Evi uçurulan köçkün ailəsi hələ də yağışın altında gecələyir – ŞİKAYƏT
Lent.az oxucuları Beyləqanda müvəqqəti məskunlaşmış məcburi köçkün Nurəddin Abbasxanovun problemi ilə tanışdır (http://news.lent.az/news/284742). Əslən Füzuli rayonundan olan 61 yaşlı N. Abbasxanovun ailəsini müvəqqəti məskunlaşdığı evdən məhkəmə yolu ilə çıxarıblar. Daha doğrusu, 1993-cü ildən bəri sığındıqları ev Beyləqan rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən bu ilin sentyabr ayının 19-da, onlar evdə olmayan vaxt dağıdılıb. Həmin gündən ailə küçədə qalır…
N. Abbasxanovun redaksiyamıza şikayəti əsasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlamışdıq. Komitənin rəsmi cavabında bildirilirdi ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında boş ev yoxdur. Bunun üçün onlar müvəqqəti məskunlaşdığı rayonun icra hakimiyyətinə müraciət etməlidirlər.
Beyləqan rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Qələndərov icra hakimiyyətindən Abbasxanov Nurəddin Abbasxan oğluna Füzuli rayonu ərazisində Zobucuq qəsəbəsində ev təklif olunduğunu, lakin ailənin Füzuliyə qayıtmaq istəmədiyini bildirmişdi. Ailə razılaşarsa, dərhal onları Zobucuq qəsəbəsində yerləşdirə biləcəklərini dönə-dönə vurğulamışdı.
Nurəddin Abbasxanovlara Beyləqan rayonu icra hakimiyyətindən bildirilən fikri söyləyincə, təəccübləndilər: “Belə bir şey olmayıb. Bizə nə Zobucuqda, nə başqa yerdə ev təklif etməyiblər. Ev təklif edirdilərsə, müvəqqəti yaşamağa çadır niyə göndərirdilər?”
Hazırda ailə çadırda yaşayır. Çadıra yağış yağır, bir azdan qar da yağacaq. Amma onlar 24 il əvvəlki kimi hələ də çadırda yaşayacaq. Çünki bu yaxınlarda onlara Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən daha bir məktub gəlib. Məktubda bildirilib ki, hazırda Beyləqan və Füzuli rayonları ərazisində yerləşən məcburi köçkün qəsəbəsində boş yaşayış sahəsi yoxdur.
Məktubu redaksiyamıza N.Abbasxanov təqdim edib. O, bildirib ki, ailəyə Zobucuq qəsəbəsində ev təklif olunması barədə deyilənlər şifahi bəyanatdan o yana keçmir: “Bizə ev təklif olunmayıb. Bu məktubda da yazılır ki, Beyləqan və Füzuli rayonları ərazisindəki köçkün düşərgələrində hazırda boş ev yoxdur”.
Beləliklə, qış qapını kəsdirib, bir köçkün ailəsi isə hələ də payızın bu soyuğunda çadırda gecələməyə məhkumdur…

LEGİON.AZ