Bələdiyyə sədri Şorsu sakinini aldadıb torpağını başqasına satdı? – ŞİKAYƏT
“Bizim müqaviləmizi gizlədib vermədi, sonra dedi ki, vergi verməyin, onsuz da hərrac olacaq”
Bələdiyyə sədri hərrac komissiyasını, hərrac komissiyasının sədri isə Bələdiyyəni “cavabdeh” göstərir.

“Şəki rayonu Şorsu bələdiyyəsinin sədri Samir Hacəliyev kəndin sakini Naibə Səfərovanı aldadaraq, 10 ildən çox istifadə etdiyi torpağı qondarma hərrac yoluyla Ağcabədi rayonu sakininə su qiymətinə satıb”.
Bu sözləri QAFQAZXEBER.AZ-a açıqlamasında Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov bildirib. O, qeyd edib ki, Naibə Səfərova illərlə Şorsu bələdiyyəsi ərazisində 10 hektar torpağı icarə əsasında əkib-biçib, bu müddətdə torpaq sahəsini daş-qaya parçalarından təmizləyib, bütün qanunlar çərçivəsində kiçik sahibkar kimi fəaliyyət göstərib, vergisini və icarə haqqını vaxtında ödəyib”.
“Lakin son aylarda bələdiyyə sədri Samir Hacəliyev vətəndaşın ərazidə işlərinə əngəl törədib, yəni ki, müqaviləni yeniləmək barədə onun müraciətinə bildirib ki, get arxayın həmişəki kimi torpağını şumla- toxumunu səp, müqavilədən heç də narahat olma, bağlayarıq. Nayibə Səfərova da olan olmazını verib taxıl toxumuna və texnikaya -sahəni şumlardırıb, malalatdırıb. Toxumu səpmək istəyəndə isə bələdiyyə sədri qəflətən peyda olub və toxumu səpməyə imkan verməyib ki, bəs bilirsinizmi, sizin torpaq sahəsi hərraca satışa çıxarılır.
Hərrac isə o torpağa iddiası olan vətəndaşın iştirakı olmadan keçirilib. O kəndə heç bir aidiyyəti olmayan Ağcabədi rayon sakininə cüzi qiymətə “hərrac yolu ilə satılıb”.
Digər tərəfdən, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri kobud surətdə pozulub, habelə, “razılaşdırılmış” iki nəfərdən başqa heç kimə o hərracda iştiraka imkan yaradılmayıb. İcarədar olan Səfərovlar ailəsindən isə ümumiyyətlə hərrac keçirilən günü gizlədiblər.  Açıq-aydın görünür ki, hərracın sifarişçisi Samir Hacəliyev “müştəri” ilə razılaşaraq, formal hərracda torpaq sahəsinin taleyini öz istədiyi kimi müəyyən edib. İllərlə o torpaq sahəsini əkib-biçən, abadlaşdıran, vergi ödəyən şəxslərsə qalıb kənarda”, – deyə İ.Abbasov vurğulayıb.
N.Səfərovanın oğlu Amil Səfərov isə qeyd edib ki, bələdiyyə sədri hələ ötən ilin dekabrından bəri onlara deyirdi ki, torpaq sahəsi hərraca çıxarılacaq. “Biz dəfələrlə ondan müqavilənin əslini istəmişik ki, onun əsasında icarə haqqını ödəyək. O, isə deyirdi ki, lazım deyil. Sonra bizim torpaq sahəsinə “Aqrolizinq”in traktoru gəldi. Kimin göndərdiyini soruşduqda, bizə Samir Hacəliyevin adını verdilər. Hacəliyev özü isə demişdi ki, “mən buyruq çöpüyəm”, məndən asılı deyil. Torpaq hərraca çıxarılacaq, iştirak edib alarsınız. Biz müqaviləni uzatmaq istədik, amma o, isə bizi aldadıb müqavilə bağlamadı və özü torpağı hərraca çıxarıb istədiyi “alıcı”ya da satdı. Bələdiyyə üzvlərinin xəbəri olmadan hərrac keçirdi, torpağı qondarma hərrac yoluyla Elman Bəşirov adlı Ağcabədi sakininə satdı ”, – deyə Amil Səfərov qeyd etdi. O, vurğuladı ki, oktyabrın 6-da onun atası Aydın Səfərov Şəki Regional Hərrac Komissiyasına ərizə ilə müraciət edib, lakin hərrac günü onu hərraca buraxmayıblar: “Atama dedilər ki, guya hansısa əlavə sənədlər çatmır. Əgər sənəd çatmırdısa, ərizəni niyə qəbul edirdiniz və oktyabrın 6-da onları demirdiniz? Atam 2-ci qrup əlildir, əsəbləri zəifdir. Dövlət Əmlak Komitəsinin Şəki rayon regional komisiyasının sədri Bağır Məsimov atamı əsəbləşdirib çölə çıxarmaq üçün müxtəlif bəhanələr etdi, sonra da telefonla kiməsə zəng edərək, atama torpağın artıq satıldığını dedi”. 
QAFQAZXEBER.AZ
 Şəki rayonu Şorsu bələdiyyəsinin sədri Samir Hacəliyevlə əlaqə saxladı. “Torpaq bələdiyyə mülkiyyətidir, amma hərracı regional komissiya keçirib. Məndən asılı heç nə yoxdur. Onlara bir ay əvvəl xəbər verilib, gəlib hərracda iştirak etməyiblər. Üstəlik, 2016-cı ilin vergisini verməyiblər. Siz Hərrac Komissiyası ilə əlaqə saxlayın, hərracı onlar keçiriblər. Mən heç kimlə razılaşmamışam”, – deyə bələdiyyə sədri bildirdi.
Regional Komissiya sədri Bağır Məsimov isə bələdiyyəni “cavabdeh” göstərdi.
“Torpaq bələdiyyənindir, bizsə sadəcə hərrac keçirmişik. Naibə Səfərova yanıma gəlmişdi, dedim sənədləri hazırla, hərraca qatıl. Amma onlar heç bir sənəd gətirmədilər. Hərrac günü gəliblər ki, biz hərracda iştirak etmək istəyirik. Mənim yazığım gəldi, amma qanunu tapdalaya bilmədim”, – deyə B.Məsimov QAFQAZXEBER.AZ-a bildirdi. O, Aydın Səfərovun oktyabrın 6-da ərizə verməsi faktını inkar etdi və bildirdi ki, Səfərovlar ailəsi tərəfindən hərracla bağlı heç bir ərizə təqdim olunmayıb.
Araşdırmamız davam edir.

Tamerlan Zeynallı

QAFQAZXEBER.AZ