Nizami Bələdiyyəsinin sədri əlil və pensiyaçılardan zorla pul yığdırır? – ARAŞDIRMA
“Vüqar Quliyev Qurban bayramında işçilərə qol çəkdirib, bizə və şəhid ailələrinə ayrılan ət paylarnı öz tanış və dostlarına gönrərirdi”

Bələdiyyədən Elxan Əmrahovun sözlərinin bir qismini təsdiqlədilər


Oktyabrın 10-da QAFQAZXEBER.AZ saytında Nizami Bələdiyyəsinin sabiq işçisi Elxan Əmrahovun Nizami RİH başçısı Arif Qasımova ərizəsinin mətni dərc edilmişdi.
Həmin müraciətdə deyilirdi: “Mən 18.01.2016-cı ildən  28.06.2017-ci ilədək Nizami Bələdiyyəsində işləmişəm. Aylıq plan ödənişinə görə mənim işimə xitam verdilər. Məndən aşağı plan ödəyənlər illərdir hələ də işləyirlər. Komisiya Sədri Heydər müəllim mənə dedi ki, sədr səni işdən çıxartmaq istəyir. Ağsaqqalına de sədirmizə zəng vurub xahiş eləsin ki, çıxartmasınlar işdən. Sədr deyib ki, icra başçısı Arif Qasımov bildirib: kim  planı ödəyə bilmir işdən çıxardın. Bu sözləri sədr Vüqar Quliyev bir neçə dəfə iclaslarda sizin adınızla müfəttişlərə deyib: İcra başçısı bizdən plan tələb edir. Plan ödəməyən işdən çıxardılsın.
Mən isə Heydər müəllimə dedim ki, Arif müəllim inanmıram bu sözləri desin. Sizlər Arif Qasımovun adıyla deyirsiz. Mənim sözümdən sonra bir ay keçməmiş işdən çıxartdılar. Sizin qəbulunuza gəlmişdim, buraxmadılar -Nizami rayonunun sakini olmadığım üçün.  İyirmi ilə yaxın Nizami rayon sakini olmuşam. İşə qəbul olanda həmin rayonun sakini idim. İşdən çıxartmamış şəxsiyyət vəsiqəmin sürətinə də alıb baxmışdılar. Sonradan Vüqar Quliyev məni qəbul eləmədi ki, sən bizim rayon sakini deyilsən.
Mən ixtisasca memaram. Sənətimin öhdəsindən layiqincə gəlirəm. Bir neçə ildir Bələdiyyədə memar yeri boşdur. Hal-hazırda vakansiya var. Sizdən xaiş edirəm ki, ixtisasım üzrə Bələdiyyədə işləməyə mənə kömək edəsiniz”.
Oktyabrın 30-da QAFQAZXEBER.AZ əməkdaşı Elxan Əmrahovla əlaqə saxlayaraq, məsələnin nə yerdə qaldığını soruşdu.
Elxan Əmrahov bildirdi ki, hələ avqust ayında Nizami RİH-dən problemin həllinə dair yardımçı olacağı bildirilsə də, hələ heç bir nəticə yoxdur.
“Mən Nizami bələdiyyəsində işləyərkən, çox haqsızlıq və qanunsuzluq gördüm. Mən adi işçiydim, amma getdikcə sədr Vüqar Quliyevin, müavini Heydər Rəhimovun və vergi şöbəsi müdiri İlham Mirzəyevin əməllərini görürdüm, hər hansı fikir dedikdə ağır şəkildə danlanırdım… və beləcə bu mühitə qarşı  ikrahım yaranırdı. Onlar bizi məcbur edirdi ki, imkanı olmayan, kasıb, əlil və hətta şəhid ailələrindən zorla pul alaq, təki plan ödənsin. Hər ay 800-1000 manat arası planımız var idi. Vergi və sosial sığorta ödənişlərini çıxanda isə aylıq maaşımız 150-200 manat arası olurdu. Vətəndaşlara 30 faiz güzəşt nəzərdə tutulduğu halda, çox vaxt bizə deyilirdi ki, çox alın… Şəhid ailələri, müharibə veteranları vergidən azad olduğu halda, onların da qapısına göndərilirdik”, – deyə E.Əmrahov bildirdi.
Ondan narazılığını dilə gətirib-gətirmədiyini soruşduq. “Dəfələrlə iclasda bunu bildirmişdim, əvəzində rəhbərlik və birbaşa Vüqar Quliyev tərəfindən sərt reaksiya görmüş, “məni maraqlandırmır, plan ödənilsin” sözlərini eşitmişdim. Son zamanlar isə evlərə “faizli” bildirişlər göndərilir. Belə ki, köhnə borclara görə əhalidən faiz tələb olunur. İnsanlarımızın çoxu sadəlövhdür, qanunları yaxşı bilmir, Nizami Bələdiyyəsi isə bundan istifadə edir. Obyektlərdən isə vergi ikiqat, üçqat alınır. Hər ay Nizami Bələdiyyəsinin büdcəsində ən az 30-35 min AZN pul toplanır. Bu məbləğ bəzi aylarda 50 minə də çatıb. Guya bu puldan bələdiyyə ərazisində abadlaşdırmaya, aztəminatlı ailələrə yardımlara yönəldilməli idi. Amma Vüqar Quliyev bu pulları özünün bəzi işçilərlə keçirdiyi məclislərə, bağ evlərinə xərcləyir. Şəhid ailələri, aztəminatlı ailələr və işçilərə yardım adıyla bayramlarda ayrılan pullar mənimsənilirdi. O qədər pensiyaçılar gəlib günlərlə Vüqar Quliyevi axtarırdı, orda ola-ola yanına buraxmırdılar. Hansı yardımdan söz gedə bilər ki? Vüqar Quliyev Qurban bayramında işçilərə qol çəkdirib, bizə və şəhid ailələrinə ayrılan ət paylarnı öz tanış və dostlarına gönrərirdi. Bələdiyyənin yeməkxanasında isə durum çox acınacaqlıdır. Şəxsən, orda yemək yeyəndən sonra mədəm xəstələndi və müalicə almalı oldum. Vüqar Quliyevə yaxınlığıyla tanınan ümumi şöbə müdiri Miralə xanım köhnə ət və vaxtı keçmiş ərzaqlardan yemək hazırlatdırır, narazılığımızı deyəndə isə bizim üstümüzə şığıyır, aqressiv reaksiya göstərirdi. Adi yeməyə görə belə, bələdiyyə rəhbərliyi pul xərcləmək istəmir, vergiyığanlara ikinci kateqoriyadan adamlar kimi yanaşırdı. Mən ora qayıtmasam belə, istəyirəm ki, cəmiyyətimiz və ölkə rəhbərliyi həqiqətləri bilsin, Nizami Bələdiyyəsindəki özbaşınalıqlarla bağlı tədbir görülsün. Mən həmişə haqqı deyirdim deyə, məni “qaralayıb” uzaqlaşdırdılar. Lakin inanıram ki, dövlətimiz və aidiyyatı orqanlar dediyim faktları araşdıracaq, Vüqar Quliyevin özbaşınalığına son qoyacaq”, – deyə E.Əmrahov vurğuladı.
Biz məsələylə bağlı Nizami Bələdiyyəsində şöbə müdiri çalışan İlham Mirzəyevlə əlaqə saxladıq. O təsdiq etdi ki, E.Əmrahov planı yerinə yetirə bilmədiyinə görə, işdən kənarlaşdırılıb. “O adam minimum 800 manat gətirməlidir ki, vergisini və sosial ödənişləri çıxanda 150 manat maaş ala bilsin”, – deyə İ.Mirzəyev bildirdi.
“Onun əlillərdən, şəhid ailələri və təqaüdçülərdən vergi alınması, faiz tələb olunması barədə iddiaları da var”, – deyə bildirdik.
“O vətəndaşlardan 30 manatı çıxırdıq, sonra vergi alırdıq. Faiz isə qanuna uyğundur. Faiz tələb etməyimiz qanunsuz deyil”, – deyə İ.Mirzəyev cavab verdi.
Nizami Bələdiyyəsinin sədr müavini Heydər Rəhimov isə bizə kadrlar şöbəsinə müraciət etməyi məsləhət gördü: “Şərtləri yerinə yetirə bilməyib, çıxarmışıq. Onun dedikləri yalandır”.
Qafqaz Hüquq Mərkəzinin rəhbəri İlqar Abbasov
 isə bildirdi ki, bütün vətəndaşlara 30 faiz güzəşt nəzərdə tutulub. “Lakin əlillər, müharibə veteranları, şəhid ailələrinə 30 manat güzəşt nəzərdə tutulub. Əgər vətəndaşın mənzil sahəsini hesablayanda 30 manatdan artıq pul etmirsə, deməli, vətəndaş ödənişdən azaddır. Əgər vergilər qanuni alınıbsa, çeklərə baxmaq istərdim”, – deyə hüquqşünas vurğuladı.
İlham Mirzəyevin sözlərini qafqazxeber.az-a şərh edən Elxan Əmrahov bildirdi ki, 30 manat çıxanda bələdiyyəyə əlavə pul ödəmək üçün, gərək əlil və şəhid ailələrinin əmlakı 150 kvadrat metrdən artıq olsun.
Tamerlan Zeynallı

QAFQAZXEBER.AZ