“ATABANK”IN FİLİAL MÜDİRİNİN DƏLƏDUZLARLA İŞBİRLİYİ?..
Dövlət başçısından kömək istəyən Ağdam rayonundan olan məcburi kökçün ona qarşı külli miqdarda dələduzluq edildiyini iddia edir
Ağdam rayonundan məcburi kökçün, hazırda Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mk-r.n, Moskva prospekti, ev 70, mən. 28-də kirayədə yaşayan İfadə İsgəndər qızı Cəfərzadənin ((070) 884-32-34) “Təzadlar”a Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti xanım M.Əliyevaya, ədliyyə naziri cənab F.Məmmədova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab F.Ələsgərova, daxili işlər naziri cənab R.Usubova, Baş nazirin müavini cənab Ə.Həsəsnova, Baş prokuror cənab Z.Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab M.Quliyevə, Dövlət Sərhəd Xidmətinin rəisi cənab E.Quliyevə, Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab K.Əliyevə, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Bakı Şəhər Baş Polis İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin rəislərinə ünvanlı şikayət ərizəsi daxil olub.

Şikayət 03 dekabr 2015-ci ildə Nərimanov Rayon Polis İdarəsində AR Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə cinayət işi başlanmış Əsgərov Nazim Mahmud oğlu, Gözəlov Famil Qasım oğlu və “AtaBank” ASC-nin Xəzər filialının müdirinin qanunazidd hərəkətləri barəsindədir.
Şikayətçi yazır:

Hörmətli cənab Prezident!

Hörmətli 1-ci vitse-prezident Mehriban xanım!

Hörmətli cənablar!


Mən 1 fevral 1965-ci ildə Ağdam rayonunun işğal altında olan Boyəhmədli kəndində anadan olmuşam. 2006-cı ildən əvvəllər Təhsil Nazirliyinin nəzdində olan Uşaq bağçalarının Maddi-Texniki Bazasında anbar müdiri vəzifəsində çalışırdım. Gədəbəy rayonunun Şınıx kəndindən olan tibb təhsilli Əsgərov Nazim Mahmud oğlu isə bazanın müdiri idi. Mən Nazim Əsgərovla elə 2006-cı ildən xidməti iş vaxtı tanış olmuşdum. 2010-cu ildə N.Əsgərov mənə dedi ki, Badamdar qəsəbəsindəki villasını təmir etdirmək istəyir. O, təklif etdi ki, mən Binəqədi rayonu, Sulutəpə qəsəsbəsi, küçə 1, ev 8 ünvanında yaşadığım 2 mərtəbəli evimi “Ekspressbank”a girov qoyub 50 min manat kredit götürüb ona verim. Əvəzində, o, evdəki kirayəçi ərəblərdən mənə 100 min manat verəcəyinə söz verdi. Mən “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı “Eksperessbank”ın Nəsimi filialından nəzərdə tutulan məbləği girov müqabilində götürüb Nazim Əsgərova verdim. Bundan əvvəl isə o, mənim Biləcəri qəsəbəsindəki, sənədsiz ikimərtəbəli, 4 otaqlı evimi mənzilimi təklif etdi ki, gəl, evi satıb Rusiyada qazanclı iş görək. Və o, tanıdığı makler vasitəsilə evi satıb iş üçün qohumu Gözəlov Famil Qasım oğlu ilə birlikdə Rusiyaya getdilər. Nazim Əsgərova dedi ki, bütün pulları Rusiyada hansısa biznes üçün qoyublar. O, həm də bildirdi ki, narahat olmayım, Rusiyada qazanc əldə edib pulumu artıqlaması ilə qaytaracaq. Eyni zamanda, tezliklə qazanacağı pulla bankın borcunu bağlayacağını və qalanını isə mənə verəcəyini vəd etdi. Lakin bir müddətdən sonra bankdan mənə borcun qaytarılması üçün xəbərdarlıq zəngi olundu. Dərhal Nazim Əsgərova zəng edib banka olan borcumun tam ödənilməsini tələb etdim. O, bankdakı borcumu tam bağladı və evimi girovluqdan azad etdi. Elə həmin ərəfədə, daha doğrusu, 2013-cü il oktyabrın 17-də rayonda yaşayan qardaşım ağır xəstəlikdən vəfat etdi və mən Ağdama yas yerinə getdim. Mən rayonda olanda Nazim Əsgərov zəng etdi ki, bir günlük də olsa Bakıya gəlim, evimin mülkiyyət sənədlərini bankdan geri almaq üçün ona notarial qaydada etibarnamə verim. Oktyabrın 20-də (bazar günü) Bakıya gəldim. Nazim Əsgərov qohumu Famillə 43 saylı Notariat Kontoruna gedib danışdılar. Mən isə avtomobildə onları gözləyirdim. Etibarnamə hazır olduqdan sonra məni imzalamağa çağırdılar. Sonra da dərhal məni rayona yas yerinə yola saldılar.

Sonradan məlum oldu ki, Nazim Əsgərov və Famil “Ekspressbank”da girovda olan evimin sənədlərini baş etibarnamə əsasında götürüb və dərhal da (8 noyabr 2013-cü ildə) “AtaBank” ASC-nin Xəzər filialınının müdiri ilə (Familin yaxın dostu olan) gizli sövdələşmələr apararaq mənim adımdan Binəqədidəki evimi yenidən banka girov qoyub 95 min manat pul götürüblər. Sonradan sənədlər əsasında məlum oldu ki, 8 noyabr 2013-cü il tarixli “AtaBank” ASC-nin tərtib etdiyi İpoteka müqaviləsində mənim adımdan ipoteka qoyan etibarnamə əsasında mənim əvəzimə imzalayan Gözəlov Famil Qasım oğlu (Bakı ş. 4-cü mk/rn, Ə.İsgəndərov küçəsi, ev 3/1, mən. 51-də yaşayan, şəx.vəsiqəsi AZE N-06084954) olmuş, “Kredit alan” isə Nazim Əsgərov (Bakı, 9 mk-rn, Cavadxan küç. ev 3, mən. 42-də yaşayan, şəx. vəs. AZE N-08223781). Sonradan bankın Nazim Əsgərovun adına göndərdiyi bildirişlərdən məlum olur ki, əsas borcdan, faiz borcundan ödəmələrin vaxtında edilməsi tələb edilir. Baxmayaraq ki, ipoteka müqaviləsi üzrə kredit götürən Nazim Əsgərov bankın ödəniş cədvəlini şəxsən imzalayaraq öhdəlik götürüb.

Mülkümün bu adamlar tərəfindən dələduzluq yolu ilə banka girov qoyaraq əvəzində, pul götürərərk mənimsəmələrindən yalnız 2014-cü ilin əvvəlində xəbər tutdum. Belə ki, “AtaBank”ın Xəzər filialının problemli kredit üzrə mütəxəssisi Elşən adlı əməkdaşı mənə zəng edərək bildirdi ki, kreditin vaxtlı-vaxtında ödənilməsi lazımdır. Halbuki o vaxta qədər kredit ödənilməyib. Dərhal “AtaBank”ın 28 Mayda yerləşən mərkəzi ofisinə gedib Elşənlə görüşərək işin nə yerdə olduğunu soruşdum. Bir daha qeyd etdi ki, 15 dekabr 2013-dən sonra alınan kredit üzrə ödəniş yoxdur. Mən dərhal Nazim Əsgərova zəng edib niyə məndən xəbərsiz belə bir hərəkət etməsinin səbəbini soruşdum. Və dərhal bankın borcunun tam ödənilərərk evimin girovluqdan azad edilməsini tələb etdim. Sonra isə Famillə görüşdüm. O da dedi ki, nə qədər pul götürübsə, hamısını Nazimə verib, onluq bir iş yoxdur. Nazim isə bildirdi ki, narahat olmayım, oğlunu Rusiyaya aparıb müalicə etdirib (oğlu narkotikdən əziyyət çəkirdi), sonra qayıdıb gələn kimi bankın pulumu tam ödəyəcək. Lakin Nazim mənim bank məsələsindən xəbər tutduğumu biləndə Rusiyaya qaçdı və geri qayıtmadı.

Nazimin Rusiyadan qayıtmadığını görüb məqsədini anladım və 2015-ci ilin oktyabrında “AtaBank” ASC-nin yerləşdiyi Nərimanov rayonu üzrə Polis İdarəsinə mənə qarşı dələduzluq edən dəstə haqqında şikayət ərizəsi təqdim etdim. Nərimanov rayon Pİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Elşən Zamanov fakt üzrə CM-nin 178.3.2-ci maddəsilə 150060444 saylı cinayət işinin başlanması barədə 03 dekabr 2015-ci il tarixində qərar qəbul etdi. Lakin bu işin nəticəsi haqqında mənə bugünə kimi heç bir məlumat verilməyib.

Bu arada, yəni 2015-ci ilin fevralında pulun ödənmədiyini görən “AtaBank” ASC-nin Xəzər filialının müdiri əvvəlcədən Nazim-Famil dəstəsi ilə gizli sövdələşdiyi kimi, ödənişin aparılmadığı 13-cü ayın başında məni və kredit alan Nazim Əsgərovu Binəqədəi rayon Məhkəməsinə verərək əsas və faiz borclarının ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etdi. İddia 15 sentyabr 2015-ci il tarixli qətnamə əsasında təmin edildi və 2016-cı ildən icraata yönəldildi. Mənə məxsus mülkün açıq hərracda satılaraq borcun tam ödənilməsi üzrə icra işləri hazırda davam etdirilir. Maraqlı burasındadır ki, Bankın “Xəzər” filialının müdiri əvvələr də belə maxinasiya hallarına görə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaqa cəlb edilib və sonradan vəzifəsindən azad edilib. Yəni 48 ay müddətinə verilmiş 95000 manat pulun bank müdiri tərəfindən 13 aydan sonra geri tələb edilməsi üçün əvvəlcədən planlaşdırılan plan üzrə real bazar dəyəri 400 min manat olan əmlakımı ələ keçirilmək məqsədi daşıyıb. Yoxsa ki, borcun qaytarılma müddətinin 2017-ci ilin noyabrın 15-dək təyin olunmasına baxmayaraq, bank müdirinin niyə belə tez-tələsik əl-ayağa düşməsini anlamaq çətin deyil. Bəlkə kredit götürən və milyonlarla ölçülən var-dövlətə sahib olan Nazim Əsgərov, özünün də dediyi kimi, borcu tam bağlamaq istədi?! O zaman 4 illliyə verilmiş krediti 2 il vaxt keçməmiş dərhal ödənilməsini məhkəmə qaydasında tələb etməyin anlamı nədir? Deməli, Nazim-Famil və onun dostu olan bankın filial müdiri mənim, yəni mülkün sahibinin xəbəri olmadan əvvəlcədən gizli sövdələşərək “hər kəs öz payını götürsün” prinsipi ilə dələduzluq etmişlər.
Mən məcbur olub 2017-ci ilin fevralında Nazim Əsgərovun arxasınca Rusiyaya getdim və görüşərək bank məsələsini tezliklə yoluna qoymasını istədim. O yenə söz verdi ki, bankın pulunu iki dəfəyə – bu ilin martında, qalan hissəsini isə avqust ayına qədər ödəyib qurtaracaq. Lakin yenə də o məni aldatdı, pulu ödəmədi. İkinci dəfə 2017-ci ilin avqustunda yenə onun arxasınca Rusiyaya getdim, lakin onu tapa bilmədim. Bu müddət onunla telefon əlaqəsi saxlayarkən məni ölümlə hədlədi, dediki, bu işin arxasınca az düşüm, yoxsa məni məhv edəcək. Narkotik qəbul edən oğlu da 6-cı sinifdə oxuyan oğluma zəng edərək hədləyib ki, səni özüm gəlib öldürüm, yoxsa başqasını göndərim?!

Nazim Əsgərov 2014-cü ilin fevralından 2017-ci il sentyabrın 25-dək Rusiyada gizlənib və vəziyyətin sakitləşdiyini yəqin etdikdən sonra bu yaxınlarda Azərbaycana qayıdıb və yaxın qohumlarının verdiyi məlumata görə, hazırda doğma yurdu olan Gədədbəy rayonun Slavyanka kəndindəki 0,6 ha ərazidə inşa etdirdiyi əzəmətli imarətində yaşayır və qonşu Qoşabulaq kəndində əvvəllər quraşdırdığı su sexində yenidənqurma işlərinə başlayaraq biznesini genişləndirməklə məşğuldur. Nazim Əsgərov 2014-cü ilin əvvəlində Rusiyaya qaçdıqdan sonra Bakıda, Qubada və Gədəbəydə olan çoxsaylı daşınmaz mülklərini baş etibarnamə göndərməklə arvadının və yaxın qohumlarının adına rəsmiləşdirib. Fikirləşib ki, etdiyi dələduzluq əməlinə görə sabah qanun qarşısında cavab verəcəyi halda, mənim kimi aldatdığı adamların hesabına milyonlarla manat dəyərində olan mülkləri əlindən çıxmasın.


Nazim Əsgərovun mülkləri barədə:


1. Səbail rayonu, Badamdar qəsəbəsi, Nəzərov küç. ev 42 ünvanda 0,30 ha torpaq sahəsi üzərindəki 4 mərtəbəli (dəyəri 2 milyon manatlıq) villası. Hazırda ərəblərə ayı 12 min manata icarəyə verilib;
2. Nəsimi rayonu, Cavadxan küçəsi, ev 3, mən 42-də yerləşən 4 otaqlı mənzili;
3. Badamdara qəsəbəsində “Talışlar” məhlləsində yerləşən 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 4 otaqlı mənzil;
4. Baldızının həyat yoldaşının (mühafizəçidir) adına rəsmiləşdirdiyi Quba rayonundakı torpaq sahəsi və villası;
5. Gədəbəy rayonunun Slavyanka kəndində 0,6 ha torpaq sahəsi üzərindəki möhtəşəm villası;
6. Bakıda “Gənclik” metro-st. yaxınlığındakı “Caspian Shopping”də 90 kv.m-lik şəxsi mağazası;
7. Badamdar qəsəsbəsində, Nəzərov küç. ev 42-də villasının yanında yerləşən “Nicat” marketi (oğlunun adına rəsmiləşdirib);
8. Gədəbəy rayonunun Qaralar kəndində böyük su sexi və s.


Nazim Əsgərov 2010-cu ildən sonra heç bir yerdə işləmir, ixtisasca sanitar-həkimdir. Qaynı Faiq vaxtilə Bakı Şəhər İcra Hakimiyyətində H.Abutalıbovun müavini işləyib və törətdiyi bir sıra qanunsuz əməllərə görə Rusiyaya qaçıb.

Hörmətli cənab Prezident!

Hörmətli 1-ci vitse-prezident Mehriban xanım!

Hörmətli cənablar!


Dələduz dəstənin rəhbəri Nazim Əsgərov barəsində 03 dekabr 2015-ci ildən CM-nin 178.3.2 maddəsi üzrə cinayət işi başlasa da, o sərbəst şəkildə hazırda Gədəbəy rayonunda su biznesi ilə məşğuldur. Sizdən xahiş edirəm ki, Nazim Əsgərov və dəstəsi yenidən Azərbaycanı tərk etməmiş tez bir zamanda qanun qarşısında cavab verməsi üçün (mənə vurduğu ziyanın ödənilməsi) aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göstəriş verə və bu işi şəxsi nəzarətinizdə saxlayasınız.
Əvvəlcədən təşəkkürümü bildirirəm!”
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

LEGİON.AZ