumların reaksiyası gözə dəymir.
Burada həkimlər qanunsuz olaraq pulu olmayan xəstələri əməliyyat etməkdən boyun qaçırırlar. Belə hallar dəfələrlə baş versə də, şikayətçilərin sayı gündən günə artsa da, nədənsə Səhiyyə Nazirliyi ölçü götürməyə tələsmir. Bu yaxınlarda bu klinakada həkimlərə hörmət gətirməyən hadisələrdən biri baş verib.
Zərifə Əliyeva adına göz klinikasının həkimləri klinikaya müraciət edən təqaüdçü S.Novruzovanı, pulu olmadığı üçün əməliyyat etməkdən boyun qaçırıblar.
Korrupsiya.az saytının verdiyi məlumata görə, vətəndaş S. Novruzovanı klinikanın şöbə müdiri Nurana xanım Şahin Məmmədova yönləndirib. Ş.Məmmədov onun gözlərini müayinə etdikdən sonra, hər iki gözündə mirvari suyu olduğu üçün gözlərinin əməliyyat olunmasının zəruriliyini bildirir və xəstənin əməliyyat olunması üçün mütləq şəkildə qeyd olunan müayinələrdən keçməsini tapşırır və bildirir ki, müayinələrdən keçdikdən sonra Sədaqət xanım 1 həftə ərzində əməliyyat olunacaq.
Sədaqət Novruzova bütün müayinələrdən keçmək üçün heç də az olmayan məbləğdə pul ödəməli olur. Bütün müayinələrdən keçdikdən sonra yenidən Şahin həkimin yanına gəlib. Şahin Məmmədov yaşlı qadına bildirib ki, köməkçisi Minə xanıma yaxınlaşaraq ondan əməliyyat haqqında məlumat alsın.
Həkimin köməkçisi ilə danışarkən, məlum olub ki, klinikada Şahin Məmmədov tərəfindən gözün lazerli əməliyyatı 800-1000 manata, sadə əməliyyat isə 500-600 manata həyata keçirilir. Vətəndaş S.Novruzova buna etiraz olaraq təqaüdçü olduğunu, cənab prezident İlham Əliyevin vətəndaşların pulsuz tibbi yardımla təmin olunmasına göstəriş verdiyini və klinikanın dövlət büdcəsindən maliyyələşdirildiyi üçün ondan pul tələb etmək haqlarının olmadığını diqqətə çatdıranda isə köməkçi Minə xanım ondan nə qədər pul vermək imkanında olduğunu soruşub. O isə cavabında 100 manat verə biləcəyini bildirib.
Minə xanım onu əməliyyat edəcəklərini söyləsə də həkim Ş.Məmmədov məbləğin az olduğunu bəhanə gətirərək xəstəni əməliyyat etməkdən boyun qaçırıb.
Belə olduğu halda vətəndaş S.Novruzova şöbə müdiri Nurana xanıma yaxınlaşaraq əməliyyat olunması üçün onu başqa həkimin qəbuluna yazmasını istəyib. Şöbə müdiri isə cavabında klinikanın bütün həkimlərinin Antalya şəhərində konfransda olduqlarını və klinikada hazırda Şahin Məmmədovdan başqa həkimin olmadığını qeyd edib. Sədaqət xanım şöbə müdirinə klinikada Rövşən adında bir həkimi də gördüyünü bildirib. Nurana xanım Rövşən həkimlə əlaqə saxlayaraq Şahin Məmmədovun hansısa səbəbə (pulunun olmadığına) görə əməliyyat etməkdən boyun qaçırdığı xəstəni müayinə etməsini xahiş edib. Amma xəstənin pulu olmadığını başa düşən həmin həkim də onu aldadaraq əməliyyata ehtiyac olmadığını və guya 3 ay dərmanlarla müalicə olunduqdan sonra gözlərinin əməliyyata hazır olacağını bildirib.
Deyirlər balıq başdan iylənər. İnanmaq çətindir ki, baş həkim baş veren bu bialbırçılıqdan xəbərsizdir. Əslində Zərifə Əliyeva adına göz klinikasında yer almış müxtəlif neqativ hallar, bu tibb müəssisəsində baş verən çeşidli qanun pozuntuları barədə uzun-uzadı danışmaq da olar, yazmaq da.
Amma klinakada cərəyan edən hadisələrdən cəmiyyətimizin böyük əksəriyyəti əziyyət çəkir və xəbərdardır. Ehtimal etmək olar ki, elə Səhiyyə Nazirliyi də məhz bu əksəriyyətə aiddir, lakin nazirliyin qaynar xəttinə edilən zənglər nəticəsində daxil olan şikayətə hələ əhəmiyyət verilməyib. Bəs onda görəsən, bu rüsvayçılığın qarşısını almaq üçün daha nəyi və nə qədər gözləməli olacağıq? Baş həkim problemləri həll etməkdənsə suallardan yayınmağa çalışır.
Mövzuya yenidən qayıdacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

LEGİON.AZ