Bələdiyyə sədri jurnalisti təhdid etdi: “Sizin nömrəni verəcəm hüquq mühafizə orqanlarına”
Samir Hacəliyev daha kimləri təhdid və şantajla susdurub?
Bu günlərdə QAFQAZXEBER.AZ saytında Bələdiyyə sədri “Şorsu sakinini aldadıb torpağını başqasına satdı? – ŞİKAYƏT” başlıqlı yazı dərc olunmuşdu.

Sözügedən yazıda bələdiyyə sədri Samir Hacəliyevdən narazı olan şikayətçi Naibə Səfərovanın problemi dərc olunmuşdu.
Xatırlatma: Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov bildirib ki, Naibə Səfərova illərlə Şorsu bələdiyyəsi ərazisində 10 hektar torpağı icarə əsasında əkib-biçib, bu müddətdə torpaq sahəsini daş-qaya parçalarından təmizləyib, bütün qanunlar çərçivəsində kiçik sahibkar kimi fəaliyyət göstərib, vergisini və icarə haqqını vaxtında ödəyib.
“Lakin son aylarda bələdiyyə sədri Samir Hacəliyev vətəndaşın ərazidə işlərinə əngəl törədib, yəni ki, müqaviləni yeniləmək barədə onun müraciətinə bildirib ki, get arxayın həmişəki kimi torpağını şumla- toxumunu səp, müqavilədən heç də narahat olma, bağlayarıq. Nayibə Səfərova da olan olmazını verib taxıl toxumuna və texnikaya -sahəni şumlardırıb, malalatdırıb. Toxumu səpmək istəyəndə isə bələdiyyə sədri qəflətən peyda olub və toxumu səpməyə imkan verməyib ki, bəs bilirsinizmi, sizin torpaq sahəsi hərraca satışa çıxarılır.
Hərrac isə o torpağa iddiası olan vətəndaşın iştirakı olmadan keçirilib. O kəndə heç bir aidiyyəti olmayan Ağcabədi rayon sakininə cüzi qiymətə “hərrac yolu ilə satılıb”.
Digər tərəfdən, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri kobud surətdə pozulub, habelə, “razılaşdırılmış” iki nəfərdən başqa heç kimə o hərracda iştiraka imkan yaradılmayıb. İcarədar olan Səfərovlar ailəsindən isə ümumiyyətlə hərrac keçirilən günü gizlədiblər. Açıq-aydın görünür ki, hərracın sifarişçisi Samir Hacəliyev “müştəri” ilə razılaşaraq, formal hərracda torpaq sahəsinin taleyini öz istədiyi kimi müəyyən edib. İllərlə o torpaq sahəsini əkib-biçən, abadlaşdıran, vergi ödəyən şəxslərsə qalıb kənarda”, – deyə İ.Abbasov vurğulayıb.
Həmçinin, Naibə Səfərovanın oğlu Amil Səfərovun da sözləri yazıda verilmiş, daha sonra Hərrac üzrə Regional Komissiyanın sədri Bağır Məsimov və Şorsu Bələdiyyəsinin sədri Samir Hacəliyevdən açıqlama alınaraq, onların mövqeyi dərc olunmuşdu.
Yazıdan bir neçə gün keçdikdən sonra, bələdiyyə sədri Samir Hacəliyev bizim əməkdaşa zəng edərək, “şəklimi yazıda vermisiz, yalandan yazmısız ki, guya torpağı satmışam, düz eləməmisiz” kimi sözlərlə ittihamlara başladı.
“Mən sizin suallarınıza cavab verdim, siz də götrüb yazını sayta verdiniz”, – deyə bələdiyyə sədri absurd cümlə işlətdi.
Əlbəttə, yazı sayta getməli idi, radioya yox. Və yaxud, əməkdaşımız Samir Hacəliyevlə söhbəti öz memuarlarında qeyd etmək üçün aparmırdı. Ümumiyyətlə, Samir Hacəliyev bizim əməkdaşa lazım da deyildi… Jurnalist kimi işini görüb, özünü təqdim edib və açıqlama alıb.
Əməkdaşımız mədəni danışdıqca, Samir Hacəlieyv daha da “uzaqlara gedərək”, Prezidentin tapşırıqlarını yerinə yetirdiyini dedi və əlavə etdi ki, bu yazıdan sonra kənd içində işləyə bilməyəcək.
Əlbəttə, biz inanmadıq ki, Samir Hacəliyevin bir yazılıq canı var, lakin onu sakitləşdirmək üçün əlimizdən gələni etdik. Biz ona izah etdik ki, jurnalist heç bir replikaya, haşiyəyə, müəllif fikrinə yol verməyib…
Lakin S.Hacəliyev yenə də bizim əməkdaşı onu biabır etməkdə ittiham etdi. Sonda bələdiyyə sədrindən soruşduq: “Sizə necə kömək edə bilərik?”.
“Mən sizin nömrəni hüquq mühafizə orqanlarına verəcəm, deyəcəm ki, oğlan zəng etdi, ondan sonra belə oldu” deyən bələdiyyə sədri dəstəyi atdı.
Üzümüzü Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralova və onun tabeliyində çalışan şəxslərə tutub demək istəyirik ki, artıq Samir Hacəliyevin hansı şər-böhtanla Sizə müraciət edəcəyini təxmin edirik… lakin xahiş edərdik ki, həmin şəxsin fəaliyyəti yaxşı araşdırılsın, daha kimləri şantaj və təhdidlə susdurduğu müəyyən olunsun.
Tamerlan Zeynallı

QAFQAZXEBER.AZ